Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarova İsveçrə Parlamenti Milli Şurasının sədri ilə görüşüb

© Photo : Milli Majlis of the Republic of AzerbaijanMilli Məclisin sədri İsveçrə Parlamenti Milli Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri İsveçrə Parlamenti Milli Şurasının sədri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
BAKI, 10 may - Sputnik. Mayın 10-da Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamenti Milli Şurasının sədri İren Kalin ilə görüşüb. Azərtac-ın verdiyi xəbərə görə, Milli Məclisin nümayəndə heyətini səmimiyyətlə salamlayan İren Kalin İsveçrənin Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
O deyib ki, bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. İren Kalin xüsusilə iqtisadi sahədə qarşılıqlı investisiya qoyuluşu, biznes strukturları və müəssisələr arasında əlaqələrin əhəmiyyətini qeyd edib.
İki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın hazırkı yüksək səviyyəsini təqdir edən İren Kalin bu cür səfərlərin həm ölkələrimiz, həm də qanunverici orqanlarımız arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirib. O, həmçinin parlament dostluq qruplarının fəaliyyətinin, parlamentarilər arasında dialoqun ikitərəfli əlaqələrin dərinləşməsində müsbət rolunu vurğulayıb.
© Photo : Milli Majlis of the Republic of AzerbaijanMilli Məclisin sədri İsveçrə Parlamenti Milli Şurasının sədri ilə görüşüb
Milli Məclisin sədri İsveçrə Parlamenti Milli Şurasının sədri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Milli Məclisin sədri İsveçrə Parlamenti Milli Şurasının sədri ilə görüşüb
İsveçrə Parlamenti Milli Şurasının sədri ölkəsinin hər zaman regionda sülh və sabitliyin təmin edilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, İsveçrənin ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd edərək, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazır olduqlarını bildirib.
Rəsmi səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlamentinin sədri kimi İsveçrə Konfederasiyasına ilk rəsmi səfərinin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi işinə töhfə verəcəyinə inandığını bildirib. O, Azərbaycan və İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu diqqətə çatdıraraq deyib ki, bu gün ölkələrimiz arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edərək, xüsusilə dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfələrini vurğulayıb.
Görüşdə Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan ilə İsveçrə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması müxtəlif sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Qlobal pandemiyanın bütün dünya dövlətləri üçün yaratdığı maneələrə və fəsadlara baxmayaraq, hazırda ölkələrimiz iqtisadi, ticarət, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq edir. O, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühiti haqqında məlumat verərək, daha çox İsveçrə şirkətlərini Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə görülən işlərdə iştiraka dəvət edib.
Milli Məclisin sədri ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti haqqında məlumat verərək deyib ki, bu baxımdan Azərbaycan və İsveçrə xalqları arasında bir çox oxşarlıqlar var. Multikulturalizm xalqımızın həyat tərzidir. Ölkəmizdə əsrlər boyu müxtəlif dini və etnik qruplar sülh və dostluq şəraitində birgə yaşayıblar. Bakıda və Azərbaycanın regionlarında müxtəlif dinlərə aid abidələr, katolik, pravoslav kilsələr, sinaqoqlar və məscidlər yan-yana yerləşir. Multikulturalizmi dövlət siyasəti elan edən Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqu, sülh və əməkdaşlığı təşviq edir.
Azərbaycan və İsveçrənin qanunverici orqanları arasında əlaqələrdən danışan Sahibə Qafarova deyib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin vacib istiqamətlərindən biridir:

"Bu gün qanunverici orqanlarımız arasında səmərəli əməkdaşlıq mövcuddur. Parlament sədrlərinin qarşılıqlı səfərlərinin bu əməkdaşlığın inkişafında mühüm rolu var. Deputatlarımız beynəlxalq səviyyədə səmimi dialoq aparırlar. Hər iki ölkənin qanunverici orqanlarında qarşılıqlı dostluq qrupları fəaliyyət göstərir. Müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi parlamentlərimiz arasında körpü rolunu oynaya bilər".

Parlamentin sədri Sahibə Qafarova Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz ərazisini azad edərək ərazi bütövlüyünü bərpa edib. Deyib ki, vaxtilə işğal altında olan ərazilərimizdə bütün maddi-mədəni sərvətlərimiz talan edilib, şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz dağıdılıb.
Milli Məclisin sədri bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. Bütün şəhər və kəndlərimiz yenidən qurulur. Qarabağda və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası yaradılır. Bu gün quruculuq işlərinə ən böyük maneə Ermənistan tərəfindən ərazilərimizin minalanmasıdır. Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və ya yaralanıb.
S.Qafarova qeyd edib ki, münaqişənin həllindən sonra regionda yeni reallıqlar və imkanlar yaranıb. Daimi sülhə, təhlükəsizliyə və əməkdaşlığa nail olmaq üçün bu imkanları düzgün dəyərləndirmək lazımdır. Zəngəzur dəhlizinin və bölgədəki digər kommunikasiya xətlərinin açılması regionun nəqliyyat potensialının əsaslı şəkildə artırılmasına imkan verəcək.
O xatırladıb ki, Azərbaycan daimi sülhün yaradılması üçün Ermənistana öz təklifini verib. Sülh müqaviləsinin imzalanması münasibətlərin normallaşmasına şərait yaradacaq. Milli Məclisin sədri qeyd edib ki, bu il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən görüşünün nəticələri göstərir ki, Ermənistan Azərbaycanın təklifini qəbul edir. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon danışıqları olub. Azərbaycan sülh müqaviləsinin imzalanması üzrə nümayəndə heyətləri çərçivəsində danışıqlara başlamağa hazırdır. Ermənistan münasibətlərin normalaşması üçün öhdəliklərini yerinə yetirməlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İsveçrə parlamentinin binası ilə tanış olub.
Sonra Milli Şuranın plenar iclas zalının eyvanından Azərbaycan parlament nümayəndə heyətinin rəsmi salamlanması mərasimi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0