CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada işləyən azərbaycanlılar pensiya ala biləcəklər - DETALLAR

© AFP 2024 / MLADEN ANTONOVMoskva
Moskva - Sputnik Azərbaycan, 1920, 30.04.2022
Abunə olmaq
Vətəndaşın həm Azərbaycan, həm də Rusiyada pensiya kapitalı varsa, alacağı pensiya məbləği fərqli hesablanacaq. İmzalanan müqavilə ilə 1992-ci il yanvarın 1-dən sonrakı dövrdə qazanılmış stajlar qarşılıqlı şəkildə tanınacaq.
BAKI, 30 aprel — Sputnik. Artıq Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüququ tanınacaq. Bununla bağlı iki ölkə arasında sənəd imzalanıb.
Xaricdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya hüququnun tanınmasını təmin etmək məqsədilə belə müqavilələrin bağlanması prioritetdir.
Hər iki ölkədə əmək miqrantları fəaliyyət göstərir
Məsələni şərh edən deputat Vüqar Bayramov bildirib ki, bu, uzun müddətdir müzakirə edilən pensiya kapitalının qarşılıqlı olaraq tanınması ilə bağlı anlaşmadır. Hər iki ölkədə əmək miqrantları fəaliyyət göstərir, onlar işlədikləri dövrdə sosial ödənişlər həyata keçirir və müəyyən pensiya kapitalına malik olurlar. Lakin öz ölkələrinə qayıtdıqdan sonra həmin pensiya kapitalından istifadə ilə bağlı çətinlik olurdu, onlara pensiya hesablanan zaman həmin kapital nəzərə alınmırdı. Artıq bu razılaşma imkan verəcək ki, həmin kapital istifadə oluna bilsin.
Bu addım pensiyaya əlçatanlığı artıracaq
"Məsələn, Rusiyada 20 il işləmiş və sosial ödəniş etmiş azərbaycanlı əmək miqrantı Azərbaycana qayıdırsa, onun pensiyası ölkəmizdə təyin olunursa, artıq həmin şəxs bu kapital nəzərə alınmaqla pensiyaya çıxa biləcək. Bu addım pensiyaya əlçatanlığı artıracaq, daha yüksək pensiya almaq üçün şərait yaradacaq", - deyə deputat əlavə edib.
1992-ci il yanvarın 1-dən sonrakı dövrdə qazanılmış stajlar qarşılıqlı tanınacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov bildirib ki, sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının qorunması mexanizmlərini müəyyən edəcək. Hazırkı müqavilə ilə 1992-ci il yanvarın 1-dən sonrakı dövrdə qazanılmış stajlar qarşılıqlı şəkildə tanınacaq.
Hər iki ölkədə pensiya kapitalı olan vətəndaşlar bundan yararlana biləcəklər
Onun sözlərinə görə, sazişin qüvvəyə minməsindən asılı olmayaraq indiyədək hər iki ölkədə pensiya kapitalı olan vətəndaşlar bundan yararlana biləcəklər. Sazişin 2-3 ay ərzində tətbiqinə start veriləcək. Vətəndaş bir pensiyanı seçə biləcək. Pensiyanı ya Rusiyadan, ya da Azərbaycandan almalıdır. Eyni vaxta hər iki tərəfdən pensiya ödənişi qadağandır. Vətəndaş baxacaq, hansı ölkə ərazisində pensiyasının məbləği daha yüksək olacaqsa, o pensiyanı seçəcək və onun ödənişini tələb edə biləcək.
Vətəndaşın hər iki ölkədə pensiya kapitalı varsa, alacağı pensiya fərqli hesablanacaq
Elnur Abbasov bildirib ki, əgər vətəndaşın hər iki ölkədə pensiya kapitalı varsa, alacağı pensiya məbləği fərqli hesablanacaq: "Məsələn, 20 il Azərbaycanda, 10 il Rusiyada işləyən vətəndaş ölkəmizdə pensiyaya çıxarsa, biz 20 il stajı və 10 il stajı birləşdirəcəyik. Beləliklə, 30 il sığorta stajına uyğun olaraq vətəndaşa Azərbaycan qanunvericiliyinə uyğun olaraq pensiya təyin edəcəyik". Təyin olunmuş pensiyanın məbləğinə gəlincə, nazirlik rəsmisi deyib ki, məsələn, pensiya məbləği 300 manatdırsa, stajlara proporsional olaraq bunun 200 manatını biz ödəyəcəyik, 100 manatını isə Rusiya Azərbaycana ödəyəcək və bu məbləğ də vətəndaşın pensiya kartına köçürüləcək.
10-dan çox ölkə ilə oxşar sənəd imzalanıb
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq hər bir Azərbaycan vətəndaşı əmək pensiyası təminatı hüququna malikdir. "Əmək pensiyaları haqqında" qanuna əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İndiyədək Azərbaycan və Rusiya arasında pensiya sahəsində əməkdaşlıq sazişi olmadığından sonrakı dövr nəzərə alınmırdı.
Xatırladaq ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində "Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə" imzalanıb.
Sənədi hər iki ölkənin baş nazir müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.
Bundan əvvəl 10-dan çox ölkə ilə bənzər sənəd imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0