SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan tərəfi ilə telefon danışığında müəyyən nəticələr əldə olunub - Ceyhun Bayramov

© Photo : MFA AzerbaijanAzərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 27.04.2022
Abunə olmaq
Bu gün Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təkbətək və geniştərkibli görüş keçirib.
BAKI, 27 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili arasında təkbətək görüş keçirilib. Daha sonra Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü başlayıb.
Nazirlər görüşün yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib ki, Ermənistanın xarici işlər naziri ilə telefon danışığından müəyyən nəticələr əldə olunub.
O, gürcüstanlı həmkarı ilə görüşdə münaqişə sonrası vəziyyəti və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması məsələsini müzakirə etdiyini, həmçinin onu Ermənistan ilə sülh müqaviləsinin imzalanması üzərində aparılan işlər və ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı telefon danışığı barədə məlumatlandırdığını bildirib.
"Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığımız olub. Artıq Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün müvafiq şərait mövcuddur", - C.Bayramov deyib.
Nazir Birgə Sərhəd Komissiyasının üzvlərinin razılaşdırıldığını, yaxın zamanda bu komissiyanın, həmçinin sülh müqaviləsinin işlənib hazırlanması üzrə işçi qrupun iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Azərbaycanın XİN başçısı regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edib. Dövlətimizin başçısı ilk növbədə İliya Darçiaşvilini Gürcüstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ölkələrimizin və xalqlarımızın qarşılıqlı dəstəyinə, həmrəyliyinə əsaslandığını bildirdi, əlaqələrimizin möhkəm təməllər üzərində qurulduğunu deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0