CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xınalıqdakı evlər və qədim məbədlər niyə uçub-dağılır?

© Sputnik / Leyla AbdullayevaPirə Comərd məscidi
Pirə Comərd məscidi - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Qoruqların İdaretmə Mərkəzindən bildirib ki, hazırda yaşayış evləri təhlükədə olduğundan əvvəl onlar təmir ediləcək, sonra isə qədim ibadət yerlərinin məsələsinə baxılacaq.
BAKI, 10 may — Sputnik. Azərbaycanın ən ucqar kəndi Xınalıqda bir neçə qədim məscid var. İndi onlardan bəziləri yararsız vəziyyətə düşüb. Pirə Comərd məscidi isə yararsız vəziyyətdə olduğuna görə bir müddətdir fəaliyyətini dayandırıb. Kənd sakini Yusif Şabanovun sözlərinə görə, məscidin bu vəziyyətdə olması onları çox narahat edir.
"Xınalıq dövlət tərəfindən qoruq elan olunub. Amma bəzi abidələr yararsız vəziyyətə düşüb. Onlardan biri də qədim Pirə Comərd məscididir. Əvvəllər bura kənd sakinləri nəzarət edir, onu qoruyurdular. Onda məscid işlək vəziyyətdə idi. Qoruq olduqdan sonra bu ibadət evi dövlətin nəzarətinə keçib. Elə o vaxtdan da yararsız vəziyətə düşməyə başlayıb. Artıq burada ibadət edən yoxdur. Məscidin əsaslı təmirə ehtiyacı var", - deyən Şabanov ümid edir ki, məscid tezliklə təmir olunaraq ibadət edənlərin ixtiyarına veriləcək.
© Sputnik / Leyla AbdullayevaPirə Comərd məscidi
Pirə Comərd məscidi - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Pirə Comərd məscidi
Xınalığın ən qədim məscidi isə Abumüslümdür. Pirə Comərd qədimliyinə görə ondan sonra ikinci yerdə gəlir. Kənd sakinləri Pirə Comərdin 900 il öncə tikildiyini deyirlər. Onların sözlərinə görə, məscid qiblə tərəfdən - dağ ətəyindən gətirilən daşlarla tikilib. Qədimdə o daşları uzaq məsafədən daşımaq üçün texnika olmağından, ehtimal edilir ki, onları sakinlər bir-bir əldən-ələ ötürərək çətinliklə kəndə daşıyıblar və sözügedən məscidi tikiblər.
Bu abidə kəndin şimal-qərbində yerləşir. Məscidin bürcünün hündürlüyü hazırda yeddi metrdir. Bürc əvvəllər daha hündür olub. İkinci mərtəbədəki dağılmış divar qalıqları da bunu təsdiq edir. Bu tikili çox qədim olduğu üçün tarixi mənbələrdə onun haqqında dəqiq heç bir məlumat yoxdur. Hər kəs bu abidə haqqında babalarından eşitdiyi bir hadisəni danışır.
Deyilənə görə, Pirə Comərd məscidi daha əvvəl atəşpərəstlərin məbədi olub. İçərisindəki qəbirdə isə Comərd baba dəfn edilib. Heç bir pəncərə və bacası olmayan məbəddə əvvəllər "əbədi məşəl"in olduğu iddia edilir. Rəvayətə görə, Xınalıqdan beş kilometr cənub-şərqdə Qaraqaya adlanan bir dağ olub. Pirə Comərd məbədi Qaraqaya daşından inşa olunub. Onun bürcünün ata və oğul tərəfindən tikildiyi söylənilir. Son dövrlərdə aparılan araşdırma zamanı sözügedən məbədin həqiqətən də Qaraqaya daşından hörüldüyü təsdiqlənib.
© Sputnik / Leyla AbdullayevaPirə Comərd məscidi
Pirə Comərd məscidi - Sputnik Azərbaycan, 1920, 16.05.2022
Pirə Comərd məscidi
Pirə Comərd türbə-məscidi Xınalıq sakinlərinin ən qədim inanc yerlərindən biridir. İslamdan öncəyə aid olan bu məbəd qala şəklində inşa edildiyi və qülləvari formada olduğu üçün xalq arasında ona "Bürc məscidi" və ya "Qüllə piri" də deyilir. Xınalıq əhalisinin İslam dinini ilk dəfə məhz Pirə Comərddə qəbul etdiyi deyilir. Bir müddət sonra Comərdin məzarı inanc yerinə – pirə çevrilib.
Qoruqların İdaretmə Mərkəzinin mətbuat katibi Fərəh Sabirqızı Xınalıqdakı bir çox evlərin və abidələrin hissə-hissə təmir olunduğunu, sözügedən tarixi məscidə də növbənin çatacağını bildirib.
Onun sözlərinə görə, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verildikdən sonra qoruq (kənd) ərazisində tarixi bina və abidələrin vəziyyəti ilə bağlı araşdırma aparılıb. Əksər evlərin qəza vəziyyətində olduğu müəyyənləşdirilib. Vətəndaşların müraciətlərinə əsasən 2021-ci ildən etibarən belə evlərin mərhələli şəkildə bərpa-təmirinə başlanıb. İlkin mərhələdə ən təhlükəli 16 ev müəyyənləşdirilərək təmir olunub. Bu ilin yayında daha 19 yaşayış binasında təmir-bərpa işlərinin aparılacağı nəzərdə tutulub.
F.Sabirqızı qeyd edib ki, "Xınalıq" Qoruğu özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən mədəni irs nümunəsidir. Burada əhalinin yaşadığı qədim evlər də tarixi abidə qismində dövlət tərəfindən mühafizə olunur. Belə qəzalı evlər insan həyatını təhlükəyə qoyduğundan, ilk növbədə məhz onların təmir-bərpa işləri aparılır. Pirə Comərd məscid-türbəsi isə hazırda əhali tərəfindən istifadə olunmur. Hava şəraiti ilə əlaqədar olaraq bir sıra qeyri-yaşayış binalarında, o cümlədən Pirə Comərd məscidinin divarlarında nəmin təsirindən qopmalar müşahidə olunur.
"Etiraf etmək lazımdır ki, qoruq ərazisində təmirə ehtiyacı olan abidələr mövcuddur və onlar prioritetlər üzrə mərhələli şəkildə təmir olunmaqdadır. Təmir işlərinin aparılmasını çətinləşdirən məqamlardan biri də Xınalığın dağlıq ərazi olması və buradakı sərt iqlim şəraiti ilə bağlıdır. Bununla əlaqədar il boyunca Xınalıqda yalnız beş ay ərzində təmir işlərinin aparılması mümkündür. Vaxtilə Qoruğunun ərazisində 200-dən çox ev olsa da, yuxarıda qeyd edilən səbəblərdən onların bir qismi dağıntılara məruz qalıb. Hazırda Xınalıqda yalnız 157 ev yaşayış məqsədilə istifadə olunur. Dövlət Turizm Agentliyi tərəfindən mədəni irs ərazilərində görülən bütün təmir-bərpa işləri mədəni irs dəyərlərini qorumaqla mühafizəyə əsaslanır", - deyə F. Sabirqızı əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0