Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Hər şey fanidir, biz də unudula bilərik..." - Bu gün "Cənnət xala"nın doğum günüdür

© Photo : AzerbaijanfilmNəsibə Zeynalova "Qaynana" filmində. 1978-ci il
Nəsibə Zeynalova Qaynana filmində. 1978-ci il - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Onlarla filmlərdə yaratdığı obrazlarsız Azərbaycan kinematoqrafını təsəvvür etmək mümkün deyildi.
BAKI, 20 aprel — Sputnik. Bu gün Azərbaycan gülüşünün milli brendi sayılan Xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın doğum günüdür. Xalq artisti 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Onun atası həm tanınmış tacir, həm də aktyor Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Atası dünyasını dəyişəndə Nəsibənin iki yaşı olub.
Nəsibə xanımın anası Hüsniyyə xanımla Cahangir Zeynalovun arasında 25 yaş fərq olub. On iki ildən sonra övlad sahibi olublar. Kərbəlayi Cahangir əhd edib ki, oğlu olsa, ona İmam Rzanın adını qoyacaq, qızı da olsa - Nəsibə. Nəsibə xanım doğulanda 5,5 kq olub. Böyük çəkili uşaq olduğu üçün həkimlər ya ananı, ya da övladı xilas edə bilərik deyiblər. Amma nə yaxşı ki, hər ikisi sağ qalıb. Nəsibə xanım "köynəkdə doğulub". El dilində uşaq döl qarışıq doğulanda "köynəkdə doğulub" deyirlər. Nəsibə xanım da eynən belə dünyaya gəlib.
Aradan 2-3 il keçəndən sonra Azərbaycanda sovet hökuməti qurulur və Cahangir Zeynalovun mülklərini, bütün sərvətini müsadirə edirlər. Anası ilə tək qalan Nəsibəni o boyda mülklərdən çıxarıb, zirzəmiyə yerləşdirirlər. Bundan sonra ailənin çətin, məşəqqətli günləri başlayır. Sonralar Hüsniyyə xanım yenidən ailə qurur. Amma ikinci dəfə ailə qurduğu adam nadürüst insan olur. Evdə olan bir neçə dəyərli əşyanı da satır, Cahangir Zeynalovun bütün şəkillərini, ona aid olan bütün sənədləri yandırır. Bəhanə gətirir ki, bunlar hökumətin əlinə keçsə, Hüsniyyə xanım, balaca Nəsibə üçün pis olar.
İndiki şahmat məktəbinin yerində Nəsibə xanımın atası Cahangir Zeynalovun mülkü olub. Cahangir Zeynalov teatrı çox sevən, xeyriyyəçi insan olub. 40 otaqdan ibarət mülkünün 250-300 nəfərlik böyük zalında teatr səhnəsi qurub. Dövrünün sənət adamlarına həmişə dəstək olub. Məşqləri nahar vaxtına salarmış ki, aktyorlar yemək yesinlər. Yeməkləri də məxsusi olaraq həyat yoldaşı Hüsniyyə xanım bişirərmiş. Cahangir Zeynalov xanımına deyirmiş ki, "yeməkləri sən bişir, savabdır".
Qızlar Gimnaziyasının şagirdləri üçün xüsusi çantalar tikdirib içərisinə qızıl pul və lazımi sovqat qoyarmış. Həmin çantaları Hüsniyyə xanım özü tikərmiş. Cahangir Zeynalov deyərmiş ki, sən öz əllərinlə tik, xidmətçiləri, qaravaşı buyurma. Çünki bu uşaqların çoxu yetimdir, onlara kömək eləməyin savabı böyükdür.
Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı ikinci dünya müharibəsində həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş balaca adamla ailə qurur. İlk vaxtlar aktrisa bu nikaha razı olmur. Yaş fərqini bəhanə gətirir. Lakin, sonradan bu izdivac baş tutur.
Nəsibə xanımın həyat yoldaşı həm də musiqiçi olub. Tamaşadan sonra yoldaşı Nəsibə xanımı hökmən qarşılayıb evə gətirir. Onun qayğısına qalır. Nəsibə xanım xatirələrində deyirdi:
"Ailəmiz inam üstündə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim, atamı tez itirməyim anamı elə bükmüşdü ki, dilindən xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim. Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt tapdım".
Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir:
"Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam".
Sənət adamları onu həmişə xoş xatırlayırlar. Onunla "Qaynana" filmində tərəf müqabili olan Xalq artisti İlham Namiq Kamal deyir ki, Nəsibə xanımı özlərinə böyük bacı hesab ediblər:
"Həm kinoda, həm teatrda, həm də şəxsi həyatında olduqca səmimi idi. Çox incə yumoru olan insan idi. "Qaynana" filminin çəkildiyi vaxtlar idi. Avtobusla çəkilişdən qayıdırdıq. Çantasından o vaxtın məşhur "inək" peçenyesindən çıxarıb bizə verdi ki, yeyin, şama qədər biraz sizi tox tutar. Hamımız yedik amma Fuad Poladov saxlamışdı. Fuadın da elə xasiyyəti var idi ki, gərək açıb verəsən, yoxsa əlini də vurmazdı. Biz Nəsibə xanımla ayrılandan sonra, birdən gözü Fuadın peçeniyəsinə sataşdı. Nəsibə xanım özünəməxsus gülüşü ilə dedi: "Fuad, peçenyəni əlində bərk saxla, qaçar ey birdən". Siz insandakı diqqətə fikir verin ki, yorğunluğa rəğmən həm əhvalını xoş tutur, həm də diqqət edirdi ki, Fuad payını yeməyib".
Kinoşünas Aydın Kazımzadə Nəsibə xanımla bağlı maraqlı bir məqama toxundu. Kinoşünasın dediyinə görə, Nəsibə xanımın yaratdığı Fatmanisə surəti ilə bağlı xatirələrdə qeyd edilir ki, aktrisa bu rola dəvət alarkən, qırx yaşı varmış. Bu kino ekranlarda göstərildikdən sonra gürcü rejissoru Bakıya gələrək, qoca qarı Fatmanisə obrazını oynayan aktrisa ilə görüşmək istədiyini bildirib. Həmin vaxtda da aktrisa başqa bir kinonun çəkilişindəymiş. Nəsibə xanımı çağırırlar, gəlir. Rejissor "mən qoca qarıyla görüşmək istəyirəm"- deyəndə "həmin qoca qarı bu aktrisadır" cavabını eşidir. Gürcü rejissoru heyrətini gizlətmədən o cür qoca qarı surətini bu cür məharətlə yaratdığına görə Nəsibə xanıma minnətdarlığını bildirib.
Sevimli aktrisamız gülləri və heyvanları xüsusilə, pişikləri çox sevibmiş. Harda sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.
Nəsibə xanım 65 il teatrda çalışıb. Amma son illərdə teatrdan inciyib, Musiqili Komediya Teatrından ayrılır. Həmin dövrdə qoyulan tamaşalar ona uyğun olmur. Üstəlik Nəsibə xanıma qarşı bəzi xoşagəlməz hərəkətlər də olur. Aktrisa ömrünün son günlərində teatr üçün çox darıxaraq deyirmiş:

