Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Britaniya taxt-tacı Şimali İrlandiyanı itirir. Artıq Rusiyanı ittiham etmirlər

© AFP 2023 / PAUL FAITHBelfastda iğtişaşlar
Belfastda iğtişaşlar - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Deyəsən Böyük Britaniya və Şimali İrlandiya krallığı tədricən Britaniya respublikasına çevrilir.
BAKI, 12 may - Sputnik, Vladimir Kornilov. "Dağılanbritaniya" — son günlər Albionun qəzetlərinin birinci səhifələrində belə bir termin peyda olub. KİV artıq Birləşmiş Krallığın ölümünün qaçılmaz olub-olmadığını müzakirə edir. Onlar belə fikrə yerli seçkilərin nəticələrindən sonra gəliblər. Həmin seçkilərdə hakim Mühafizəkarlar Partiyası bölgələrin xeyli hissəsində əzici məğlubiyyətə uğrayıb.
Mühafizəkarlar ümumilikdə yerli hakimiyyət orqanlarında 500-dək kreslo itiriblər, nəticədə onların rəqibləri demək olar ki, hər bölgədə qüvvələrini artırıblar. İngiltərədə tori həmişə qalib gəldikləri bir sıra mahallara nəzarəti itiriblər (məsələn, Vestminsterdə), Uelsdə yeganə nəzarət etdikləri bələdiyyədə uduzublar, Şotlandiyada separatçılara güclənməyə imkan veriblər. Lakin Şimali İrlandiyadakı seçkilərin nəticələri daha çox səs-küy doğurub, burada ilk dəfə olaraq birinci yeri (yəni, regional hökumətin başçısı postunu) Şinn Feyn partiyası qazanıb. Bu partiya İrlandiyanın birləşməsi, bölgənin Birləşmiş Krallıqdan çıxmaq uğrunda çıxış edir. Britaniya parlamentində mühafizəkarların əsas müttəfiqi olan və son 20 il ərzində Belfastı idarə edən Demokratik Yunionist Partiya (DUP) ikinci yeri tutub.
İrlandiyalılar və ingilislər tərəfindən bu xəbərin emosional qəbulunu qiymətləndirmək çətindir. Bir neçə il əvvəl belə bir vəziyyəti təsəvvür etmək mümkün deyildi. Unutmaq olmaz ki, Şimali İrlandiyalı Şinn Feyn uzun illər əllərində silahla Zümrüd adasının birləşməsi uğrunda mübarizə aparan İrlandiya Respublika Ordusunun (İRA) siyasi qanadı idi. Buna uyğun olaraq, partiya dəfələrlə hakimiyyət tərəfindən qadağan edilib və terror təşkilatı ilə eyniləşdirilib. Ancaq gördüyünüz kimi, zaman dəyişir.
Adanın birləşdirilməsi tərəfdarlarının Olsterdə qələbəsini təsəvvür etmək həm də ona görə çətin idi ki, Şinn Feyn ənənəvi olaraq əsasən protestant bölgəsinin katolik əhalisinin maraqlarını təmsil edirdi. Protestantlar isə Britaniya krallığının birliyinin qatı tərəfdarları, yəni yunionistlərdir. Lakin, son onilliklərin demoqrafik meylləri separatçıların tərəfindədir. Bəzi hesablamalara görə, 2021-ci ildə Şimali İrlandiyada katoliklərin sayı ilk dəfə protestantların sayını üstələyib. Ehtimal olunur ki, bu proqnozlar ötən ilin siyahıyaalınmasının nəticələrinin açıqlanacağı iyun ayında rəsmən təsdiqlənəcək. Bu, Şinn Feynin tədricən və davamlı böyüməsini qismən izah edə bilər.
Təbii ki, əsas rolu London və Avropa İttifaqı arasında Şimali İrlandiya Protokolunun imzalanmasına səbəb olan Brexit oynayıb. Əslində bu sənəd Dublin və Belfast arasında vahid gömrük məkanının qorunub saxlanmasını, digər tərəfdən isə Britaniya ilə Şimali İrlandiya arasında gömrüklərin faktiki tətbiqini nəzərdə tutur. Aydındır ki, belə yanaşma yunionistlərin mövqelərinə kəskin zərbə vurdu.
