SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Biz tək Ermənistanla deyil, dünya erməniliyi və himayədarları ilə müharibə aparmışıq"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı
Prezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Prezident qeyd edib ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan qalib dövlət kimi əbədi yaşayacaq. Bu isə həm Azərbaycan vətəndaşları, həm də xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir.
BAKI, 22 aprel — Sputnik. Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Prezident bildirib ki, bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayı keçirilir. Bu qurultayın adının "Zəfər" olması isə təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir:
"Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir".
Dövlət başçısı vurğulayıb ki, bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix, xalq və vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş ediblər.
"Hətta təbiət, Günəş də bizimlə həmrəydir"
Prezident dünya azərbaycanlılarının 2001-ci ildə keçirilmiş ilk qurultayını xatırladıb:
"Ulu Öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirərkən demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, Günəş də bizimlə həmrəydir".
Dövlət başçısı vurğulayıb ki, Qarabağ münaqişəsinin həll edilməsi onun üçün başlıca vəzifə idi: "Prezident seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir".
Bütün qüvvələrin bu vəzifəyə səfərbər edildiyini vurğulayan dövlətimizin başçısı deyib: "Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi".
"Ermənistan rəhbərliyi dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların siyasi, iqtisadi və insan resursu yoxdur"
Prezident çıxışında qeyd edib ki, Azərbaycan xalqı otuz il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu. Ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq işğalla barışmaq fikrində deyil:
"İlk qurultaydan sonra dəfələrlə deyirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, öz dədə-baba torpaqlarımızı azad edəcəyik. İstəyirdim ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə yox. Hesab edirdim ki, məsələnin sülh yolu ilə həlli mümkündür. Beynəlxalq hüquq və norma prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi, aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında heç kimə sirr deyildi. Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbəti bizim xeyrimizə böyük dərəcədə dəyişdiriləndən sonra hesab edirdim ki, Ermənistan rəhbərliyi nəhayət dərk edəcək ki, bizimlə rəqabət aparmaq üçün onların nə siyasi, nə iqtisadi, nə də insan resursu yoxdur".
Azərbaycan Prezidenti vurğulayıb ki, 30 ilə yaxın davam edən danışıqların işğalı əbədiləşdirmək, Ermənistan işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü: "Hesab edirdim ki, Ermənistanda anlayacaqlar ki, XXI əsrdə qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Ancaq əfsuslar olsun ki, həm Ermənistan rəhbərliyi, eyni zamanda beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar fərqli fikirdə idi. Əlbəttə biz heç vaxt buna razı ola bilməzdik".
"Biz ermənilərin himayədarları ilə müharibə aparıb qələbə qazanmışıq"
İ.Əliyev çıxışında onu da qeyd edib ki, Vətən müharibəsində göstəridiyimiz iradə, qətiyyət döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Azərbaycan tək Ermənistanla deyil, dünya erməniliyi və Ermənistanın himayədarları ilə müharibə apararaq qələbə qazanıb:
"Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var döndü yoxdur. Otuz ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq. Öldü var, döndü yoxdur və müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər"
Prezident əmin olduğunu bildirib ki, biz postmüharibə dövründə və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik.
Dövlət başçısı bu gün də Azərbaycana qarşı iddiaların qaldığını və buna hazır olmaq laqım gəldiyini deyib:
"Biz müharibə dövründə cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdik. Məhz buna görə Ermənistan ordusu məcbur olub noyabrın 9-dan 10-a keçən gecə kapitulyasiya aktına imza atdı. Biz məhz Şuşanı azad edəndən sonra 8 noyabr tarixində Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara baha başa gələcək. Halbuki onlar əgər onlar müharibənin ilk günlərində dediyim sözlərimə əməl etsəydilər və bizə işğal edilmiş torpaqlardan onların çıxarılmasının tarixini, cədvəlini versəydilər, müharibə daha tez dayana bilərdi: "Mən müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin: Nə vaxt torpaqlarımızdan çıxır və həmin an biz müharibəni dayandırmağa hazırıq. Belə də oldu, amma məcburən bunu etdilər. 44 gün ərzində tamamilə məhv edilmiş Ermənistan ordusu və Ermənistan dövləti faktiki olaraq uçurum kənarında idi. Məcburən noyabrın 10-da kapitulyasiya aktı imzaladı".
Şuşaya gələn hər kəs görür ki, bu, Azərbaycan şəhəridir
Dövlət başçısı bildirib ki, biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq və postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar:
"Bizim 44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri həmişə bizə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan 30 il ərzində işğal edilmiş ərazilərdə istehkamlar qurmuşdu, müdafiə xətləri qurmuşdu, eyni zamanda Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq, çoxlu itkilər olacaq. Ancaq nəticədə bütün bu fərziyyələr demək olar ki, etibarsız oldu. Onlar bir məsələni diqqətdən kənarda qoymuşdu – bu da Azərbaycan xalıqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini. Düzdür bəzi yerlərdə 6, bəzi yerlərdə 5 müdafiə xətti qurulmuşdu. İstehkamlar qurulmuşdu, tikanlı məftillər və s. Bölgənin coğrafi mövqeyi bizim üçün əlverişsiz idi. Bütün bunlara baxmayaraq az itki verməklə, Ermənistan ordusundan 2-3 dəfə az itki verməklə tarixi missiyamızı yerinə yetirdik və son nöqtəni burada tarixi şəhərimizdə qoyduq. Bu gün Şuşaya gələn insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir".
Vasitəçilərə gəldikdə isə prezident bildirib ki, bu gün hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər. Bu, əbəsdir, heç bir mənası yoxdur:
"Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub. Biz bütün dünyaya sübut etdik ki, 21-ci əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır".
Dövlət başçısı bildirir ki, cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edildi. Dövlət başçısı xatırladıb ki, Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü. Onların özlərinin etirafına görə, on min fərari olub. Azərbaycan Ordusunda isə bir dənə də fərari olmayıb:
"Mən bilirəm ki, siz və sizin kimi milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi. Eyni zamanda, öz çıxışlarınızda, şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Mən əminəm ki, bu da başa çatacaq. Əminəm ki, biz postmüharibə dövründəki göstərdiyimiz səylər nəticəsində və bundan sonra göstərəcəyimiz səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddialarını da aradan götürəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0