Dövlət qulluqçularından narkoloji testdən keçmək tələb olunacaq?
© Sputnik / Valery Titiyevsky
/ Abunə olmaq
Mütəxəssis bildirir ki, işə qəbul edilən şəxs əsassız yerə bu yoxlamalara cəlb edilirsə, müəyyən müddətdə xəstəxanada yatmaq məcburiyyətində qalırsa, qarşı tərəf bunu əsaslandırmalıdır.
BAKI, 16 may — Sputnik. "Dövlət qurumlarında narkotik testindən keçirilməsinə ehtiyac olan şəxslər var. Bizdə olan qeyri-rəsmi məlumatlara görə, dövlət qurumlarında narkotik testindən keçirilməsinə ehtiyac olan, narkotikə qurşanan şəxslər var. Bunun qarşısını almalıyıq". Bunu millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, əsas məsələ narkomanın aşkar olunması, onların dövlət qurumlarında yer almasının qarşısının alınmasıdır.
Bəs, vəziyyətdən necə çıxış yolu nədədir?
Narkoloq Araz Əliquliyev bildirib ki, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna görə dövlət işində, müxtəlif vəzifələrdə çalışanlar işə qəbul zamanı və işlədiyi müddət ərzində vaxtaşırı olaraq, mütləq şəkildə tibbi müayinədən keçirlər. O qeyd edir ki, obyektiv nəticələr əldə etmək üçün testdən öncə, gərək ki, heç bir xəbərdarlıq edilməsin:
"Çünki əvvəlcədən məlumat verildikdə həmin şəxs testin pozitiv cavabından yayınmaq üçün bir neçə gün narkotik qəbul etməyə bilər. Bu zaman testin nəticəsi neqativ olacaq. Çünki burada söhbət "ekspres" testdən, yəni, sidiyin yoxlanmasından gedir. Narkotik maddənin növünə görə sidikdə narkotikilərin izi 2 günlə - 2 ay arasında qala bilər. Ağız suyundan da test götürmək mümkündür. Lakin sidikdə nəticə daha qalıcıdır".
© Depositphotos.com / AmixstudioŞpris və həblər, arxiv şəkli
Şpris və həblər, arxiv şəkli
© Depositphotos.com / Amixstudio
Nəticənin qan analizi ilə təyininə gəldikdə isə mütəxəssis deyir ki, Azərbaycanda narokoloji test üçün qandan analiz götürülmür, çünki qanda qalıcılıq qısa müddətlidir:
"Qeyd edim ki, məhkəmə tibbi-ekspertizaları üçün dırnaqdan nümunə götürülür. Dırnaqda qalıcılıq 1 ilədək də olur. Şübhə varsa, saçdan, dırnaqdan da nümunələr götürülə bilər".
Bunun üçün işəgötürən işə qəbul etdiyi şəxsi tibbi müayinəyə göndərə bilər. Mütəxəssis bildirir ki, bu zaman sahibkar dərin ekspetizanın keçirilməsini tələb edirsə, bunu tam şəkildə əsaslandırmalıdır:
"Yəni, şəxs əsassız yerə bu yoxlamalara cəlb edilirsə, müəyyən müddətdə xəstəxanada yatmaq məcburiyyətində qalırsa, qarşı tərəf bunu əsaslandırmalıdır".
Araz Əliquliyev qeyd edir ki, burada əsas məsələ məxfiliyin qorunmasıdır:
"Yoxlamalar işəgötürənin tabeçiliyində olmayan qurumlar tərəfindən həyata keçirilməlidir. nazirliklər isə əksər hallarda bu yoxlamaları tabeçiliyində olan tibb müəssisələrində həyata keçirirlər. Bu cür hallar əslində məhkəmə predmeti yarada bilər".
Mütəxəssisin fikrincə, şəffaflıq üçün sidikdən götürülən test həmin şəxsin yanındaca icra olunmalıdır. Yəni, şəxsin iştirakı olmadan testin icra olunması qeyri-qanuni sayılır.
Millət vəkili F.Mustafanın fikirlərinə münasibət bildirən mütəxəssis hüquq-mühafizə orqanlarında, dövlət qulluğunda çalışanlar arasında da narkotik qəbul edən şəxslərin olmasını istisna etməyib:
"Belə şəxslər aşkar edilirsə, onlar müvafiq tibb müəssisələrinə köçürülməlidirlər".
Qeyd edək ki, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna görə, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
CC0 / Fernando Zhiminaicela / MicroscopeLaboratoriya, arxiv şəkli
Laboratoriya, arxiv şəkli
Qanunla həqiqi hərbi xidmətə və kadr-zabit heyətinə könüllü daxil olan şəxslərin icbari narkoloji testdən keçirilməsi nəzərdə tutulur. Bu barədə məsələ parlamentin bu yaxınlarda keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Narkoloji xidmət və nəzarət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Onu da qeyd edək ki, yuxarıda adları çəkilən qanunvericilik aktlarına dəyişikliklər barədə layihə narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb.
Qeyd olunan sənədlərdə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.
Xatırladaq ki, hazırda dövlət qulluğu ilə bağlı şəxlsərin narkoloji testdən keçirilmələri ilə bağlı hər hansı tələb yoxdur. Yəni, hər hansı bir qurum işçini işə qəbul etdikdə ondan belə bir testdən keçməsini sonradan tələb edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.