CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəşəriyyəti xilas edənlərin özləri xilas gözləyirlər

© Sputnik / Vladimir VyatkinÇernobıl qurbanı
Çernobıl qurbanı - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında minlərlə azərbaycanlı iştirak edib.
BAKI, 26 aprel — Sputnik. Bu gün Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında (AES) güclü nüvə partlayışının baş verməsindən 36 il ötür. Bəşəriyyətin ən böyük texnogen fəlakəti sayılan Çernobıl hadisəsi zamanı atom stansiyasının dördüncü reaktoru yanaraq tamamilə məhv olmuş, reaktorun fəaliyyəti nəticəsində yığılmış radioaktiv məhsulların bir hissəsi ətraf mühitə yayılmışdı. Məlumatlara görə, hadisə zamanı ümumilikdə 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub.
1986-cı ilin aprelin 26-da baş vermiş qəza yerinə bütün SSRİ-dən tədricən 600 mindən çox insan cəlb edilib. Qəza yerinə gedənlər arasında gənclərdən ibarət 7 min nəfərdən çox azərbaycanlı da var idi. Onlar böyük təhlükəyə baxmayaraq, Çernobıla yollanıblar. Onların çoxu elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil oldu və ya ağır xəstəliklərə tutuldu. Təkcə AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıb.
Odur ki, hər il aprelin 26-da Azərbaycanda da Çernobıl hadisələri anılır.
Çernobıl iştirakçılarının hadisədən dörd il sonra bərpa olunan hüquqları
Çernobıl Əlilləri Cəmiyyətinin (ÇƏC) sədri Mirhəsən Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 8 minə yaxın azərbaycanlı iştirak edib. M.Həsənov deyir ki, həmin vaxt qəzanın təsirləri ilə bağlı məlumatlar məxfi saxlandığından, dörd il müddətində Çernobıl iştirakçıları ciddi problemlərlə üzləşiblər. 1990-cı ildə digər respublikalarla birgə Azərbaycandan olan Çernobıl iştirakçıları da daxil olmaqla haqq səslərini qaldırıblar və nəticədə "Çernobıl" ittifaqı təsis olunub. O vaxtadək heç bir Çernobıl iştirakçısına səhhətinə dəymiş ziyanla bağlı əlillik verilməyib. Ondan sonrakı mərhələdə, 1990-cı ildə qəbul edilən qərarlarla Azərbaycanda Çernobıl iştirakçılarına bəzi hüquqların verilməsi məsələsi öz əksini tapıb. 1990-cı ildən başlayaraq üç il ərzində qəbul edilmiş qanunvericilik aktları onların hüquqlarının qorunmasına yetərli olmadığından, 1992-ci ildə Çernobıl əlillərinin konkret statusunun müəyyən edilməsi təklifi irəli sürülüb. Amma həmin dövrdə bu təklif qəbul edilməyib. Nəhayət Heydər Əliyevin hakimiyyəti dövründə, 1993-ildə Çernobıl qəzasının ləğvi işlərində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların status və sosial müdafiəsi haqqında qanunu qəbul edilib. Bu qanunla həmin vaxtdan Çernobıl iştirakçılarının hüquqlarının qorunması təmin edilib. Beləcə Çernobıl əlillərinin pensiya təminatı, prezident təqaüdü ilə təminatı məsələləri öz həllini tapıb.
Artıq onlara da ev verilir
M.Həsənov bildirdi ki, artıq Çernobıl iştirakçıları da şəhid ailələri və Qarabağ müharibəsi əlilləri kimi mənzillə təmin edilir. 2021-ci ildə Prezidentin müvafiq fərmanı ilə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olan vətəndaşlara mənzil verilməsi təmin olunub. 2021-ci ilin aprel ayından bu günədək 275 ailə mənzillə təmin edilib. Bu il də bu proses davam etdirilir.
