NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft Fondunun aktivləri artıb

© Sputnik / Murad OrujovNeft Fondunun binası
Neft Fondunun binası - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Bahalaşan enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnib.
BAKI, 20 aprel — Sputnik. Bu ilin 3 ayında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, büdcə xərcləri isə 2 milyard 764,5 milyon manat olub.
ARDNF-nin yaydığı məlumata görə, həmin dövrdə Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 845,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 5,8 milyon manat olub.
Beləliklə, həmin dövrdə Fondun 2022-ci il büdcəsinə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45% səviyyəsində icra edilib.
Ötən rübdə Fondun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 milyard 660,8 milyon manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir 214,3 milyon manat təşkil edib.
Hesabat dövründə Fondun 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 757 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldilib.
Həmin dövrdə Fondun idarə edilməsi ilə bağlı xərcləri 5,3 milyon manat olub.
Martın 31-nə Fondun aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 25,1 milyon dollar) nisbətən 0,53% artaraq 45 milyard 264 milyon dollar olub.
Cari ilin ilk rübündəki qlobal makro-iqtisadi və geo-siyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirib. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər eləcə də, post pandemiya və geo-siyasi hadisələrin tələb-təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir.
Maliyyə bazarlarında müşahidə edilən hazırkı qeyri-ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olub. Bu da ARDNF–nin investisiya portfelinə təsirsiz ötüşməyib.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnib. Bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0