SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan müxalifətinin siyasi şousu nəyə xidmət edir?

© AFP 2023Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası - Sputnik Azərbaycan, 1920, 11.05.2022
Abunə olmaq
Millət vəkili Arzu Nağıyev bildirir ki, Paşinyan hakimiyyəti müxalifət vasitəsilə status məsələsini yenidən gündəmə gətirməyə çalışır.
BAKI, 11 may — Sputnik. Dünən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmiləri tərəfindən Azərbaycan-Ermənistan sülh danışıqları barədə bir sıra önəmli açıqlamalar səsləndirildi. Bu açıqlamalar həm də erməni tərəfinin iddialarına aydınlıq gətirmək xarakteri daşıyırdı. İlk olaraq ondan başlayaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfinin iddia etdiyi təkliflərlə bağlı açıqlaması bir baxıma real siyasi mənzərəni ortaya qoydu. Ceyhun Bayramov qeyd etdi ki, Ermənistanın təklif kimi təqdim etdiyi müddəalara əslində təklif belə demək olmaz: "Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi".
Azərbaycan XİN rəhbəri Ermənistandakı aksiyaları bu ölkənin daxili işi adlandırmaqla yanaşı əlavə edib ki, etiraz aksiyalarını təşkil edən şəxslər uzun illər ərzində erməni xalqına yalan vədlər verən və ölkəni hazırkı uçurum vəziyyətinə gətirənlərdir.
Millət vəkili Arzu Nağıyev və politoloq İlyas Hüseynov Ermənistanda keçirilən aksiyaların danışıqlar prosesinə təsirini şərh edib.
Millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistanda baş verən mitinqlər siyasi şoudur: "Paşinyan hakimiyyəti sona qədər bütün məsuliyyəti üzərinə götürmür. Ermənistan tərəfi yenidən Qarabağın statusu məsələsini gündəmə gətirməyə çalışır. Bu baş tutan məsələ deyil. Hətta Qarabağ klanının liderləri bu məsələni şərh etməkdən çəkinir. Paşinyan hakimiyyəti isə Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə bəyanatlarını verib".
Millət vəkili hesab edir ki, bu gün müxalif qüvvələrin vasitəsilə hər hansı problemin yaradılmasına çalışırlar: "Ermənistan hakimiyyəti bununla vətəndaş reaksiyasından özünü sığortalamağa çalışır. Lakin eyni zamanda Ermənistan vətəndaşları da baş verənlərə etirazlarını bildirir. Ermənilər də yaxşı başa düşürlər ki, postmünaqişə dövründə hər hansı statusdan söhbət gedə bilməz. Ancaq Ermənistanda müxalifət qüvvələrinin əli ilə statusu gündəmə gətirmək cəhdləri var".
Arzu Nağıyev deyir ki, ermənilərə görə bütün proseslər mərhələli şəkildə həyata keçirilməlidir: "Yəni əvvəlcə delimitasiya və demarkasiya, ondan sonra isə hansısa status məsələsi. Təbii ki, bu absurd yanaşma bizim tərəfimizdən qətiyyətlə ifadə olunub ki, qəbul edilməzdir və artıq status məsələsi keçmişdə qalıb. Qarabağ klanı öz taleyi üçün narahatdır. Çünki onlar uzun illər ərzində Azərbaycan ərazilərində Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlərə rəğmən cəzasızlıq şəraitində yaşayıblar".
"Erməni əsilli vətəndaşlarımızın narahatlığı odur ki, onlar həmin ərazilərdən qovulub çıxarıla bilərlər. Əslində isə bunun üçün heç bir səbəb yoxdur. Azərbaycan tərəfi dəfələrlə erməni əsilli vətəndaşlarının hüquqlarının qorunacağına təminat verəcəyi ilə bağlı bəyanatlar verib. Azərbaycan qanunlarını qəbul edən, hər hansı cinayətdə iştirakçı olmayan şəxslər Azərbaycan vətəndaşı kimi istənilən hüquqlarından istifadə edə biləcəklər. Ona görə də Ermənistandakı mitinq şousu erməni xalqının tələbi yox, bir sıra quldur qüvvələrin öz gələcəklərini sığortalamaq cəhdləridir", - deyə millət vəkili fikirlərini tamamlayıb.
Politoloq İlyas Hüseynov isə qeyd edir ki, Azərbaycan Ermənistanın daxilində baş verənlərin sülh danışıqlarına təsir edə bilməsini bəhanə kimi qəbul edir və bu sülh prosesinə təsir göstərə bilməz: "Azərbaycan mövqeyini cari ilin fevral ayında ifadə edib. Azərbaycanın təklif etdiyi beş baza prinsipi gələcək sülh müqaviləsinə aparan yoldur. Münasibətlərin normallaşması həm də bu təkliflə bağlıdır. Ermənistan aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə bu təklifləri qəbul etdiyini bildirdi. Status məsələsi isə artıq siyasi gündəlikdən çıxıb".
Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində önəmli məsələ həm də anklavlarla bağlıdır deyən politoloq qeyd edir ki, burada diqqət yetirilən həmin ərazilərin strateji əhəmiyyətidir: "Həm birinci, həm də ikinci Qarabağ müharibəsində əsas məsələ nəqliyyat infrastrukturu və strateji yüksəkliklərlə bağlı olub. Gədəbəy rayonunda yerləşən Başkənd ətrafındakı bütün yüksəkliklər Azərbaycanın nəzarəti altındadır. Lakin Qazaxın 7 kəndinə diqqət yetirsək görərik ki, strateji əhəmiyyət daşıyan bu yaşayış məntəqələrinin Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrinin marşrutuna müşahidə imkanları var. Digər məsələ isə Kərki ilə bağlıdır. Bu ərazi Ermənistan-İran sərhədinə nəzarət imkanı verəcək qədər geostrateji əhəmiyyət kəsb edir. Bu baxımdan anklavların əldə olunması Azərbaycanın geostrateji əhəmiyyətini artıran məqamdır".
Politoloq hesab edir ki, Azərbaycan bu məsələlərin həllində maraqlıdır: "Bu baxımdan rəsmi Bakı bu məsələləri diqqətlə nəzərdən keçirməlidir. Hazırkı məqamda siyasi etimad və sülh atmosferinə böyük ehtiyac var. Ermənistanın daxilindəki müxalifət qüvvələrinin proseslərə yönəlik pozucu fəaliyyətinə rəğmən rasional düşünmə qabiliyyətini itirməmiş erməni ziyalıları onları bu fəaliyyətlərindən çəkindirməyə çalışır, çağırışlar edir. Ermənistanın daxilində onları ağır duruma salmış Qarabağ klanına müqavimət qurulmalıdır. Ermənistandakı siyasi böhran dərin məzmun daşıyır. Azərbaycanın isə gözləmək üçün hər hansı bir səbəbi yoxdur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0