Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda dünya arenasına çıxarılacaq kinorejissorlar var - Əməkdar artist

© Photo : From the personal archive of Behruz VaqifogluBəhruz Vaqifoğlu, əməkdar artist
Bəhruz Vaqifoğlu, əməkdar artist  - Sputnik Azərbaycan, 1920, 14.05.2022
Abunə olmaq
Teatrla yanaşı, film və seriallarda da rol alan Bəhruz Vaqifoğlu, həm də pedaqoji fəaliyyətlə məşğuldur. Bundan başqa, pyes və ssenari yazmaq da sənətçinin yaradıcılıq fəaliyyətinə daxildir.
BAKI, 14 may - Sputnik. Prezidentin və dövlətin verdiyi mükafatla yanaşı, çalışdığı teatrın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə tərəfindən tez-tez əməkhaqqından əlavə mükafatlandırılır. Ölkədəki bütün aktyorlar kimi onlara ayrılan büdcənin aşağı, hətta həddindən çox aşağı olmasından narahatdır. Aktyor bunun günahını qarşı tərəfdən çox, öz həmkarlarında görür. Söhbət Azərbaycanın əməkdar artisti Bəhruz Vaqifoğludan gedir.
Elə bizimlə söhbətində də sənət yoldaşlarını hər verilən qonorara qane olmaqda günahlandıran Vaqifoğlu hesab edir ki, hər şeydən öncə, sənətçi özünün dəyərini anlamalıdır:
- Əgər məni bir rola dəvət edirlərsə, orada bu işin müqabilində normal bir qonorar istəyirəmsə, onlar isə bu qonorar çox olduğu üçün başqa bir aktyor dəvət edirlərsə, o aktyor da az qonorarla razılaşırsa, artıq heç bir halda bunun düzəlməsindən söhbət gedə bilməz. Hətta əcnəbilər bir film çəkməyə gələndə belə, bizim bu işin başbilənləri burada müəyyən etdikləri qiymətləri onlara təklif edib, artıq qonorar verməyin qarşısını alırlar. Bu sahədə qonorarın artmasını hamı istəyir. Amma mənim kimi etiraz edən aktyorlarımız çox azdır.
- Adətən yerli həmkarlarınız gileylənirlər ki, Türkiyədə 3-4 filmə çəkilən aktyor tanınmış bir ulduza çevrilir. Amma Azərbaycanda onlarla filmlərdə rol alan aktyorlar tanınmır. Sizcə, bu nə ilə bağlıdır?
- Məsələ PR, prodüser problemidir. Film istehsalat müddətində olduğu vaxtdan, kinoteatrda təqdim olunana qədər filmdə rol alan aktyoru tanıdıb, onu tamaşaçılara sevdirirlər. Tamaşaçıda filmə maraq yaradırlar ki, film yayımlananda görülən işdən qazanc əldə etsinlər. Beləliklə, aktyor da tanınır, film də qazanır. Məgər Taleh Yüzbəyov hansısa başqa ölkədə yaşayır? Amma etdiyi piar, izləyicilərin sevgisini qazanması sayəsində “Zəhər tuluğu” filmi tamaşaçıların böyük marağına səbəb oldu.
- Bu yaxınlarda ölkə prezidenti Kino Agentliyinin yaradılması ilə bağlı sərəncam imzaladı. Sizcə bu sərəncam kinomuzun inkişafına nə kimi təkan verə bilər?
- Azərbaycanın dünya arenasına çıxarılacaq kinorejissorları var. Əgər bu qədər sıxıntılar içində biz hələ də film çəkməklə məşğul olub, A kateqoriyalı film festivallarına qatılıb, üstəlik mükafatlar da alırıqsa, bu çox ümidvericidir. Belə bir agentliyin yaranması isə kino işçiləri tərəfindən çoxdan arzuolunan idi. Dövlət başçısı etimad göstərib bu arzunu həyata keçirdi. Yerdə qalır bu etimadı doğrultmaq.
- Onlarla filmə çəkilmisiniz. Əksəriyyətində baş rolun ifaçısısınız. Canlandırdığınız obrazlardan hansı sizi xarakterizə edir?
- Məni xarakterizə edən film ancaq gələcəkdə, qismət olsa, haqqımda çəkiləcək sənədli film ola bilər. Bəxtimə çox maraqlı və uğurlu obrazlar düşüb və hər birisinə də mütləq şəkildə özümdən çox şeylər qatmışam. Bunsuz ola da bilməz. Nisbət baxımı ilə götürsək, “Çölçü”yə daha çox bənzəyirəm. Onun sakitliyi, susqunluğu, çılğınlığı, narahatçılıqları... Çox istərdim “Çölçü” filminin ikinci hissəsi olsun.
- Rol aldığınız filmlərin bəzisi Beynəlxalq festivallarda iştirak edib. Bundan sonra xarici ölkələrdən sizə təkliflər gəldimi?
- Təəssüf ki, xeyr. Baxmayaraq ki, “Çölçü” filmi 50 dən çox festivalda iştirak edib. Yalnız Türkiyədən təklif almışam.
- Bəzi sənət yoldaşlarınız seriala sənət kimi baxmırlar. Hətta bəziləri pul xatirinə çəkildiyini etiraf edirlər. Siz də bir çox seriallarda rol almısınız. Seriallara baxış bucağınız necədir?
- Seriala çəkilmək pis bir şey deyil. Hətta əksinə, serialların çəkilməyi film sənayesinin inkişafına xidmət edir. Onlar serialların yüksək keyfiyyətdə çəkilməməsinə və az qonorara qane olub çəkildiklərinə görə "çarəsizlikdən çəkilirəm" deyirlər.
- Pandemiya dönəmində az da olsa filmlər, seriallar çəkildi. Amma teatrlarımız fəaliyyətini dayandırmışdı. Sizdə bu sahədə vəziyyət necədir?
- Bu yaxınlarda Bakı Bələdiyyə Teatrının nəzdində ideyası Əməkdar artist Hüsniyyə Mürvətovaya aid, müəllifi və rejissoru olduğum "Sən qayıdacaqsan" adlı tamaşa təhvil verdik. Ondan sonra Pantomima Teatrında xalq artisti Bəxtiyar Xanızadənin "Yük" adlı tamaşasını oynadıq. Bundan əlavə, Pantomima Teatrında “İBLİS” (bəs insan nədir?...) adlı tamaşa üzərində çalışıram. Mövsümün sonuna bunu təhvil vermək haqqında düşünürəm.
- Kino, serial, yoxsa teatr?
- Teatr, teatr, teatr!
Bəhruz Vaqifoğlu kimdir?
Bəhruz Vaqifoğlu Zəngilan rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil alıb.
Yaradıcılığının müxtəlif illərində Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 2006-cı ildən Azərbaycan Dövlət Pantomima Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir.
O, bundan başqa, "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?" "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr", "Əli və Nino", “Bir zamanlar Şəkidə”, "İngilis dili" (ing. The Game), “Sirli bənövşə”, “Lend-Liz”, "Son iclas", “Aydın”, “Həyat varsa...”, “Xosrov və Şirin”, “Titrəmə” kimi film və seriallarda unudulmaz obrazlar yaradıb.
Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası, Azərbaycan Kino İttifaqının təşəbbüsü ilə 33 yaşında Əməkdar artist fəxri adını alan aktyor, dəfələrlə prezident mükafatına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Boş teatr səhnəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2022
MƏDƏNİYYƏT
Bu gün Beynəlxalq Teatr Günüdür
Xəbər lenti
0