Çernobıl iştirakçıları ən çox onkoloji xəstəlikdən əziyyət çəkirlər
Birlik sədri deyir ki, Çernobıl iştirakçıları hərtərəfli qayğı ilə əhatə olunsalar da, onların səhhətinə dəymiş zərəri aradan qaldırmaq mümkün deyil. Hətta Azərbaycanda Çernobıl iştirakçılarının övladları da bu acını yaşayırlar: "Çernobıl iştirakçıları ən çox onkoloji xəstəliklərdən əziyyət çəkirlər. Onlarda qalxanvari vəzin funksiyasının pozulması bir sıra problemlərə yol açır. Qan xəstəliklərindən də əziyyət çəkirlər. Pandemiya dövründə biz xeyli sayda Çernobıl iştirakçısını itirdik. Hazırda Çernobıl iştirakçılarından 4800-ə yaxını sağ qalıb".
Təbii ki, buna sağ qalmaq demək mümkün olarsa...
"Ona sevinirəm ki, övladım olmadı"
Bəşəriyyətin xilaskarı adlandırılan Çernobıl iştirakçıları ömürlük əlillik qazanıblar. Onlardan biri də Ermənistanın Amasiya rayonundan olan azərbaycanlı, 65 yaşlı Vaqif Əhmədovdur. 1986-cı ilin yaz ayını xatırlayan V.Əhmədov deyir ki, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzada onların bir ali missiyası olub - bəşəriyyəti bu qəzadan maksimum az zərərlə xilas etmək!
Ailə qurduqdan az sonra Çernobıla yollanan V.Əhmədov 1-ci qrup əlildir. Onun sözlərinə görə, Çernobılda xidmət göstərdiyi 27 gün onun sağlığına zərər vurmağa kifayət edib. Hazırda ciddi baş ağrılarından əziyyət çəkən V.Əhmədov 4 dəfə insult keçirib. V.Əhmədov mənzillə təminatın onun qayğılarını azaltdığını desə də, hər ay aldığı 400 manatın xeyli hissəsini dərmanlara xərclədiyini bildirir. Çernobıl qəzasının ona vurduğu ən böyük zərbə isə övladsız qalmasıdır. Amma V.Əhmədov övladı olmadığına görə təəssüflənməklə yanaşı, digər tərəfdən sevindiyini bildirir. Deyir ki, Çernobıl iştiraçılarının çoxunun övladı müxtəlif xəstəliklərlə doğulur: "Ona sevinirəm ki, övladım olmadı. Onun xəstə doğulub mənim kimi əziyyətlər çəkməsinə dözə bilməzdim" .
Çernobıl əlillərinin sayı nə qədərdir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirildi ki, əlilliklərinin səbəblərinə münasibətdə, Çernobıl əlilləri "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" (2 500 nəfər) və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" (3 000 nəfər) əlilliyi olanlar kimi iki qrup üzrə müəyyən olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə və avtomobillə təminatı həyata keçirilir. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat) ödənilir. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (130 manat) ilə təmin olunur.
Həmçinin, hər iki qrupdan olan əlilliyi olan şəxslərin böyük əksəriyyətinə əlilliyə görə pensiya, bir qisminə isə əlilliyə görə aylıq müavinət, bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (bu ilin əvvəlindən 50 manatdan 80 manata çatdırılıb) verilir. Aparılan ardıcıl islahatlar çərçivəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 75 faiz, müavinət və təqaüd ödənişləri isə 3,7 dəfə artıb. Yeni islahat paketi çərçivəsində bu ilin əvvəlindən əlilliyə görə müavinətlər növbəti dəfə artırılaraq I dərəcə əlilliyə görə 150 manatdan 220 manata, II dərəcə əlilliyə görə 130 manatdan 180 manata, 3-cü dərəcə əlilliyə görə 110 manatdan 120 manata çatdırılıb.
Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət verilir.
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslər hər il birdəfəlik müavinətlə də təmin olunur, onların tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. də həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Çernobılda binalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Çernobıl AES-də soyutma sistemləri adi rejimdə işləyəcək
Xəbər lenti
0