Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Buğda ixracı ilə bağlı qadağaların Azərbaycana təsiri olacaqmı?

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidBuğda
Buğda  - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
Azərbaycan buğda ehtiyatlarını artırır. Bu yaxınlarda ölkəmizdə taxıl biçininə start veriləcək.
BAKI, 24 aprel — Sputnik. Qazaxıstan da buğda ixracına qadağa qoyub və bunu qlobal qıtlıq ilə əlaqələndirib. Qazaxıstan dünyada 9-cu ən böyük buğda ixracatçısıdır. Bundan öncə isə Rusiya, Ukrayna xaricə buğda satışını dayandırıb.
Bəs, buğda ixracına qadağa Azərbaycana necə təsir edəcək?
Azərbaycanın illik buğda tələbatı 3.5 milyon tondur
Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir. Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir.
O qeyd edib ki, rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3.5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40%-i idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80% ilə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30% bahalaşmışdı.
Azərbaycan buğda ehtiyatlarını artırır
O vurğulayıb ki, Azərbaycan buğda ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb və bu proses davam edir. Sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsulların ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb. Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib.
Ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır
"Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38%-i buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1.9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənir"-deyə o bildirib.
Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır
Deputat əlavə edib ki, dünyada qiymət artımları fonunda idxal inflyasiyası qaçılmazdır. Bu, ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan hökumət antiinflyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır.
Millət vəkili növbəti dövrlərdə qiymətin necə dəyişməsini dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacağını dilə gətirib. Onun sözlərinə görə, artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır.
Qazaxıstan bu il Azərbaycana buğda ixracını 27 dəfə artırıb
Qeyd edək ki, bu ilin 2 ayında Azərbaycana xaricdən 51 milyon 953.31 dollar dəyərində 150 min 597.5 ton buğda idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal buğdanın dəyəri 9.2 dəfəyədək, həcmi isə 6.7 dəfədən çox artıb. Ölkəyə gətirilən buğdanın 54.3%-i Qazaxıstanın, 45.7%-i isə Rusiyanın payına düşür. Hesabat dövründə Qazaxıstandan Azərbaycana 27.397 milyon dollarlıq 81 min 783.24 ton buğda tədarük olunub. Bu da illik müqayisədə həcm ifadəsində 27 dəfə, dəyər ifadəsində 34.2 dəfə çoxdur. Rusiyadan isə 24.556 milyon dollarlıq 68 min 814.25 ton buğda idxal olunub. Nəticədə, bu il Azərbaycanın buğda idxalında Qazaxıstanın payı ötən ilki 13.5%-dən 54.3%-ə qədər yüksəlib. Rusiyanın payı isə 86.4%-dən 45.7%-ə qədər enib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov payızda 1 milyon 15 min 685 hektar sahədə dənli taxıl bitkilərinin əkildiyini söyləyib. Onun sözlərinə görə, bunun 602 min hektarı buğda, 413 min hektarı isə arpadır.
Buğda istehsalı artıb
Qeyd edək ki, ötən il buğdanın əkin sahəsi 2015-ci ilə nisbətən 6.0% artıb, 2020-ci ilə nisbətən isə 2.7% azalaraq 572.3 min hektar olub.
Keçən il buğda istehsalı 2015-ci ilə nəzərən 11.7%, 2020-ci ilə nisbətən isə 1.0% artaraq 1.9 milyon ton olub.
Buğda istehsalının 40.0%-dən çoxu 10 rayonun payına düşüb: Cəlilabad, Şəki, Füzuli, Ağcabədi, İsmayıllı, Naxçıvan MR, Sabirabad, Saatlı, Ağsu, Qobustan.
Buğdanın məhsuldarlığı ötən il 32.9 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 5.1%, 2020-ci ilə nisbətən 3.8% artıb.
Buğdanın əsas istehsalçı rayonları olan Sabirabad, Saatlı, Ağcabədi, İsmayıllı, Füzuli və Ağsu rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.
2019-2021-ci illər ərzində daxili bazarda buğdanın 1 kiloqramının sahədən və ya topdan satış qiymətləri 0.35-0.52 manat arasında dəyişib.
Ötən il Azərbaycana buğda idxalı əvvəlki ilə nisbətən 15.9% azalaraq 1.15 milyon ton olub.
Azərbaycana buğda idxalı əsasən Rusiya (95.3%) və Qazaxıstandan (4.6%) həyata keçirilir.
Təxminən 40 gün sonra Azərbaycanda taxıl biçininə start veriləcək.
İstehsal üçün potensial var
Aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən Azərbaycanda ərzaqlıq buğdanın istehsalını artırmaq qarşıya məsələ kimi qoyulub.
Ölkədə taxıl istehsalı tələbatın 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25% təmin edirik. Bu rəqəmin ən azı 70-75%-ə çatdırılması qarşıya məqsəd qoyulub.
Prezident deyib ki, buna nail olmaq üçün həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində potensial və imkanlar var.
O qeyd edib ki, bunun üçün həm bu il, həm də gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur.
"Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq", - deyən prezident bunu çox yaxşı nəticə adlandırıb.
İlham Əliyev vurğulayıb ki, həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0