Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

SOS: Bakıdakı gecə klublarında partlayışlar təkrarlana bilər

© Photo : REPORT3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində
3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayışın ərazisində - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
"Azəriqaz" İB ciddi pozuntu halları aşkarlayıb, FHN cavab vermir, mütəxəssislər isə Bakını ciddi fəlakətlərin gözlədiyini deyirlər.
BAKI, 13 may — Sputnik. Aprelin 3-də "Location" gecə klubundakı partlayışdan sonra paytaxtdakı iaişə müəssislərində 356 nöqsan aşkarlanıb.
Maraqlıdır, bu pozuntu halları niyə baş verir?
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumatda bildirilib ki, Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində "Azəriqaz" İstehsalat Birliyinin abonenti olan 1 500-dək sənaye obyektinə (qeyri-yaşayış) birgə yaradılan komissiya tərəfindən baxış keçirib.
"Azəriqaz" İB və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə baxış zamanı bəlli olub ki, aşkar edilən nöqsanlar tikinti norma-qaydalarının və layihə-smeta sənədlərin qaydalarının tələblərin pozuntusu ilə əlaqədardır. Bu hallar Bakı və Abşeron rayonunu əhatə edir.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev sorğumuza cavab olaraq bildirib ki, araşdırma zamanı "Azəriqaz" İB ilə sövdələşəminin pozulması, əlavə tikililər, kənar xətlər aşkarlandığı üçün obyektlərin qazlaşdırılması dayandırılıb. 274 obyektdə sayğaclar çıxarılıb, digərlərində isə sayğac saxlanılmaqla qazın verilişinə plomb qoyulub. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən baxış zamanı da əlavə müdaxilələr aşkarlanıb.
"Qaz təchizatı haqda qanuna əlavə və dəyişikliklər edilib. Bundan sonra sayğacın quraşdırılmasından sonrakı mərhələyə də "Azəriqaz" İB nəzarət imkanı qazanıb. Mütəmadi baxışlar keçiriləcək, yəqin ki, bundan sonra belə halların sayı azalacaq", - deyə E.Vəliyev əlavə edib.
Qocaman memar Muxtar Ərturan köhnə tikililərin zirzəmilərinin kafe-restoran kimi istifadəyə verilməsinin təhlükəli olduğunu deyib. O bildirib ki, sovet dövründə onların təyinatında kafe-restoran kimi fəaliyyət göstərmək nəzərdə tutulmamışdı:
"Təəssüf ki, bu gün belə binaların zirzəmilərinin əksəriyyəti kafe-restoran kimi fəaliyyət göstərir. Bunun üçün onlar yerli icra qurumlarından icazə alır, restoran, kafe mühiti yaratmaq üçün arakəsmə, daşıyıcı divarları sökürlər. Əslində, həmin məkanlarda qaz istifadəsi ümumiyyətlə qadağan olunmalıdır. Qaz istifadəsinə o zaman icazə verilir ki, həmin məkan bunun üçün yararlı olsun. Hazırda belə məkanların 70-80 faizində bu tələblərə riayət edilmir".
Memarın sözlərinə görə belə kafe-restoranlarda siqnalizasiya sistemi belə işləmir.
"Belə partlayışlar olur, bundan sonra da olacaq. Çünki FHN əməkdaşları bununla bağlı ciddi nəzarət mexanizmlərini həyata keçirməlidirlər. İndi "nəzarət"in hansı formada olduğunu bilirik. Gəlib pullarını alıb gedirlər", - memar deyib.
Ərturan qeyd edib ki, yeni tikililərlə bağlı belə problem yoxdur. Dövlət Arxitektura və Şəhərsalma Komitəsi hər bir mərtəbənin təyinatına uyğun layihələndirilməsinə ciddi nəzarət edir: "Yeni tikililərdə zirzəmi qatının konret olaraq mahiyyəti göstərilir və mahiyyətinə uyğun da istifadə həyata keçirilir".
Tikinti üzrə ekspert Elnur Fərzəliyevin dediyinə görə paytaxtın demək olar ki, hər yerində kafe-restoran, dönərxanalar var. Bu obyektlərdə qazdan istifadəyə icazə verilməsə də, elektrik enerjisi ilə işləmək onlara baha başa gəldiyindən, vəsaitə qənaət etmək üçün sahibkarlar balon qazından istifadə etmək məcburiyyətindədirlər: "Ya bu cür obyetktlərə qazın çəkilişinə icazə verilməlidir, ya da ki, elektrik enerjisinə görə istifadə üçün müəyyən güzəştlər olmalıdır".
Ekspert bildirir ki, adiyyəti qurumlar tərəfindən obyektlərə baxış keçirilsə də, ola bilər ki, obyekt sahibi haradasa qaz balonu saxlasın: "Təsəvvür edin, obyekt zirzəmidə fəaliyyət göstərir və burada mətbəx yerləşir. Həmin ərazi qeyri-yaşayış obyekti olmasaydı, oranın havalandırma sistemi olardı. Son baş verən hadisə də tamamilə qapalı məkanda baş vermişdi. Belə hadisəyə görə FHN-in hansısa əməkdaşının məsuliyyətsiz olduğunu deyə bilərik. Amma baş verənlərin fonunda bu fikri də birmənalı səsləndirmək olmur".
Fərzəliyev Bakının binalarının zirzəmilərinin əksəriyyətinin qəzalı olduğunu vurğulayır.
Qeyd edək ki, mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu göndərsək də, suallarımız cavabsız qalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda partlayış baş verən gecə klubunun binası - Sputnik Azərbaycan, 1920, 10.04.2022
PAYTAXT XƏBƏRLƏRİ
Gecə klubunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə yüksəlib - video
Xəbər lenti
0