Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yenidən işlənən köhnə yataqlar: SOCAR riskləri minimuma necə endirir?

© AFP 2024 / OSMAN KARIMOVBakıda neft buruqları, arxiv şəkli
Bakıda neft buruqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.04.2022
Abunə olmaq
Azərbaycan bir sıra neft yataqlarının işlənməsini özəl şirkətlərə vermək niyyətindədir. Bu ölkəyə nə verəcək?
BAKI, 15 aprel — Sputnik. Koronavirus pandemiyası səbəbindən qlobal hasilatın kəskin azalması ilə bağlı sarsıntılardan sonra neft bazarı yenidən çətin günlər yaşayır. Bir tərəfdən gərgin geosiyasi vəziyyət, digər tərəfdən isə Çində koronavirus epidemiyasının artması bazarın dəyişkənliyinə səbəb olub ki, bu da "qara qızıl"ın dəyərində özünü göstərir.
İri dünya ixracatçıların tədarükün azalması ilə bağlı qorxuları Aİ-nin Rusiyadan neft ixracına mümkün embarqosu ilə bağlı xəbərlərdən qaynaqlanır. Eyni zamanda, OPEC-in aylıq hesabatlarında istehsalçı ölkələrin hasilatı razılaşdırılmış həcmlərə qədər artıra bilməməsi müşahidə olunur.
Tələbatın artması fonunda bir sıra ölkələr neft yataqlarının potensialının artırılması məsələsini nəzərdən keçirməyə başlayıblar. Azərbaycan da istisna deyil. Prezident İlham Əliyev aprelin 14-də "Azərbaycan Respublikasında "Buzovna-Maştağa", "Qala" və "Zirə"neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun imzalayıb.
Bundan əlavə, SOCAR bəzi karbohidrogen yataqlarının işlənməsi üçün digər podratçılar cəlb etmək niyyətindədir. Azərbaycan Dövlət Neft Şirkəti üçün maraq doğurmayan bu yataqlarda hasilatın artırılmasını dəstəkləmək üçün vəsait tələb edən yataqların işlənməsinə podratçılar cəlb olunacaq. Bu cür yataqlar riskli xidmət müqavilələri çərçivəsində işlənəcək.
İstehsal gücünü artırmaq üçün yeni texnologiyalar
Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq SOCAR bildirib ki, saziş üzrə "Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqlarında işlənmə və hasilat müddəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən işlənmə proqramının təsdiq edildiyi tarixdən etibarən 25 il davam edəcək.
"Tərəflər arasında əldə olunmuş razılığa əsasən, podratçı SOCAR-ın struktur bölməsi olan Q.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin ləğvi zamanı əmək müqavilələrinə xitam verilmiş yeni əməliyyat şirkətinin əməkdaşlarını işə götürəcək. Proses Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək", - deyə şirkətdən bildirilib.
Bu yataqlar işlənmənin son mərhələsində olduğundan hasilatın təbii şəkildə azalmasını qeyd edən SOCAR əlavə edib ki, hasilatı saxlamaq və artırmaq üçün yeni texnologiyalar tətbiq etmək və qazma işləri aparmaq lazımdır.
"Müqaviləyə əsasən, podratçı ilk növbədə aralıq dövr ərzində quyuların və yataqların elektron məlumat bazasını yaratmalı, yataqların müvafiq modellərini hazırlamalı, müasir üsullarla 6 yeni quyu qazmalıdır. Bu işlərin nəticələrinə əsasən, inkişaf proqramı müvafiq qiymətləndirmə aparıldıqdan sonra təsdiq olunmaq üçün SOCAR-a təqdim olunacaq", - deyə Dövlət Neft Şirkətində qeyd edilib.
Köhnə yataqlarda neft hasilatının sabitləşdirilməsi və ya artırılması üçün yeni texnologiyalardan istifadə edilməsi planlaşdırılır. Bu da öz növbəsində istehsal gücünü artıracaq.
"Ümumiyyətlə, neftin dünya qiymətlərindən asılı olaraq, Azərbaycan bu layihədən əldə olunan gəlirin 50-60 faiz payına sahib olacaq", - deyə SOCAR-dan bildiriblər.