Qeyri-populyarlığı hər yerdə artan Boris Conson faktorunu da unutmaq olmaz ki, bu faktiki olaraq Böyük Britaniyanın müxtəlif yerlərində keçirilən yerli seçkilərin nəticələrində də özünü göstərirdi. Yerli problemlərdən daha çox Ukrayna münaqişəsini qızışdırmağa yönələn indiki hakimiyyətin avantürist siyasəti sonda bu problemlərin artmasına səbəb oldu. Bununla bağlı The Observer qəzetinin son sayındakı karikatura mənalıdır: Conson tamamilə xarab olmuş avtobusun sükanı arxasına əyləşərək hamıdan böyük “Ukrayna” lövhəsinə baxmağı xahiş edir, amma ölkəsində tüğyan edən qiymət artımına, vergi artımlarına, həyat keyfiyyətinin rekord dərəcədə pisləşməsinə fikir verməməyi xahiş edir.
Britaniyada heç kimin böyük şübhəsi yoxdur ki, baş nazirin Ukrayna istiqamətində fəaliyyəti ilk növbədə onun ictimaiyyətin diqqətini yerli problemlərdən beynəlxalq problemlərə yönəltmək istəyi ilə bağlıdır. Hətta hökumətə sadiq olan “The Times” da açıq şəkildə eyham vurur ki, Consonun öz siyasi maraqları naminə Ukraynadakı münaqişəni uzun illər uzatmaq istəyir. Lakin, seçkilərin nəticələrinə baxsaq, bu taktika açıq-aydın işləmir.
Demək olmaz ki, Şimali İrlandiyada seçki kampaniyası zamanı Rusiya-Ukrayna münasibətləri mövzusu ümumiyyətlə qeyd olunmayıb. Şinn Feynin əleyhdarları partiyanı “Putinyönlü təbliğatla oynamaqda” ittiham etməyə çalışıblar, çünki partiyanın liderlərindən biri Kris Hazzard Britaniyanın Ukraynaya silah tədarükünü pisləyib və yunionistlərin anti-Rusiya bəyanatlarının bəzi tezislərini şübhə altına alıb. Qeyd edək ki, Hazzard formal olaraq Britaniya parlamentinin üzvü olmaqla heç vaxt deputat kreslosunu tutmayıb, çünki onun partiyası işğalçı hesab etdiyi dövlətin nümayəndəlik orqanında olmaqdan qəti şəkildə imtina edir. Bütövlükdə, onun iradları və sonrakı hücumları ilə seçki kampaniyasındakı "Ukrayna debatı" məhdudlaşıb.
Britaniya qəzetlərinin bir çox şərhçiləri öz ictimaiyyətini Belfast kampaniyasının məzmunu ilə bağlı arxayınlaşdırmağa çalışırlar - deyirlər ki, Şinn Feyn liderləri bu seçkilərdə Böyük Britaniyadan çıxmağın tərəfdarı olduqları üçün deyil, cəmiyyətin yaşadığı sosial problemləri, inflyasiyanı, həyat səviyyəsinin aşağı düşməsini, səhiyyədə fəlakətli vəziyyəti (Şimali İrlandiyada bəzi yüksək ixtisaslı həkimlər üçün növbə artıq yeddi ildir!) vurğuladıqlarına görə qalib gəliblər. Bu belədir, amma bəzi seçicilərin regionun Britaniya tacının hakimiyyətindən çıxıb İrlandiya Respublikası ilə birləşməsinin bu partiyanın son proqram məqsədlərindən olduğunu bilmədiyini güman etmək qəribə olardı.
Kampaniya zamanı artıq seçilmiş birinci nazir hesab edilən Şimali İrlandiya Şinn Feyninin lideri Mişel O'Nil partiyanın proqram məqsədlərinin dəyişməzliyini dəfələrlə təsdiqləyib. Qələbədən sonra o, yaxın onillikdə adanın birləşdirilməsi ilə bağlı referendumun keçirilə biləcəyini və buna görə də indidən hazırlığa başlamaq lazım olduğunu bildirdi. Yeri gəlmişkən, belə bir referendumun keçirilməsi regionda uzun sürən vətəndaş müharibəsinə son qoyan 1998-ci il Mübarək Cümə Müqaviləsi ilə nəzərdə tutulub. Düzdür, əhalinin əksəriyyətinin ideyanı dəstəklədiyini göstərən əlamətlər varsa, onu London təyin etməlidir. Bəzi sorğular artıq belə əlamətlərin ortaya çıxmasına işarə etsə də, Conson administrasiyasının belə bir referendumun qarşısını almaq üçün hər şeyə gedəcəyinə şübhə yoxdur.
