CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Laçını ən son tərk edən rayon sakini: "Düşünürdük ki, tezliklə qayıdacağıq"

© Sputnik / Maksim Blinov / Mediabanka keçidLaçın
Laçın - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Səyyaf Məmiyev doğma torpağına qayıdacağı günü həsrətlə gözləyir. Deyir ki, nə ev, nə də komfortlu həyat istəyir. Onun tək arzusu Laçında çadır qurub yaşamaq və orada kənd təsərrüfatı ilə məşğul olmaqdır.
BAKI, 18 may — Sputnik. 18 Aprel 1992-ci il... Bu tarix Laçının işğal günüdür. Düz 30 il əvvəl Azərbaycanın cənnət məkanı sayılan Laçın erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Laçın son 30 ildə ikinci dəfə işğal tarixini azadlıqda qeyd edir. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən, 1 dekabrda Ermənistan silahlı birləşmələri Laçın rayonunu boşaldaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib. Bu gün o torpaqlar azaddır. Amma biz o tarixi unutmamalıyıq. Həmin tarixi yaşayanların xatirələri gələcək nəsillər üçün bir tarixdir.
© Photo : Facebook / Səyyaf MəmiyevSəyyaf Məmiyev
Səyyaf Məmiyev - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Səyyaf Məmiyev
Səyyaf Məmiyev Laçın rayonundandır. Oranı ən son tərk edən rayon sakinidir. Deyir ki, doğma ocağından bu qədər uzaq qalacağını heç vaxt ağlına gətirməzdi. May ayının 17-də öz doğma şəhərini tərk edən Məmiyev deyir ki, oradan çıxanda, sanki, tezliklə qayıdacağını düşünürmüş. Amma bu düz 30 il çəkib:
"Biz oradan elə çıxmışdıq ki, düşünürdük ki, tezliklə qayıdacağıq. İnsanlar düşünmürdülər ki, onların torpaqları bu qədər işğal altında ola bilər. Ona görə də oradan çıxanda heç nə götürmədik".
Laçın həsrəti ilə yaşayan müsahibimiz bildirir ki, torpaqlarımızın işğalı orduda nizam-intizamın olmaması ilə bağlı olub:
"Laçın rayonu ərazisində təşkil olunmuş yerli ərazi özünümüdafiə batalyonu var idi. Həmin batalyonun komandiri Arif Paşa idi. Azərbaycan ordusunun ilk bünövrəsini Arif Paşa qoydu. "Əsgər Marşı" da ilk dəfə Laçında oxunub. Müdafiə dəstəmiz çox yaxşı idi. Müharibə gedən dövrdə onu komandirlikdən azad etdilər, pərakəndəlik yaratdılar. Mərkəzləşdirilmiş ordu yaratmaq istədilər, amma daha da pis oldu. Şuşa işğal olundu, iki gün keçmədi ki, Laçından köç başladı".
Müsahibimiz mərhum jurnalist Çingiz Mustafayevin "Kişi deyilsiniz, qayıdın, hara gerisiniz?" sözlərini səsləndirdiyi videonu xatırladır:
"Orada da görünür. Ordu camaatla birlikdə qaçır. Laçının polislərini Qubadlı istiqamətinə göndərdilər. Bir növ bu da pərakəndəliyə yol açdı. Bizim ən yüksək zirvələrimizdə toplar var idi. Oradan topları endirdilər ki, oradan atmaq olmaz. Beləliklə həm Şuşa tərəfdən, həm də Ermənistan tərəfdən bizə hücumlar başlandı".
Digər qarabağlılar kimi Səyyaf müəllimin də valideynləri Vətən həsrəti ilə dünyadan köçüblər. Müsahibmiz uzun illər Laçından qayıtdığı geyimlərlə yaşayıb. Deyir ki, başqa yerdə ev tikmək istəmir. Onun yeganə arzusu öz doğma vətəninə qayıtmaqdır:
"Elə bilirdim ki, yeni paltar geyinsəm, hamı deyəcək ki, "torpağı düşmənin əlindədir, özünə yeni paltar alır". 2000-ci ilə qədər köhnə paltarlarla gəzirdim, utanc hissi keçirirdim. Halbuki bunun günahkarı biz deyildik. Biz son günə qədər mübarizə apardıq. Çox şükür ki, bu damğadan canımız qutardı".
2015-ci ildə ermənilər Laçından bir foto paylaşmışıblarmış. Həmin foto Səyyaf müəllimin evinin önündə çəkilib:
"O fotonu görəndə keçirdiyim hisləri dilə gətirmək çox çətindir. Prezident o vaxt kəndlərin azad olunduğunu elan edəndə kişilər də ağlayırdı. Bəziləri bunu şou adlandırırdı. Amma bu şou deyildi. Kişilər belə, uşaq kimi sevinirdi. Sözlə ifadə etmək çətindir".
Qeyd edək ki, Səyyaf Məmiyev kinorejissor Amil Amalın atasıdır. Amil Qarabağ mövzusunda lentə alınmış "Qara bağ", "Titrəmə" və "Dəhlizdə" adlı filmlərin müəllifidir.
Həmsöhbətimiz deyir ki, müharibə, qaçqınlıq həyatı təkcə yaşlı insanları deyil, uşaqlarda da psixoloji travma yaradıb:
"Amilin "Qara bağ" filminə baxanda anladım ki, oğlum nə qədər iztirab çəkib. Yanvarda bir status yazmışdı. "Qara bağ" filminə və qaçqın uşaqlar haqqında olan statusuna qədər bunun fərqində deyildim".
Birinci Qarabağ savaşında doğmalarını itirən S.Məmiyev deyir ki, İkinci Qarabağ savaşı da onlara təsirsiz ötüşməyib. Məmiyevin kürəkəni çox ağır yaralanıb:
"Kürəkənim hərbi həkimdir. Müharibə gedən vaxt, oktyabrın 16-da ağır yaralandı. Yaralıları döyüş zonasından çıxaranda təcili yardım maşını tank əleyhinə minaya düşmüşdü. Yeganə sağ qalan kürəkənim oldu. Bütün bədəni yanmışdı. "Yaşat" fondunun xətti ilə Türkiyədə müalicə olundu".
* Meta məhsullarının fəaliyyəti ekstremist kimi tanınıb və Moskvanın Tver Məhkəməsinin 21.03.2022-ci il tarixli qərarı ilə Rusiyada qadağan edilib.
Xəbər lenti
0