CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

GMO-lu yemlər və fermerlərin narahatlığı: Gələcək nəsilləri kim şikəst etmək istəyir?

© Sputnik / Shahperi AbbasovaGMO
GMO - Sputnik Azərbaycan, 1920, 16.04.2022
Abunə olmaq
Qida texnoloqu isə belə bir vəziyyətdə tələb edir ki, AQTA bu məhsulların gələcəyimizi zəhərləməyəcəyini sübuta yetirsin, bunu elmi yolla əsaslandırsın.
BAKI, 16 aprel — Sputnik. Azərbaycanın yüksək səviyyədə yem ehtiyat fondu yoxdur. Düşünmürəm ki, Əkinçilik Elmi Tədqiqat İnstitutu, yaxud da, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu GMO-lu yemlərdən yüksək səviyyəli bir yem hazırlaya, bununla da insan səhhətinə vurula biləcək zərərin qarşısını ala bilər.
Bu barədə genofondu zənginləşdirmək üçün ölkəyə sağlam məhsullar gətirən keçiçilik təsərrüfatının rəhbəri Bəxtiyar Məmmədov "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.
Milli Məclisdə ikinci oxunuşdan keçən "Qida Təhlükəsizliyi haqqında" qanunda qeyd olunur ki, rəsmi olaraq qeydiyyata alınan, sağlamlıq üçün heç bir təhlükəsinin olmadığı sübuta yetirilən GMO-lu yemlərin ölkəyə idxalına qadağa qoyulmayacaq.
Qanuna görə, Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilərək, qeydiyyata alınan, yem üçün istifadəsi nəzərdə tutulan GMO orqanizmlərin, habelə yalnız GMO orqanizmlərdən və ya tərkibində GMO orqanizmlər, yaxud onlardan əldə edilmiş məhsul olan yemlərin istehsalına, emalına və dövriyyəsinə icazə verilir.
B.Məmmədov deyir ki, nəfsinə qalib gəlməyənlər, qarşımıza standartlara uyğun GMO-lu yemlər çıxarmayacaqlar, onlar kor-təbii yolla gətiriləcək, heç nəzarət də həyata keçirilməyəcək.
Ölkədə rüşvətxorluğun olmasından gileylənən fermer ehtimal edir ki, yalnız ilk və sonrakı mərhələdə gətirilən GMO-lu məhsullar yoxlamadan keçiriləcək. Ölkədə salamat yem bazasının olmadığını vurğulayan Bəxtiyar Məmmədovun fikrincə, Azərbaycandan fərqli olaraq Gürcüstanda heyvanın hansı məhsullarla qidalandığını öyrənmək üçün fermerin birbaşa yem istehsalı zavodlarına girişi mümkündür:
"Azərbaycanda Dərnəgüldə talaşanı maşınlara doldururlar, lakin o talaşalar hara gedir, bilinmir. Bir məhsulu laboratoriyaya analiz üçün vermişdik, 60 faiz talaşa çıxmışdı. Belə qidalanan heyvan necə məhsuldar ola bilər?!"
Onun sözlərinə görə, Azərbaycanda yem məhsulu olaraq yalnız yonca salamat və təhlükəsizdir. Digər yem məhsulları xaricdən gətirildiyi üçün ehtimal edir ki, GMO-dur: "Baxırsan ki, arpa dənələri iri-iridir, amma heyvan onu yedikdə inkişaf etmir".
Yemlik GMO məhsullarının gətirilməsi o deməkdir ki, qısa müddətdən sonra biz sağlam qida tapa bilməyəcəyik.
"Bir də ayılacağıq ki, xərçəng xəstəsiyik, yaxud, bu və daha təhlükəli xəstəliklərdən əziyyət çəkirik. Baxın, bu təhlükəli qidalara görə cavanların 70 faizi damar genişlənməsindən əziyyət çəkir", - fermer deyir.
Ölkədə heyvandarlıq üçün orqanik yemlərin demək olar ki, tükəndiyini, bu işlə məşğul olan şəxslərin isə barmaqla sayılası qədər olduğunu vurğulayan B.Məmmədov hesab edir ki, qida təhlükəsizliyi üçün başqa ölkələrdəki kimi bizdə də şəcərə kitabının olması vacibdir:
"Hər bir heyvanın genetikası bilinməlidir. Damazlıq fermalar qurulmalı, onların köməkçi təsərrüfatları olmalıdır. Belə olduğu halda ölkədə qida təhlükəsizliyi problemi yaranmaz. Təhlükədən qorunmaq üçün həyət evində yaşayan hər kəsin kiçik ailə təsərrüfatı olmalıdır".
