Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan kinosunun "Gəray bəy"i və "Qaçaq Nəbi"sinin doğum günüdür

© Photo : Azerbaijanfilm / 1970"Yeddi oğul istərəm" filmindən kadr
Yeddi oğul istərəm filmindən kadr - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
Məlahətli səsi ilə insanların qəbinə yol tapan sənətkar həm də bir çox filmlərdə müxtəlif obrazları səsləndirib.
BAKI, 24 aprel — Sputnik. O, Azərbaycan kinosunda və teatrında bənzərsiz obrazları ilə yadda qalıb. XX əsrin səhnə salnaməmizin nadir simalarından biri kimi yaddaşlara həkk olunan Xalq artisti, Dövlət mükafatı laureatı Həsənağa Turabovun doğum günüdür. Ölməz sənətkar 1938-ci il aprelin 24-də Bakıda dünyaya göz açıb.
Əslən Cənubi Azərbaycandan idi. Bakının "Zərgərpalan" adlanan məhəlləsində böyüyən gələcək sənətkar 1955-ci ildə daxil olduğu Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini 1960-cı ildə bitirir.
Mehdi Məmmədovun kursunda təhsil alan Həsənağa ali məktəbi bitirdiyi ildən Akademik Milli Dram Teatrında işə başlayır. Teatrda işlədiyi son on dörd ili (1987-2001) isə bu mədəniyyət ocağına rəhbərlik edir.
Deyilənə görə, H.Turabov tələbəlik illərində elə də parlaq gələcək vəd etmirmiş. Düzdür, "Azdrama"da müxtəlif rollar oynayıbmış. Amma yaşıdları olan digər gənc aktyorlardan heç nə ilə fərqlənmirmiş. Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Möhsün Sənani, Ələsgər Ələkbərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağadadaş Qurbanov, Leyla Bədirbəyli kimi sənətkarlarla çiyin-çiyinə çalışdıqca Turabovun daxilindəki böyük potensial üzə çıxmağa başlayır.
H.Turabovun yaradıcılığının ən məhsuldar dövrü isə Tofiq Kazımovun "Azdrama"nın baş rejissoru olduğu illərə təsadüf edir. Dahi rejissor teatrın demək olar ki, bütün repertuarını onun üzərində qurur.
1987-ci ildə isə qeyd etdiyimiz kimi, böyük aktyor uzun illər işlədiyi Akademik Milli Dram Teatrının direktoru seçilir. Direktor seçiləndən sonra daha çox inzibati işlərlə məşğul olur və əksər rollarını güvəndiyi gənc həmkarlarına "bağışlayır".
Həsənağa Turabov Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib.
Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.
Korifey sənətkar bir sıra bədii filmlərdə də maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı aktyorun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur.
H.Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru olub.
Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olub.
Çoxları onu həddən artıq əzazil, rəhmsiz biri kimi təsəvvür edirlər. Əslində isə o, göründüyü kimi olmayıb. Sadəcə, nizam-intizamı çox sevirmiş və öz işində də yetərincə məsuliyyətli olub.
Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Füzuli Hüseynov Həsənağa Turabov barədə xatirələrini danışarkən deyib ki, sənətkar zəhmli olduğu qədər xoşxasiyyət imiş.
Bir gün Azərbaycan Dövlət İncəsənət İnstitutunun bufetindən Turabov siqaret almaq istəyirmiş, amma xırda pulu olmayıb. Tələbə Füzuli Hüseynov Turabovun siqaretinin pulunu ödəmək istəyəndə sənətkar buna etiraz edib:
"O, bizdən yuxarı kursa dərs deyirdi. Bufetdə oturmuşduq, bufetə girib siqaret almaq istəyirdi. Bufetçi dedi ki, Həsən müəllim, xırda pulumuz yoxdur. Mən də nə isə almalı idim. Cibimdən pul çıxardım, dedim ki, Həsən müəllim, məndə var. Mənə tərəf dönüb dedi ki, "ala, student adamsan, puluvu qoy cibivə". Razı olmadı və dönüb getdi. Onunla ilk tanışlığımız belə oldu".
Deyilənə görə, Bir dəfə 2-3 min manat pul ayırıbmış ki, onun haqqında kitab yazılsın. Kitabı yazacaq adamla otağında söhbət edirmişlər. Fəhlələrdən biri gəlib ki, uşağım xəstədir, pul lazımdır. Soruşub, fəhlə də deyib ki, 3 min dollar lazımdır. Çıxardıb pulun hamısını verib fəhləyə. Kitabı yazacaq adam deyib ki, bəs kitab? Deyib, kitab qaçmır ki, əsas uşaqdır.
H.Turabov yeganə adam idi ki, seçki yoluyla Akademik Milli Dram Teatrına direktor seçilmişdi. O, teatrın qapısından içəri girəndə mərhum Səyavuş Aslandan tutmuş, ən cavan aktyorlara, texniki işçilərədək hər kəs özünü yığışdırırdı. Amma eyni zamanda, uşaq kimi ürəyi var imiş.
