Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bəstəkar sovetdən qalmış qurumlar barədə: "Qurultay keçirməkdən başqa işləri yoxdur"

Cavanşir Quliyev - Sputnik Azərbaycan, 1920, 08.05.2022
Abunə olmaq
Korifey bəstəkarımız Cavanşir Quliyev deyir ki, Sovet dönəmində yaradıcı birliklərin fikirləri ilə dövlət hesablaşırdı, Bəstəkarlar İttifaqının qurultayında səsləndirilən bir fikir televiziya və radionu alt-üst edirdi.
BAKI, 8 may — Sputnik. Sovet dönəmindən yaradılan Yazıçılar ittifaqı, Bəstəkarlar ittifaqı, Rəssamlar İttifaqı, Kino ittifaq, Teatrlar ittifaqı, eyni zamanda yaradılan gildiyalar yaradıcı şəxslərə nə verir? Onların mövcud olması həmin qurumların üzvlərinin yaradıcılığına necə təsir edir?
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirir ki, sözügedən qurumlar Stalin tərəfindən yaradılıb. Məqsəd yaradıcı şəxslərin "labarotoriyaları"na nəzarət idi. Yaradıcı şəxslərə müxtəlif maddi və mənəvi mükafatlar verməklə bolşeviklərin, kommunistlərin istədikləri mövzuda əsər yazmağa sövq etmək onların başlıca amalı idi:
"Sovetlər dağıldı, amma bu qurumlar dağılmadı. Bu gün onların heç bir işi yoxdur. Qəbul olunan qanunlar onları sanki yolun kənarına itələdi. Varlıqları ilə yoxluqları hiss olunmur. Çünki heç nəyə təsir edə bilmirlər. Məsələn, Bəstəkarlar İttifaqı televiziyalara hansısa musiqinin efirə buraxılmasını qadağa qoya bilmir. Uzağı hansısa tədbirdə bu barədə ümumi danışa bilərlər. Ondan o tərəfə keçə bilmirlər. Çünki, əllərində səlahiyyət yoxdur"
Cavanşir Quliyev özü də hazırda Bəstəkarlar İttifaqının üzvüdür. Amma onların heç bir tədbirlərinə qatılmır:
"Bilirəm ki, orada səslənən fikirlərə heç kəs qulaq asmır. O ittifaqların bir işi var: hansısa sənət adamının yubileyi yaxınlaşırsa, Mədəniyyət Nazirliyinə təqdimat verir ki, ona orden, fəxri ad və ya ev verin. Bir də sovet dönəmindən qalma bir ənənələri var: vaxtaşırı qurultay keçirmək. Bəstəkarlar o qurultayları ona görə gözləyirlər ki, orada onların əsərləri səsləndirilir. Adi günlərdə o əsərləri səsləndirə bilmirlər. Dövlət qurultaya pul ayırır, o pulun bir hissəsi musiqi kollektivlərinə, Filarmoniyaya və opera teatrına verilir ki, bəstəkarların əsərləri səsləndirilsin. Gənc bəstəkarlar ona görə oranın üzvü olmağa can atırlar ki, onların əsərləri səslənsin. O da həmişə yox, qurultaydan, qurultaya".
Bəstəkar vurğulayır ki, sovet dönəmində sözügedən qurumları hökumət yaratmışdı və onları dinləyirdi. İndi isə onların fikirləri heç bir əhəmiyyət kəsb eləmir. Bir problem olanda media da, dövlət də deyir ki, Bəstəkarlar İttifaqı hara baxır? Haqlıdırlar, amma onlara heç bir səlahiyyət verilməyib ki, nəyəsə təsir etsinlər. Əslində bu qurumlar mövcud qanunvericiliyə əsasən, ictimai təşkilatlar siyahısına salınıblar. Ona görə də heç bir səlahiyyətləri yoxdur. Əgər qurumun rəhbəri hörmətli adamdırsa, nəsə edə bilər:
"Məsələn, Anar kimi. Yazıçı Anarın müəyyən nüfuzu var. O, dövlət başçısının yanına gedib hansısa problemin həllinə nail ola bilər. Bu, sırf onun şəxsi nüfuzuna görədir. Sabah onun yerinə ondan nüfuzca aşağı olan başqası gəlsə, onun etdiklərini edə bilməyəcək".
Tanınmış yazıçı Kəramət Böyükçöl bir il Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub. Lakin müstəqil fikirlərinə görə həmin qurumdan uzaqlaşdırılıb. Yazarın fikrincə, ittifaqlar, gildiyalar və s. yaradıcı insanları nəzarətdə saxlamaq üçün yaradılıb:
"Orada yaradıcı insanları şirnikləndirmək üçün müəyyən addımlar atılır. Məsələn, hansısa yazara prezident təqaüdü verirlər. Başqa bir gənc yazara ayda 200 manat pul verilir. 200 manat gənc yazara boğaz olur, istədiyini yaza bilmir. Ona görə də bu qurumların yaradıcı insanlara heç bir faydası yoxdur. Onlar əbədi mühiti məhv etməklə məşğuldurlar. Mən yazar olduğum görə, Yazıçılar Birliyini nəzərdə tutub danışıram, amma digərləri də heç AYB-dən fərqlənmirlər. Bütün yaradıcı qurumlar bir məqsədə xidmət edir: Hər şey onların nəzarəti altında olmalıdır. O birliyin üzvü olan şəxs artıq bilir ki, nə olar, nə olmaz. Öz yaradıcılığı qalır kənarda".
Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov digər müsahiblərdən fərqli olaraq, gildiyaların, ittifaqların sovetin qalığı adlandırılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, bu kimi təşkilatlar Amerika, Avropa kimi inkişaf etmiş ölkələrdə də mövcuddur. Bu qurumların mövcud olmasının səbəbi odur ki, yaradıcı insanlar ictimaiyyətdən uzaq düşməsinlər.
"Mən belə qurumların yaradılmasının tərəfdarıyam. Bu qurumların adı sovet dövrü ilə bağlı deyil. Bu təcrübə xarici ölkələrdə də var. Məsələn, Amerika Kino Akademiyası, onun təsis etdiyi "Oskar" mükafatı var. Həmin Kino Akademiyasında rejissorlar, aktyorlar gildiyası var. Avropada yüzlərlə belə təşkilat mövcuddur. Sovet dönəmində bu ittifaqlar yaradıcı insanların sosial problemlərini də həll edirdi. Bu yaxınlarda Həsən Seyidbəylinin yubileyində kinooperator Rafael Qəmbərov bildirdi ki, ilk avtomobili Seyidbəylinin və İttifaqın köməkliyi ilə alıb. Bu gün də hansısa kinematoqrafçının problemi olanda İttifaqa üz tutur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azər Hacıəsgərli - Sputnik Azərbaycan, 1920, 24.03.2022
MƏDƏNİYYƏT
Bəstəkar Azər Hacıəsgərli: "İndi savadlı dinləyici çox azdır" - VİDEO
Xəbər lenti
0