Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılır

© Depositphotos.com / RawpixelYemək yeyən insanlar
Yemək yeyən insanlar - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Reyestrə daxil edilən məlumatlar hamı üçün açıq olacaq. Qida obyektlərinin təsdiq olunması ilə bağlı reyestrdən çıxarış verilməsinə görə rüsum tutulacaq.
BAKI, 5 may — Sputnik. Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq.
Bu, "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə görə, qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə daxil ediləcək və onlara reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.
Qeyd edək ki, qida subyektləri deyəndə qida zəncirində fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət qurumları nəzərdə tutulur. Qida obyekti isə qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsidir.
Reyestr Azərbaycanın informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq qurumun rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır.
Reyestrdən çıxarışa görə rüsum tutulacaq
Qida obyektlərinin təsdiq olunması ilə bağlı reyestrdən çıxarış verilməsinə görə qida subyektlərindən dövlət rüsumunun tutulması və rüsumdan azadolmalar “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilir.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Bu qanun ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
9 fəsil və 40 maddədən ibarət olan sənəd hazırlanarkən mövcud hüquqi baza və bu sahədə beynəlxalq təcrübə öyrənilib, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sazişlər, qabaqcıl ölkələrin qanunvericilik aktları əsas götürülüb.
Qanun layihəsinin hazırlanmasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər, o cümlədən Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankının təcrübəli mütəxəssisləri yaxından iştirak ediblər.
Qanun layihəsinin qəbulu qida təhlükəsizliyinə daha effektiv nəzarət sisteminin qurulması və əhalinin təhlükəsiz qida ilə təmin edilməsi, qida və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün daha təkmil inzibati prosedurların müəyyənləşdirilməsi, istehsal sahələrində məhsuldarlığın artırılması kimi ölkə əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verəcək.
Qida təhlükəsizliyi sisteminin daha təkmil formalaşdırılmasını nəzərdə tutan qanun layihəsində konkret prioritetlər və tədbirlər müəyyənləşdirilib, o cümlədən adıçəkilən sahədə dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər yer alıb.
Bundan əlavə, layihədə yer alan müddəalar sırasında qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, eləcə də qida subyektlərinin hüquq və vəzifələri və s. kimi mühüm istiqamətlər daxildir.
Bu qanun qüvvəyə mindiyi gündən "Yeyinti məhsulları haqqında" qanun ləğv ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0