F.Hüseynovun sözlərinə görə, Həsənağa Turabov nə qədər xarizmatik, zəhmli insan olsa da, bəzən ona verilən yalan məlumatlara inanırmış:
"Onun yan-yörəsində lazımsız insanlar olurdu. Bir az da sözə tez inanan idi və düşünürəm ki, bu, Turabovun ən zəif cəhəti idi. Ona səhv məlumat verirdilər, hirslənirdi. Məsələn, kimsə məndən nəsə deyirdi. Kabinetinə çağırırdı. Qapını döyürdün, "gəl" deyirdi, "otur" demirdi və dərhal "hücuma" keçirdi. Amma izah edəndə ki, əslində, ona çatdırılan xəbərlər doğru deyil, o dəqiqə deyirdi ki, "sən Allah, bağışla"".
F.Hüseynov deyir ki, nə qədər təzadlı olsa da, H.Turabov teatrın içini çox yaxşı bilirmiş.
"Yaşar Nurini çox istəyirdi. Neçə dəfə gəlib Yaşardan şikayət etmişdilər... Deməli, bir dəfə Yaşar Nuri teatra içkili halda gəlib, deyilənə görə, yeriyə bilmirmiş. Tez Turabova xəbər veriblər, inanmayıb, deyib ki, ola bilməz. Aparıb göstərəndə deyib ki, ala, o, dəm deyil, yorulub "prosto"".
Yayılan bəzi şaiyələrə görə, Həsənağa Turabov "Azdrama"nın ondan sonrakı direktoru, mərhum xalq artisti Əlabbas Qədirovla qatı düşmən olub, əslində isə məsələ belə deyilmiş. Əlabbas Qədirov teatra içkili gəldiyinə görə Turabov onu teatrdan uzaqlaşdırmışdı. Sonradan Teatr Xadimləri İttifaqında iclas olub və bir neçə aktyorun Qədirovun işə bərpa olunmasıyla bağlı xahişindən sonra onu işə qəbul edib.
Turabovdan sonra teatra məhz Qədirov direktor təyin olunur. Turabov isə teatrdan gedir və gününün çox hissəsini Teatr Xadimləri İttifaqında keçirir. İçində Ağa Məhəmməd Şah Qacar rolunu oynamaq istəyi varmış sənətkarın, amma bu, ona qismət olmur.
Deyirlər ki, böyük sənətkarlar övladlarının onların yolunu davam etdirməsinə razı olmurlar. Çünki səhnə həyatı kənardan nə qədər cazibədar görünsə də, həddən artıq çətindir, hətta məşəqqətlidir. Bəzən səhnədə iki ayrılmaz, sadiq, vəfalı dostu oynayan aktyorlar kulisdə bir-birinə düşmən də kəsilə bilirlər. Nə qədər qəribə olsa da, Turabov övladlarının onun yolunu davam etdirməsinə razılıq veribmiş. Belə ki, onun hər iki oğlu - həm Yalçın, həm də Daşqın Mədəniyyət və İncəsənət Universitetinə daxil olublar. Amma qızının bu sənətə gəlməsini istəməyib. Sonradan oğulları da onun sənətini davam etdirməyiblər.
Sənətkar gənclərə hər zaman yardım edib. YUĞ və Pantomima teatrları da məhz Həsənağa Turabovun səyi nəticəsində yaranıb.
Həsən Turabovun qızı Sevinc Turabova müsahibələrin birində deyib ki, aktyor tələbələrinə qarşı həmişə çox diqqətli olarmış:
"Universitetdə dərs deyəndə Əsgər adlı bir tələbəsi vardı. Hər maaş vaxtı həmin tələbəyə tapşırardı ki, onun maaşını alıb kasıb tələbələrə paylasın. Atam həmişə mənə deyirdi ki, heç vaxt uşaqları imtahandan kəsmə. Qoy, nə bilirlər danışsınlar. Tələbədir, bilə də bilər, bilməyə də. Heç bir tələbənin ürəyini qırma".
Aktyor olduqca sağlam imiş. Amma oğlu Daşqının ölümü sənətkarın bu dünyadan tez köçməsinə səbəb olub. Övladlarından ən çox onu sevirmiş. Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olmuş Daşqın Turabov 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib. Sənətkar ömrünün son illərini böyük oğlu Daşqının dərdiylə yaşayıb.
Kiçik oğlu Yalçın Turabovun dediklərindən:
"Atamı Daşqının dərdi öldürdü. Qardaşım polis əməkdaşı idi, cavan yaşında həlak oldu. Tutmaq istədikləri cinayətkarın əlindəki güllə açılıb ona dəymişdi. Atam onu hamıdan çox sevirdi. Onun ölümündən sonra atamın daxilində elə bil nəsə qırıldı. O vaxta qədər sağlamlığından heç vaxt şikayət etməmişdi. Amma bu hadisədən sonra səhhəti kəskin surətdə pisləşməyə başladı. Həkimlər müayinə etdikdən sonra məsləhət gördülər ki, tezliklə əməliyyat olunmalıdır, bir gündən sonra gec ola bilər. Xəstəxanada isə həkimlər əməliyyat etməyi boyunlarına götürmürdülər, deyirdilər, ürəyi çox zəifdir, sağ qalma şansı 5-6 faizdir. Nəhayət, əməliyyat olundu. Həkimlər demişdilər ki, bundan sonra 10 il də yaşaya bilər. Amma heç 4 il də yaşamadı".
Sənətkar 2003-cü il fevralın 23-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0