CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqları təkbaşına 8 yaşadək böyüdən atalar pensiyaya tez çıxa biləcək

© Depositphotos.com / AllaSerebrinaYaşlı cütlük
Yaşlı cütlük - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Pensiyalar ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif edilir. Əsas dəyişiklikləri deputat şərh edib.
BAKI, 20 aprel — Sputnik. "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilir. Dəyişikliklər pensiyalara əlçatanlığın artırılması baxımdan vacib hesab olunur.
Atalar da tez pensiyaya çıxa biləcəklər
Millət vəkili Vüqar Bayramov bildirib ki, dəyişikliyə görə, beş və daha çox uşaq dünyaya gətirən analar ilə yanaşı uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlar da 5 il daha tez pensiyaya çıxa biləcəklər.
Digər tərəfdən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar da tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər.
Pensiyanın bir növündən digərinə keçmək mümkün olacaq
Dəyişikliklərə əsasən, pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ var. Bu zaman, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və tələb olunan sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailəsi üzvləri üçün isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Bu o deməkdir ki, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istsina olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür.
Daha tez pensiyaya çıxma kateqoriyası genişləndirilir
Digər dəyişikliklərə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ən azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınlar da 5 il daha tez pensiyaya çıxmaq hüququ qazancaqlar.
Pensiyaya tez çıxmaq hüququ digər bir sıra şəxslər ilə müqayisədə də dəyişir. Belə ki, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda 20 il daha tez pensiyaya çıxa biləcəklər.
Qeyd edək ki, bu dəyişikliklər yaxın zamanda Milli Məclisin komitə iclasında müzakirə ediləcək.
Orta aylıq pensiya 363 manata çatıb
Pensiyaların məbləğində artım 2022-ci ilin ilk rübündə də davam edib. Bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb.
Ümumilikdə, həyata keçirilən ardıcıl sosial islahat paketləri pensiyalarda ciddi artıma imkan verib.
Son üç ildə minimum pensiya 2,2 dəfə artıb. Həmçinin 2018-ci ildən ötən dövrdə orta aylıq pensiyada 75 faiz, o cümlədən yaşa görə orta aylıq pensiyada 70 faiz artım baş verib.
Pensiya artımları üçün ayrılan vəsait 438 milyon manata çatıb
Ölkəmizdə davam edən sosial islahatlar çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Həmçinin pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200 manat maddi yardım (rüblərə bölünməklə) ayrılıb.
1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat ayrılıb.
Eyni zamanda, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi nəzərdə tutulub. Bunun üçün də illik 86 milyon manat əlavə vəsait ayrılacaq.
Beləliklə, cari ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.
Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımı üçün ayrılan illik əlavə vəsait isə 2,1 mlrd. manatdır. Bu artımlar 3,4 milyon şəxsi əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.04.2022
İQTİSADİYYAT
Bu şəxslərə pensiya almaq hüququ verilir
Xəbər lenti
0