CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident dövlət himnimizin müəllifi ilə bağlı sərəncam verdi

© Photo : Public DomainƏhməd Cavad
Əhməd Cavad - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır.
BAKI, 20 aprel — Sputnik. Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.
Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub.
Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib.
Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, istiqlal şairi Əhməd Cavad həmçinin Azərbaycanın dövlət himninin sözlərinin müəllifidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0