SOCAR köhnə yataqlardan qurtulur
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan neftinə tələbatın artması ilə köhnə yataqlarda işlərin bərpa edilməsi arasında heç bir əlaqə görmür.
"Müqavilənin parlamentdə müzakirəsi zamanı xüsusi əllərə verilən bu üç yataqda hasilat üzrə rəqəmlər açıqlanmayıb. Ancaq müqavilədə qeyd olunub ki, məhz özəl investisiyalar hesabına "Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqlarında hasilat həcmi artacaq", - deyə Şaban Sputnik Azərbaycan-a bildirib.
"Bu yataqlar çox köhnədir - işlənmə İkinci Dünya Müharibəsi illərində, bəzilərində isə 50-ci illərdə başlanılıb", - deyə ekspert qeyd edib.
İlham Şabanın sözlərinə görə, yəqin ki, SOCAR bu yataqları işlətmək iqtidarında deyil və bunu bacaranlara verir.
O, həmçinin güman edir ki, ola bilsin ki, Dövlət Neft Şirkətinin yeni strategiyası köhnə yataqlardan qurtulmaq üçün onları özəl şirkətlərə - xarici və ya yerli şirkətlərə ötürməkdir.
Bəs SOCAR özü harada işini aparacaq?
Neft Araşdırmaları Mərkəzinin rəhbərinin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin gələcəkdə harada və hansı struktur yataqlarında işləyəcəyi hələlik bəlli deyil.
"Günəşlinin dayaz hissəsində olan ən mühüm neft yatağı artıq 43 ilə yaxındır ki, istismar olunur. Orada işlər yəqin ki, on il də davam edə bilər. Üstəlik, əgər indi orada ildə 4 milyon ton neft hasil edilirsə, 10 ildən sonra orada 1 milyon belə olmaya bilər", - deyə ekspert vurğulayıb.
Eyni zamanda, Şabanın fikrincə, SOCAR Heydər Əliyev adına neft zavodunun emal gücünü artırmaqla yataqların istismarının genişləndirilməsi və müvafiq olaraq "qara qızıl" hasilatının artırılması barədə planlarını bölüşmür.
"Emal həcminin ildə 6 milyon tondan 7,5 milyon tona qədər yüksəldiyi Heydər Əliyev adına zavodda SOCAR-ın hansı ehtiyatlar hesabına neft emalını təmin etmək niyyətində olduğu barədə ictimaiyyətə heç vaxt məlumat verilməyib", - deyə o, bildirib.
Riskləri minimuma endirmək və daha çox gəlir əldə etmək
Əslində köhnə, tükənmiş yataqların xarici şirkətlərə verilməsi neft hasil edən ölkələrin kifayət qədər tez-tez tətbiq etdiyi qərardır. Çünki artıq bağlanmış yataqların işlənməsi üçün çoxlu vəsait lazımdır. Köhnə yataqların təkrar işlənməsi üçün bütün neft şirkətlərinin malik olmadığı müasir texnologiyalara da ehtiyac var.
"Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqlarına gəldikdə, "GL İnternational LTD" MMC çox güman ki, yataqların bərpası üzrə təcrübəsi olan podratçı-şirkəti cəlb edəcək.
Qazma qurğusunun dərinliyindən və gündəlik məhsuldarlığından asılı olaraq bir quyunun qazılmasını 55-90 milyon dollar arasında dəyişə biləcəyini və "Buzovna-Maştağa", "Qala" və "Zirə" yataqlarında altı yeni quyu qazılacağını nəzərə alsaq, layihənin hansı maliyyə riskləri daşıyacağını təsəvvür etmək çətin deyil.
Azərbaycan Dövlət Neft Şirkəti bu yataqları xarici investora verməklə maliyyə risklərini minimuma endirir. Əgər yataqlarda kifayət qədər neft ehtiyatı aşkar olunmasa, SOCAR ziyana düşməyəcək, əksinə, xarici şirkətlə müqavilə bağlayaraq udacaq.
Lakin, əgər "GL İnternational LTD" MMC "qara qızıl" ehtiyatlarını aşkar etsə, ölkə müqavilədən əldə olunan gəlirləri nəzərə almadan əlavə gəlir əldə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0