Bununla belə, Şinn Feynin ilk uğuru hər halda zəncirvari reaksiyaya səbəb olur. Həm də təkcə Şimali İrlandiyada deyil. Təsadüfi deyil ki, Şotlandiya Milli Partiyasının lideri Nikola Starcen bu nəticəni belə şərh edib: “Şübhə yoxdur ki, hazırda bir siyasi qurum kimi Böyük Britaniya qarşısında ciddi, fundamental suallar qoyulur. Bunu burada Şotlandiyada soruşurlar, Şimali İrlandiyada soruşurlar, Uelsdə şoruşurlar. Düşünürəm ki, yaxın illərdə biz Böyük Britaniya hökumətində kardinal dəyişikliklər görəcəyik. Və əminəm ki, bu dəyişikliklərdən biri də Şotlandiyanın müstəqilliyi olacaq”.
London Şimali İrlandiya probleminin ciddiliyindən nə qədər çəkinsə də, buna baxmayaraq, Britaniya mediası artıq İrlandiyanın birləşməsi prosesinin necə baş verəcəyini, eləcə də vahid İrlandiya dövlətinin gələcəyini fəal şəkildə müzakirə edir. Bəzi müşahidəçilər, o cümlədən veteran jurnalist Naycel Nelson, krallığın "dörd muxtar qurumu olan federal respublikaya" çevrilməsini vahid Böyük Britaniyanı qorumaq üçün çıxış yolu kimi görür. Yəni, ölkənin birliyini xilas etmək üçün britaniyalı analitiklər artıq tacını qurban verməyə hazırdırlar.
Şimali İrlandiyada seçkilərin nəticələrinə reaksiyanı araşdırarkən diqqət çəkən məqam Rusiyanın müdaxiləsi ilə bağlı ittihamların olmamasıdır. Britaniya mediasının hər şeyə görə bizi günahlandırması ənənəvi hal alıb – Brexitlə də belə idi (onda deyirdilər ki, referendumu 97 sentə aldıq), Şotlandiyanın müstəqilliyi ilə bağlı sorğuda da belə idi, müxtəlif milli seçkilərdə də belə idi. Amma indiki seçkilərdə nədənsə “rus izi” hələ də tapılmayıb.
Ola bilsin ki, bu, məhz Londonun Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ilə bağlıdır. İndiki şəraitdə, İngiltərə bu qədər açıq şəkildə, həyasızcasına Rusiyaya faktiki müharibə elan edərkən, rusları öldürmək üçün hər şeyi edir (daha çox ukraynalıların ölümü bahasına olsa da), hətta ingilislərin öz gözündə belə, Rusiyanın istənilən müdaxiləsi artıq kifayət qədər haqlı görünür. Axı biz Londona müharibə elan etməmişik.
Çox güman ki, buna görə də seçkilərin nəticələrini “Rusiya xüsusi əməliyyatı” adlandırmaq heç kimin ağlına da gəlmir – bu, çoxları tərəfindən Moskvanın qələbəsi kimi qəbul olunacaq. Axı bu mübarizənin Britaniya ərazisinə keçməsi kifayət qədər məntiqli görünərdi. Axı söhbət xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətdən gedir. Şotlandlar və irlandlar nəhayət Britaniya tacının çoxəsrlik boyunduruğunu atmaq istəyirlərsə, niyə onların qanuni istəklərini dəstəkləməyək? O cümlədən Londonun ukraynalı millətçilərə dəstək verdiyi üsullar və vasitələrlə.
Dövlətimizi dağıtmaq və zəiflətmək məqsədini gizlətməyən dost olmayan güclərə münasibətdə Rusiyanın əli indi açılıb. London artıq bizə qarşı bütün mümkün və qeyri-mümkün sanksiyaları tətbiq edib, ona görə də özünü saxlayıb nəzakətlə oynamağın mənası yoxdur. Bizi o qədər uzun müddətdir ki, müdaxilə etməkdə ittiham edirlər ki, yəqin ki, müdaxilə etmək vaxtıdır. Consonun avantürist siyasəti bunun üçün geniş imkanlar açır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0