CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sürücülər üçün ekoloji təmiz mühit yaranacaq

© AP Photo / Brynjar Gautisürücü
sürücü - Sputnik Azərbaycan, 1920, 01.05.2022
Abunə olmaq
Ekspertin sözlərinə görə vətəndaşlarımızın daha çox ekoloji təmiz avtomobil almaları üçün kreditlərin sadələşdirilməsi nəzərdə tutulub.
BAKI, 1 may - Sputnik. Azərbaycan ekoloji təmiz avtomobillərin istismarının daha da genişləndirilməsində israrlıdır. Ötən ildən bu proses aktivləşməyə başlayıb. Ölkəmizə idxal edilən elektriklə işləyən və hibrid avtomobillər 2022-ci ilin 1 yanvar tarixindən əlavə dəyər vergisindən azad edilib. Belə olan halda həmin avtomobillərin qiymətində də tədricən azalmanın olacağı ehtimal edilir.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, yaranmış vəziyyət həmin avtomobillərin ölkəmizə idxalını artıracaq:
"Müşahidələrim də göstərir ki, vətəndaşlar daha çox ekoloji təmiz avtomobillər almaqda maraqlıdırlar. Xüsusən də hibrid avtomobillərə geniş maraq var".
Statistik göstəricilərə əsasən ekspert deyir ki, 2019-2021-ci illərdə ölkəyə idxal edilən belə avtomobillərin sayı dəfələrlə artıb. Bundan başqa, mühərrik həcmi kiçik olan avtomobillərin də ölkəyə idxalı artıb.
E.Cəfərov vurğulayır ki, ötən ilin sonunda dövlət yol xəritəsini hazırlayaraq ictimaiyyətə təqdim edib, cari ildə də dövlət stimullaşdırıcı addımlar atacaq. Bununla da belə avtomobillər vətəndaşlar üçün əlçatan olacaq:
"Ola bilər, yaxın gələcəkdə elektriklə çalışan avtomobillər üçün gömrük rüsumu daha da azaldılsın. Bundan başqa, vətəndaşlarımızın daha çox ekoloji təmiz avtomobil almaları üçün kreditlərin sadələşdirilməsi nəzərdə tutulub. İl ərzində dövlət tərəfindən belə təkliflər olacaq".
O bildirir ki, hibrid avtomobillər üçün xüsusi infrostruktura ehtiyac olmasa da, elektiriklə çalışan avtomobillər üçün elektrikdoldurma məntəqlərinin sayının artırılmasına zərurət var:
"Hazırda belə məntəqələr olsa da, onların sayı çox deyil. Düşünürəm ki, infrastruktur genişləndikdən sonra elektriklə çalışan avtomobillər Azərbaycanda populyarlıq qazanacaq. Bunun üçün də dövlət müəyyən stimullşadırıcı addımlar atmaqda davam edir".
Tərtib olunan yol xəritəsi əsasında müəyyən işlərin görülməsi planlaşdırılır. Hazırda təkcə Bakıda deyil, respublikanın digər şəhər və rayonlarında da belə məntəqələrin sayının artırılması istiqamətində işlər gedir: "Ola bilər ki, özəl qurumlar da fəal şəkildə bu işə cəlb edilsin".
Qeyd edək ki, özəl sektor tərəfindən ekoloji nəqliyyat vasitələri ilə bağlı hazırlanmış xüsusi "Yol Xəritəsi" sənədinin 2-ci əsas istiqaməti olan ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanmasına dair bəndin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb.
Bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın "Sərhəddə ticarət" işçi qrupunun "Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə" altqrupunun iclasında bildirilib.
Bununla bağlı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələrinin idxal gömrük rüsumundan azad edilməsi təklif olunur.
Nazirlər Kabinetinin Qərar layihəsi işlənib hazırlanaraq aidiyyəti dövlət qurumlarına (İqtisadiyyat, Ədliyyə, Maliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə) təqdim edilib. Məlumata görə, layihənin yekun mətni formalaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev diqqətə çatdırıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi məqsədilə xüsusi yol xəritəsi hazırlanaraq təsdiq olunub. V.Şıxəliyev yol xəritəsinin hazırlanmasında tematik qrupların gərgin əmək sərf etdiklərini vurğulayıb, sənəddə konkret hədəflərin müəyyənləşdirilməsi və qarşıda duran məsələlərlə bağlı dərin təhlillər aparılmasının uğurlu nəticələr əldə olunması baxımından əhəmiyyət daşıdığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0