Burada yağış yağanda ölünü günlərlə dəfn etmək mümkün olmur
© Sputnik / Ilham MustafayevTovuzun Həsənli, Məşədivəlilər və Sarıdamlı kəndlərinin ərazisində körpünün çatışmamazlığı
© Sputnik / Ilham Mustafayev
Abunə olmaq
Körpü olmadığından yağış və ya qar yağanda kəndlərin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi kəsilir.
BAKI, 30 aprel — Sputnik. Tovuzun bir neçə ucqar dağ kəndini rayon mərkəzi ilə birləşdirən yol çayın içindən keçir. Körpü olmadığından yağış və ya qar yağanda kəndlərin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi kəsilir. Qış vaxtı buza görə keçilməyən çayda yaz-yay aylarında suyun səviyyəsi artır və mütəmadi olaraq sel yaranır. Nəticədə 800-ə yaxın ev, 4 minə yaxın əhalisi olan Həsənli kənd inzibati ərazi dairəsinin Həsənli, Məşədivəlilər və Sarıdamlı kəndlərinin əhalisi köməksiz vəziyyətdə qalırlar.
© Sputnik / Ilham MustafayevTovuzun Həsənli, Məşədivəlilər və Sarıdamlı kəndlərinin ərazisində körpünün çatışmamazlığı
Tovuzun Həsənli, Məşədivəlilər və Sarıdamlı kəndlərinin ərazisində körpünün çatışmamazlığı
© Sputnik / Ilham Mustafayev
Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakinləri bəzən selin çayın axarından iki metr yüksəyə qalxdığını deyirlər. Belə günlərdə sakinlərin ətraf kəndlər və rayon mərkəzi ilə əlaqəsi tam kəsilir. Təcili yardım, yanğınsöndürən maşınların belə keçməsi mümkün olmur. Eyni zamanda əksəriyyəti digər yerlərdən gələn müəllimlərin də məktəbə gəlməsi müşkülə çevrilir.
Məşədivəlilər kənd sakini İlham Rzayev sel gələn günlərdə bəzən ölülərini günlərlə dəfn edə bilmədiklərini söyləyib:
© Sputnik / Ilham Mustafayevİlham Rzayev
İlham Rzayev
© Sputnik / Ilham Mustafayev
"Körpüsüzlükdən çox əziyyət çəkirik. Yağış yağan kimi sel olur, bütün dağların suyu gəlib buradan keçir. Neçə maşınları sel yuyub aparıb. Dəfələrlə inək, qoyun-quzunu su aparıb. Hamısı bir yana ölülərimizi basdıra bilmirik. Qəbiristanlıq o biri taydadır. Yağışlı günlərdə bu tayda adam öləndə cənazəsi günlərlə evdə qalır ki, sel çəkilsin, sonra dəfn edək. Bəzən əlavə məşğələlərə gedən uşaqlar da evə qayıtmaq üçün 5-6 saat ərzində suyun çəkilməsini gözləməli olurlar. Su azalmayanda, çayın o tayındakı qohum-əqrəbanın evlərində qalırlar."
Burada heç vaxt körpü olmadığından, sakinlər dəfələrlə xoşagəlməz hallarla üzləşiblər. İndiyədək insan tələfatı olmasa da, mal-qara və maşınlar selin qurbanına çevriliblər.
Həsənli kənd sakini Bayram Əliyev sel zamanı iri yük maşınlarının belə buradan keçə bilmədiyini deyib:
© Sputnik / Ilham MustafayevBayram Əliyev
Bayram Əliyev
© Sputnik / Ilham Mustafayev
"Buradan yuxarıda 3 kənd var, amma bu yoldan 18 min əhali istifadə edir. Çünki Böyük Qışlaq, Çatax kəndlərinin hamısının pay torpaqları çayın bu biri üzündədi. Sel gələndə buradan heç bir maşın keçə bilmir. Mənim "Niva" markalı maşınım var. Su qalxanda heç o da çayı keçə bilmir. Qaz 66, Qaz 53 markalı yük maşınları zorla keçirlər, bəzənsə heç onlar da keçə bilmir. Uşaqlar məktəbə, məşğələyə gedib-gəlməkdə çətinlik çəkirlər. Valideynlər balaca uşaqları çiyinlərinə alıb sudan keçirirlər. Başqa kəndlərdən, rayondan müəllimlər gəlir, dəfələrlə onları çaydan mən keçirməli olmuşam. Heyvanlarımızı sel aparır. Bir xəstə aparanda və ya yanına gedəndə problem yaşayırıq. Dövlət tərəfindən tədbir görülsə, sakinlər də öz gücləri ilə istənilən köməkliyi göstərərlər".
Digər sakin Asif Məmmədov dəfələrlə sakinlərin öz güclərinə körpü qoyduqlarını, ancaq onun ömrünün uzun olmadığını bildirib:
© Sputnik / Ilham MustafayevAsif Məmmədov
Asif Məmmədov
© Sputnik / Ilham Mustafayev
"İlin dörd fəslində yağış yağanda, çıxılmaz vəziyyətdə qalırıq. Bəzən 1 ay hava yağmurlu olur. Yazda selin hündürlüyü 2 metrə çatır. Yanğınsöndürən lazım olur, çağırırıq gəlmir, ambulans çağırırıq, gəlmir. Bura bizim yeganə yolumuzdur. Aidiyyatı qurumlardan xahiş edirik, bizə bir körpü tiksinlər. Kənd camaatı dəfələrlə yığışıb körpü salıb, amma sel gələn kimi yuyub aparıb".
Sakinlər körpünün inşası, yol yatağının təmir edilməsi üçün aidiyyatı üzrə dəfələrlə müraciət ediblər. Lakin səslərinə səs verən olmayıb.
Həsənli kənd bələdiyyəsinin sədri Hafiz Əliyev də bu ərazidə körpü olmamasının əhalinin güzəranına ciddi təsir göstərdiyini etiraf edib:
© Sputnik / Ilham MustafayevTovuzun Həsənli, Məşədivəlilər və Sarıdamlı kəndlərinin ərazisində körpünün çatışmamazlığı
Tovuzun Həsənli, Məşədivəlilər və Sarıdamlı kəndlərinin ərazisində körpünün çatışmamazlığı
© Sputnik / Ilham Mustafayev
"Yolumuzun üzərində körpü olmaması ciddi problemdir. İndiyədək ümidliydik ki, yaxın kəndlərin yolu asfaltlananda bizim yola da bir əncam çəkərlər. Lakin bu olmadı. Bu səbəbdən yaxın günlərdə kənd sakinləri ilə görüşüb birlikdə müraciət ünvanlayacağıq".
Tovuz Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsindən isə bildirilib ki, sözügedən kəndlərə gedən yolda çay üzərində körpünün inşası və yolun əsaslı təmiri üçün rayon İcra Hakimiyyətinin yetərli maliyyə balansı mövcud deyil. Bu problemin həlli üçün kəndin icra nümayəndəsi yazılı sürətdə İcra Hakimiyyətinə müraciət etməlidir, o da müvafiq qurumlara.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.