"Heyf, Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım".

Ürəyində teatrla bağlı çoxlu arzuları olan aktrisa rejissorların onu həmişə komik planda görməsindən gileylənib, təəssüflənir.
Korifey sənətkar ömrünün sonlarına yaxın dostları tərəfindən unudulduğuna görə çox pərişan olub. Uzun illər Azərbaycan televiziyasında aparıcı kimi fəaliyyət göstərən Esmira Çərkəzqızı aktriasının son günləri ilə bağlı repotajından bəhs edərkən bildirdi ki, illər keçməsinə rəğmən, hələ də onu unuda bilmir. Esmira xanım hər dəfə o kadrlara baxanda göz yaşlarına hakim ola bilmədiyini söyləyir. Həmin reportaj haqda danışanda da aparıcını qəhər boğdu:
"Nəsibə xanımı "Şənbə qonağı"na dəvət etmişdik. Xəstə olduğuna görə gələ bilməmişdi. Eşitdim ki, o, xəstəxanada yatır, getdim ondan reportaj çəkməyə. Canlı əfsanəmizin gözü qapıda idi ki, bəlkə, kimsə onu ziyarətə gələr. Amma heç kim onu ziyarət etmirdi. Mən onun ağladığını gördüm, göz yaşlarını sildim. Mən düşündüm ki, demək, hər şey fanidir, bir gün biz də unudula bilərik".
Aparıcı bildirdi ki, zamanında Zeynalovanın başında pərvanə olan o xalq artistləri onu heç vaxt ziyarət etmirdilər:

"İnsanlığın ölən nöqtəsi idi. Deməli, insan xəstələnibsə, artıq ondan istifadə edə bilmirsinizsə, unudulmalıdır? Amma ilahi ədalət öz yerini tapdı. Nəsibə xanımı bir zamanlar axtarmayanlar sonda özləri də baxımsız duruma düşdülər və heç kəs onları ziyarət etmədi".

"Nəsibə xanım mənə müsahibəsində demişdi ki, "Ömrümü-günümü səhnədə keçirdim. Elə bildirdim ki, tamaşaçı məhəbbətindən savayı sənətdə yeni dostlar qazanmışam. Elə güman edirdim ki, başıma bir iş gəlsə, mənə həyan duran, axtaran çox olacaq. Təəssüf... Tanımadığım, sadəcə sənətimə pərəstiş edən adamlardan qayğı və diqqət gördüm, nəinki illərlə çiyin-çiyinə çalışdığım insanlardan", - deyə Esmira Çərkəzqızı fikrini tamamlayıb.
Nəsibə xanımın övladı Cahangir Novruzov anasının sənətini layiqincə davam etdirir. Xalq artisti hazırda Türkiyədə Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professorudur.
Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0