Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti: "Aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir
İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan mümkün ən tez bir zamanda sülhə nail olmaq istəyir.
BAKI, 18 may - Sputnik. "İkinci Qarabağ müharibəsinə gəldikdə, bildirmək istərdim ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
"Biz təxminən 30 il danışıqlara sadiq qaldıq, lakin onlar sıfır nəticə verdi. Uzun müddət ərzində mən şəxsən hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdım. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi.
Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etməli oldu. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur.
İndi isə biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılmışdır və yerlə-yeksan edilmişdir. Beynəlxalq ekspertlər azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar. Lakin Hirosimada olduğu kimi, burada dağıntılar atom bombasına görə olmamışdır, işğal zamanı barbar və vandallar tərəfindən həyata keçirilmişdir. İndi isə yenidən demək istəyirəm ki, biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik", - Prezident İlham Əliyev qeyd edib.
"Eyni zamanda, biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub", - dövlət başçısı əlavə edib.
O, vurğulayıb ki, buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır.
"Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.
Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur", - İlham Əliyev qeyd edib.
"Azərbaycan hər zaman öhdəliklərə sadiq olub" - Prezident əlavə edib.
"Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur", - İlham Əliyev vurğulayıb.
Xəbər lenti
0