Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baha qiymətə xəstələrə sırınan heç dərman da deyilmiş - Araşdırma

© AFP 2024 / PATRICK T. FALLONdərman
dərman  - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
Sosial platformada qiyməti səs-küyə səbəb olan preparatların Azərbaycanda xarici ölkələrdən baha satılmasının səbəbləri məlum oldu.
BAKI, 1 may — Sputnik. Ölkəmizdə dərman preparatlarının qiymətinin digər ölkələrlə müqayisədə kəskin fərqlənməsi ciddi narazılıqlara səbəb olur. Sosial platformada bununla bağlı çoxsaylı statuslar paylaşılır.
Türkiyədə 17, bizdə 121 manata
Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Uğur Polad bu günlərdə körpə övladlarında həzm probleminə görə həkimin təyin etdiyi "BiGaia" adlı preparatı almaq üçün Bakıda apteklərə müraciət edib. Preparatının qiymətini eşidəndə isə sözün əsl mənasında "gözü kəlləsinə çıxıb". Türkiyədə 144 TL-ə aldığı, Azərbaycan valyutası ilə 17 manata satılan preparat Bakıda apteklərdə ona 121 manata təklif olunub.
Daha bir sosial şəbəkə istifadəçisi Elyar İslamoğlu bildirib ki, Bakıda aptekdən 114 manata aldığı dərmanı Türkiyədən 14 manata alıb. İxtiyar Əsgərov isə qeyd edib ki, Bakıda 300 manata aldığı dərmanı Misirdən 120 manata alıb. Şəms Əlisoy adlı sosial şəbəkə istifadəçisi də Azərbaycanda 59 manata aldığı dərman preparatının Türkiyədə 103 tl-ə, yəni 14 manata satıldığını bildirib.
Sosial platformada dərmanların qiymətində digər ölkələrlə müqayisədə ciddi fərqi əks etdirən onlarla belə narazılıq dolu nümunələr çəkmək olar. Vətəndaşlar bildirir ki, ölkəmizdə bəzi dərmanların qiyməti çox baha olduğundan, onlar çıxış yolunu həmin dərman preparatını ucuz satılan ölkələrdən almaqda, sifariş verməkdə görürlər. İş o yerə çatıb ki, vətəndaşlar ölkəmizdə baha satılan dərman preparatlarını almaq üçün xarici ölkələrə səfər edən yaxınlarına minnətçi düşürlər.
Bəs görəsən Azərbaycanda satılan dərman preparatlarının qiymətində digər ölkələrlə müqayisədə bu qədər kəskin fərq necə yaranır?
Dərmandırsa qiyməti niyə tənzimlənmir?
Bu suala cavab tapmazdan öncə qeyd edək ki, Azərbaycanda dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Amma apardığımız araşdırma zamanı məlum oldu ki, qiyməti digər ölkələrlə müqayisədə Azərbaycanda çox baha satıldığı iddia edilən preparatlarının çoxu Tarif Şurasının tənzimlədiyi dərmanların siyahısında yoxdur.
Türkiyədə Azərbaycan valyutası ilə qiyməti 17 manat, Azərbaycanda 121 manata satılan "BiGaia" da bu qəbildəndir. Əlaqə saxladığımız apteklərin çoxundan bu preparatının satılmadığını bildirdilər. Paytaxtın 28 may küçəsində yerləşən "Mərkəzi Depo" aptekdən Sputnik Azərbaycan-a bildirdilər ki, sözügedən preparat Bakıda çox az sayda aptekə verilir. Qiymətini isə idxalçı özü müəyyənləşdirir. Aptek tərəfindən məhsulun üzərinə cüzi qiymət qoyulur. Apteklərdən sözügedən dərman preparatının onlara depodan verildiyini bildirdilər.
Dərman kimi qeydiyyatdan keçməyib!
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, sözügedən preparat dərman vasitələrinin dövlət qeydiyyatından keçməyib. Azərbaycanda qeydiyyatdan keçməmiş dərman preparatlarının satışı isə qadağandır:
""Dərman vasitələri haqqında" qanunun 9-cu maddəsində dərman vasitələrinin idxalı və ixracı qaydaları öz əksini tapıb. 9.6 bəndə görə, Ümumdünya Səhiyyə Təşkilatının müvafiq təsdiqedici sənədi ilə istifadəsi tövsiyə olunan dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmədən yalnız qeyri-kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına gətirilə bilər".
