Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıblar- FOTO

© Photo : State Border Service of Azerbaijan RepublicSərhədçilər tərəfindən götürülən silah və narkotik
Sərhədçilər tərəfindən götürülən silah və narkotik - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
İrandan Azərbaycana 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
BAKI, 18 may — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlər Dövlət Sərhəd Xidmətinin (DSX) "Horadiz" və "Göytəpə" sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram olan narkotik maddələrin və 4000 ədəd psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
© Photo : State Border Service of Azerbaijan RepublicSərhədçilər tərəfindən götürülən narkotik
Saxlanılan - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Sərhədçilər tərəfindən götürülən narkotik
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, mayın 12-də saat 00:30 radələrində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb. Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 400 qram narkotik vasitə - marixuanaya bənzər maddələr aşkarlanaraq götürülüb.
Mayın 15-də saat 02:20 radələrində "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulduğunu müəyyənləşdiriblər.
Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadı tərəfindən "Dayan!" əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq olmasından istifadə edərək geriyə - İran İslam Respublikası istiqamətinə qaçıblar.
© Photo : State Border Service of Azerbaijan RepublicSərhədçilər tərəfindən götürülən narkotik
Saxlanılan - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Sərhədçilər tərəfindən götürülən narkotik
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 79 kiloqram 595 qram olan narkotik vasitə (45 kq 580 qram heroin, 27 kiloqram 940 qram marixuana, 3 kiloqram 665 qram metamfetamin, 2 kiloqram 410 qram tiryək) və psixotrop tərkibli 4000 ədəd "metadon-40" həbi aşkarlanaraq götürülüb.
Mayın 17-də saat 01:40 radələrində "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb.
Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, xidməti itlər cəlb edilməklə sərhəd pozucularının axtarışı həyata keçirilib. Həmçinin hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.
Sərhəd naryadı tərəfindən "Dayan!" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
© Photo : State Border Service of Azerbaijan RepublicSərhədçilər tərəfindən götürülən narkotik
Saxlanılan - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Sərhədçilər tərəfindən götürülən narkotik
Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun olaraq, silah tətbiq edilib. Qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin sıx meşəlik, dağlıq və hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.
Ərazidə aparılmış axtarış tədbirləri zamanı qaçaqmalçılar tərəfindən atılmış 3 bağlamanın içərisində ümumi çəkisi 17 kiloqram 500 qram olan narkotik vasitə, atışa hazır vəziyyətdə olan AKM-74 markalı silah, 20 patron, gecəgörmə cihazı və 40 qutu "KENT" markalı siqaret aşkarlanaraq götürülüb.
Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinə yaxın ərazidə bir nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Hazırda həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilir.
Faktlarla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0