Baş nazir beynəlxalq sərgilərlə tanış olub - FOTO
© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanBaş nazir Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub
Abunə olmaq
Kənd təsərrüfatı sahəsində rekord sayda milli və regional stendlərin nümayiş olunduğu sərgilərdə 450-yə yaxın şirkət təmsil olunub.
BAKI, 18 may — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərlə bağlı məlumat verib. Bildirilib ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida sənayesi məhsullarının təşviqi, həmçinin bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətinin cəlb edilməsidir. Məlumat verilib ki, sərgilərdə dünyanın 24 ölkəsini təmsil edən 449 şirkət iştirak edir.
Burada, eyni zamanda, artıq icrasına başlanılan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunur.
© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanBaş nazir Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub
Baş nazir Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub
Baş nazir Ə.Əsədov Kənd Təsərrüfati Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin, həmçinin müxtəlif ölkələrin pavilyonları ilə tanış olub.
Tanışlıq zamanı Baş nazir Ə.Əsədov Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kırışçı, həmçinin İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə söhbət edib.
Qeyd edək ki, "Caspian Agro" Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Rekord sayda milli və regional stendlərin nümayiş olunduğu builki sərgilərdə 101-i yerli, 348-i xarici şirkət olmaqla ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edir. Sərgi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğruldub. Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirib.
© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanBaş nazir Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub
Baş nazir Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub
Bu il "Caspian Agro" sərgisi "ağıllı kənd", süni intellekt, IT xidmətləri, pilotsuz uçuş aparatları (dronlar) kimi bölmələri əhatə edən "Smart Agro" istiqamətini təqdim edir. Sərgi çərçivəsində "Smart Agro: Kənd təsərrüfatında innovasiyaların təbliği" mövzusunda konfrans keçirilib. Sərgidə "Smart Agro" çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağda həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunub.
Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər. Bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.
15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2022" və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2022" sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgilər mayın 20-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.