Hamı dərman hesab etsə də...
Qanuna rəğmən dövlət qeydiyyatından keçməyən preparatın apteklərdə açıq-aşkar, həmçinin çox yüksək qiymətə satılması isə sual doğurur. Apardığımız araşdırma zamanı bəlli oldu ki, Almaniya istehsalı olan "BiGaia" əslində dərman deyil. Əlaqə saxladığımız apteklərdən bildirdilər ki, sözügedən preparat qida əlavəsidir.
İqtisadiyyat Nazirliyindən bildirdilər ki, ölkəmizdə 10 ölkənin istehsalı olan dərman preparatlarının qiymətləri tənzimlənir. Bu siyahıya Almaniya daxil deyil. Onu da bildirdilər ki, dərman vasitəsi olmadığından və qiyməti tənzimlənmədiyindən bioloji fəallığa malik qida əlavələrinin adı Tarif Şurası tərəfindən təsdiq edilən dərman vasitələrinin qiymət cədvəlinə də daxil edilməyib.
Qida əlavələrinin qiyməti niyə tənzimlənmir?
Əczazçılıq mütəxəssisi, psovizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illərdə ölkəmizdə aparılan müalicələrdə dərman vasitələri ilə bərabər, bioloji fəallığa malik qida əlavələrinin istifadəsi geniş yayılıb. Belə məhsulların qiyməti tənzimlənmir. Yəni, bioloji fəallığa malik qida əlavələrinin qiyməti sərbəst şəkildə təyin oluna bilindiyindən apteklərdə onların qiyməti fərqli olur.
İnsanlar isə həkim tərəfindən tövsiyyə edilən qida əlavələrini dərman preparatı hesab edir və qiymətinin bahalığından şikayətlənir. E. Hüseynov deyir ki, qida əlavələrinin qiyməti tənzimlənməsə də, onların ölkəmizdə satışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sertifikat verilməlidir.
Qiyməti 112 manat olan, əslində vətəndaşların dərman preparatı hesab etdikləri "BiGaia" adlı qida əlavəsinə ölkəmizdə sertifikat verilib-verilmədiyinə isə AQTA-dan araşdırılaraq sorğumuza cavab verəcəklərini bildirdilər.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də ötən il brifinqdə ölkəyə bioloji fəallığa malik qida əlavələri idxal edən şirkətlər barədə danışarkən onlara qiymətləri aşağı salmaq, yaxud da satış qiymətinə uyğun gömrük ödənişləri etmələri təklif edildiyini bildirmişdi. Komitə sədri belə şirkətlərin ölkəyə gətirdikləri məhsulların gömrük dəyəri ilə apteklərdəki satış qiyməti arasında 300-600 faiz fərq olduğunu qeyd etmişdi.
Qida əlavələri dərman kimi reseptə yazıla bilməz!
O ki, qaldı belə bahalı preparatların müalicə məqsədilə pasiyentlərə tövsiyyəsinə, Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qida əlavəsi müalicə vasitəsi deyil: "Həkimlərə bu qida əlavələrini dərman firmaları tanıdır. Onlara bu qida əlavələrini pasiyentə tövsiyyə etmək qarşılığında müəyyən faiz təklif edirlər.
Firmalarla əlbir işləyib qazanc güdən həkimlər isə qida əlavələrini pasiyentlərə tövsiyyə edir. Pasiyentlər isə həkim yazdığı üçün onu dərman preparatı hesab edib qiymətinin baha olmasından şikayətlənir. Əslində qida əlavəsi orqanizmi möhkəmləndirmək üçün təyin edilir. Onun müalicə məqsədilə pasiyentə qida əlavəsi təyin etməsi doğru deyil".
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarında bioloji fəallığa malik qida əlavələri ilə bağlı bir sıra tələblər və qaydalar müəyyən edilib. Bu tələblərdən irəli gələrək, bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında hər hansı xəstəliyin adı, profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilməməlidir.
Bu məhsulların istifadə təlimatında müalicəvi təsirinin olmaması açıq-aydın əksini tapmalıdır. Belə ki, bioloji fəallığa malik qida əlavələrinin qablaşması üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş "Dərman vasitəsi deyildir", "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" sözləri yazılmalıdır. Qanunvericiliyə əsasən, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən ancaq tövsiyə oluna bilər, onların həkim reseptinə yazılması qadağandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0