Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankın valyuta ehtiyatı niyə azalıb?

© AP Photo / Darko VojinovicMərkəzi Bank
Mərkəzi Bank - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Abunə olmaq
Mart və aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatlar 72,2 milyon dollar azalıb. İqtisadçı azalmanın mümkün səbəbləri barədə danışıb.
BAKI, 7 may — Sputnik. Azərbaycan Mərkəzi Bankın valyuta ehtiyatları növbəti dəfə azalaraq bu ilin aprelin 29-na 7 milyard 85,8 milyon dollar olub. Aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 50,7 milyon dollar, mart və aprel aylarında 72,2 milyon dollar azalıb. Fevralda isə valyuta ehtiyatları 85,3 milyon dollar artaraq 7 milyard 158 milyon dollara çatmışdı.
Azalmanın səbəbləri nə ola bilər?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bu azalmanın narahatedici hal olmadığını söyləyib: "Bu, ciddi suallar doğura biləcək azalma deyil. Bəzi hallarda, əsasən də ilin əvvəllərində bankların valyutaya olan tələbi daha çox olur. Bu zaman Dövlət Neft Fondundan əlavə Mərkəzi Bankın özünün də ehtiyatlarından satışların həyata keçirildiyini ehtimal etmək olar. Qanunvericiliyə görə, Mərkəzi Bankın öz valyuta ehtiyatlarının cüzi bir hissəsini satışa çıxarmaq imkanı var".
Onun sözlərinə görə, digər tərəfdən Mərkəzi Bankın öz ehtiyatlarını artırmaq alqoritmi də var. Məsələn, valyutaya tələbat az olanda Mərkəzi Bank Neft Fondunun çıxardığı valyutanın bir hissəsini özü alır və ehtiyatlarına yönəldir. Yəqin sözügedən aylar ərzində bu da baş verməyib. Ona görə də Mərkəzi Bankın ehtiyatlarında cüzi də olsa, azalma müşahidə olunur.
Ehtiyatların daha artacağı gözlənilir
İqtisadçının fikrincə, indiki neft qiymətlərinə baxdıqda həm Mərkəzi Bankın həm də Neft Fondunun ehtiyatlarında bu il artımın olması ehtimalı kifayət qədər güclüdür. İl ərzində neftin qiyməti 100 dollardan yuxarı olarsa, qazın qiymətində də ciddi dəyişiklik olmazsa, ilin sonunda ehtiyatlarımızda artım olacaq.
Azərbaycanda devalvasiya riski yoxdur
O əlavə edib ki, Azərbaycanda sabit məzənnə rejimi artıq 5-ci ildir ki, mövcuddur. Hər hansı dəyişikliyin olacağını gözləmirəm. İndiki şəraitdə Azərbaycanda devalvasiya riski yoxdur. Eyni zamanda manatın bahalaşacağını da düşünmürəm. Mövcud inzibati tənzimləmə mexanizmi davam edəcək.
Neft və qazın qiyməti yüksək olaraq qalır
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, geosiyasi vəziyyətin qlobal iqtisadi mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklər yüksək qalsa da, tədiyə balansının profisitli (ölkəyə gələn valyutanın ölkədən çıxan valyutanı üstələməsi) olacağı gözlənilir.
Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri yüksək olaraq qalıb. "Brent" markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 100 ABŞ dollarını üstələyib. Digər mühüm ixrac məhsulu olan qazın qiyməti də yüksək səviyyədə qalmaqdadır.
İxrac əmtəələri üzrə qiymətlərin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi tədiyə balansının profisitini artırır. Bu da ölkənin strateji valyuta ehtiyatlarının artmasına və valyuta bazarında tarazlığın dəstəklənməsinə şərait yaradır.
Hərracda dollara tələb daha da azalıb
Xatırladaq ki, mayın 5-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 30,8 milyon dollar təşkil edib. Aprelin 28-də keçirilmiş valyuta hərracında isə tələb 44 milyon dollar olub.
Cari ilin əvvəlindən bəri keçirilmiş valyuta hərraclarında banklara 2 milyard 203,9 milyon dollar satılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0