Qaxda yaşayan gürcülər Pasxanı qeyd edir
14:56 24.04.2022 (Yenilənib: 17:38 24.04.2022)
© Sputnik / Leyla AbdullayevaQaxda yaşayan gürcülər Pasxanı qeyd edir
© Sputnik / Leyla Abdullayeva
Abunə olmaq
Bakıdakı Müqəddəs Sülhsevər Qadınlar kafedral kilsəsində Pasxa bayramı mərasimi keçirilib. Dövlət başçısı Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
BAKI, 24 aprel — Sputnik. Azərbaycan tolerant ölkə olduğundan burada yaşayan azsaylı xalqlar sərbəst şəkildə milli və dini bayramlarını qeyd edə bilirlər. Qax rayonunda yaşayan gürcü mənşəli vətəndaşlar da bu gün təmtaraqlı şəkildə dini bayramları olan Pasxanı qeyd edirlər. Qaxbaş kənd sakini Nanuli Babucaşivilinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sakinlər günlərdir ki bu bayrama hazırlıq görürlər.
© Sputnik / Leyla AbdullayevaQaxda yaşayan gürcülər Pasxanı qeyd edir
Qaxda yaşayan gürcülər Pasxanı qeyd edir
© Sputnik / Leyla Abdullayeva
“Bu bayramı hər il səbirsizliklə gözləyirik. Bayram öncəsi oruc tutulur və 40 gün sonra bayram qeyd edilir. Bir neçə gündür evləri təmizləyirik ki, bayrama təmiz çıxaq. İki gündür gecəmizi kilsədə dualar etməklə keçiririk. Kilsədə çoxlu şamlar yandırılır, müqəddəs İsanın ruhuna dualar oxuyuruq. Bu bayrama mütləq şəkildə həm uşaqlara, həm də özümüz üçün yeni paltarlar alıb bayramı təzə paltarlarla qeyd edirik. Beləliklə, bədənimiz də, ruhumuz da təzələnmiş olur”, - deyə Nanuli xanım bildirib.
© Sputnik / Leyla AbdullayevaQaxda yaşayan gürcülər Pasxanı qeyd edir
Qaxda yaşayan gürcülər Pasxanı qeyd edir
© Sputnik / Leyla Abdullayeva
Rayonun Meşəbaş kənd sakini Vaja Muradxanaşivili isə bayramın ən gözəl adətinin küp açma olduğunu vurğulayıb:
“Bu bayramda hamının səbirsizliklə gözlədiyi məqam küp açma mərasimidir. Adətən iki ildən qalma şərab küpü açılır. Evin ailə qurmuş qızları, qohum-əqraba toplaşıb küp açma mərasimində iştirak edirlər. Küpü evin ağsaqqalı açır və ətrafdakı qohumlar bir-bir şərabın dadına baxmaq üçün küpün ətrafına toplaşırlar".
© Sputnik / Leyla AbdullayevaQaxda yaşayan gürcülər Pasxanı qeyd edir
Qaxda yaşayan gürcülər Pasxanı qeyd edir
© Sputnik / Leyla Abdullayeva
Vaja bəy deyir ki, əslində bu bayram bir növ də Azərbaycanın milli bayramı olan Novruz bayramına da bənzəyir:
"Çünki bizdə də səməni cücərdilir, yumurta boyanır və uşaqlar "qodu-qodu" gəzib pay toplayırlar. Qadınlarımız “Pasxa” adlı şirniyyat bişirirlər və bu da bayramın simvollarından sayılır. Onu da qeyd edim ki, bizdə qəbir ziyarətinə ildə iki dəfə çıxılır. Yəni başqa vaxt məzarlığa gedilmir. Sabah hamı bişirdiyi “Pasxa” şirniyyatından götürüb məzarlığa gedib ölülərin adına duz tökəcəklər”.
Onu da qeyd edək ki, Azərbaycan paytaxtındakı Müqəddəs Sülhsevər Qadınlar kafedral kilsəsində Pasxa bayramı mərasimi keçirilib.
Öz növbəsində Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib, Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzularını çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.