Fermerin sözlərinə görə, heyvanda ciddi bir xəstəlik olarsa, ölkədə hansısa laboratoriya bunun səbəbini aşkara çıxara bilməyəcək. GMO-lu yemlərin ölkəyə gətirilməsinin soyqırımı olduğunu vurğulayan Bəxtiyar Məmmədovun fikirincə, nəticə etibarı ilə yaxın gələcəkdə insanların ömrü qısalacaq, cavanlar arasında xəstəliklər artacaq, ölümün yaşı gəncləşəcək.
Bir sözlə, fermer ölkədə orqanik yem çatışmazlığından gileylidir.
Həqiqətən də, ölkədə orqanik yem çatışmazlığı varmı?
Nədənsə, Kənd Təsərrüfatı Nazirliyi bu suala cavab verməkdə maraqlı olmadı. Onlar sualın Nazirliyə aid olmadığını bildirdilər.
Qida mühəndisi Ağa Salamov isə GMO-lu məhsulların təhlükəsi qarşısında susqunluq nümayiş etdirən həkimləri qınayır. O, dünyaca məşhur "Cambridge" Universitetinin məlumatına istinad edərək deyir ki, qidaların birbaşa genlərə təsiri var: "Genlərimizi aktivləşdirən, söndürən molekullar var. Məsələn, Afrikadan gələn bananı yedikdə onun genini orqanizmimizdə aktivləşdirmiş oluruq".
Ekspert bildirir ki, həmin banan torpağımızda bitmədiyi üçün GMO, yaxud hibrid olan bu cür məhsullar birbaşa genlərimizə təsir edir, nəticədə körpələrin şəkər, ürək, qan-damar xəstəliyi, yaxud da müxtəlif şiş xəstəliyi ilə doğulma riskləri artır: "Göyçay narı yedikdə molekullar vasitəsilə onun genini özünüzdə aktivləşdirmiş olursunuz. Lakin xaricdən gətirilən hansısa qidanın genini aktivləşdirdikdə, mutasiya baş verir, körpələr xəstə doğulur".
A.Salamov tələb edir ki, AQTA elmi səviyyədə GMO-lu yem məhsullarının təhlükəsizliyini sübuta yetirməlidir. GMO-lu yemlə qidalanan heyvanın ət və südünün gələcək nəsillər üçün təhlükə törətməyəcəyi elmi səviyyədə təsdiqlənməlidir.
Ekspert orqanik yem istehsalı üçün azad olunan torpaqların potensialından istifadə edilməsinin vacibliyini vurğulayır: "Qarabağ azad olunub, o torpaqlar qarğaların qonması üçündür? Kənd Təsərrüfatı Nazirliyi bir qədər özünü işə versin, AQTA-nı isə ümumiyyətlə, ləğv etsinlər! Nə üçün ölkəyə GMO-lu yemlər gətirilməlidir?!".
A.Salamovun sözlərinə görə, yaranmış bu vəziyyət bioimperializm, yəni, GMO, hibrid məhsullarla insanları öz torpaqlarında əsir götürmək adlanır. Çünki belə torpaqlar növbəti dəfə heç bir məhsul verməyəcək.
Bəhs etdiyimiz qanuna görə, tərkibində GMO-lar və ya tərkibində GMO orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır. Həmçinin GMO orqanizmlər və yem məhsulları qeydiyyata alınması üçün bir sıra tələblərə cavab verməlidir.
Qanuna görə, genetik modifikasiya olunmuş orqanizmlər deyəndə müasir biotexnoloji və ya gen mühəndisliyi üsulları ilə yaradılan, ənənəvi seleksiyada alınması mümkün olmayan, genetik materialın yeni kombinasiyasına malik və bu kombinasiyanı irsən nəslə ötürmək qabiliyyətinə qadir olan canlı orqanizmlər (bitki, heyvan və mikroorqanizmlər) nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0