Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Həkim səhlənkarlığının qurbanı - Telman Adıgözəlov

© Photo : Telman Adıgözəlovun şəxsi arxivindənAzərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlov
Azərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlov - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
2010-cu ilin bu günündə dünyasını dəyişən aktyorun dəfnində böyük izdiham olub. Eşidib gələn adamlar, avtomobillər aktyorun yaşadığı həyətə və küçəyə sığmayıb.
BAKI, 15 aprel — Sputnik. Bu gün Xalq artisti Telman Adıgözəlovun anım günüdür. Əslən Ordubaddan olan Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakəndə anadan olub. Aktyorun ulu babaları Ordubadın Vənənd kəndindən olub. Sovet rəhbərliyi o vaxtlar bir çoxlarını Ordubaddan Balakənə nəsillikcə köçürüb.
Adıgözəllər ailəsi də bu siyasətin qurbanlarından olub. Bu ailə də daxil olmaqla Balakəndə Ordubaddan olan ailələrin yaşadığı məhəlləyə "Ordubad" məhəlləsi deyirmişlər.
Adıgözəlovlar Balakəndə də çox yaşamırlar. Belə ki, Telman uşaq vaxtı yıxılıb, qolunda yara əmələ gəlib. Balakən rayonu isə təbiət etibarı ilə rütubəti çox olan bölgədir. Telman qolu yaralı-yaralı çimib özünü soyuğa verdiyindən yara şişib, çirk bağlayıb. Xeyli vaxt müalicə alsa da, sağalmayıb. Onda həkimlər deyiblər ki, onun qolu çürüyə, hətta kəsilə bilər. Bundan sonra Telmanın atası ailəsi ilə birgə Bakıya köçməyə məcbur olur. Ailə uzun illər kirayədə yaşayıb, çox zəhmət çəkib, amma yara sağalıb.
Deyilənə görə aktyor çox kövrək insan olub. Xüsusilə ad günlərində çox kövrəlirmiş. Həssas olduğu üçün yaşının üstünə bir yaş da gələndə qəmli olurmuş. Həyat yoldaşı Billurə xanımla elə Balakəndə qonşu olublar. O vaxtdan da gediş-gəlişləri olub. Telman Billurə xanımı sevib, bəyənib. Sonralar rayona gedəndə yenidən görüşüb ailə qurmağa qərar veriblər.
Bir çoxları Telman Adıgözəlovu içki içən aktyor kimi tanısa da aktyorun oğlu Tural bunu qətiyyətlə təkzib edib.
Oğlu müsahibələrinin birində aktyorun heç vaxt içki içmədiyini bildirmişdi: "Hətta ölümündən sonra belə adamlar vardı ki, mənə yaxınlaşıb and içirdilər ki, sənin atanla qədəh toqquşdurmuşam, içki məclisində olmuşam. Amma mən bilirəm axı o, heç vaxt içki içməyib. Ola bilsin, əlində qədəh olub, lap sağlıq da deyib, amma sonradan o qədəhi masaya qoyub".
Aktyorla bağlı ən çox yayılan şayiələrdən biri isə onun dişlərini düzəltdirməyə pulunun olmamasıdır. Lakin, deyilənə görə aktyor bir dəfə diş həkimində ona iynə vurulandan sonra halı pisləşib boğulur. Bundan sonra onda diş həkiminə qarşı fobiya yaranır. Sonralar ailə üzvləri, yaxın dostları nə qədər çalışsalar da onu həkimə getməyə razı sala bilməyiblər. Aktyor həmişə arzu edirmiş ki, qızı böyüyüb diş həkimi olsun və dişlərini ona düzəltdirsin. Aktyorun qızı atasının ölümündən sonra diş həkimi olur.
İnsanlara kömək etməyi sevən adam olub. Qonşuluğunda yaşayan Çernobıl əlilinin evlə təmin olunması üçün lazım olan hər yerə müraciət edib, nəhayət onun evlə təmin olunmasına nail olub. Sonralar həmin adam Rusiyaya köçür. Bir də Bakıya uzun illərdən sonra Telman Adıgözəlovun ölüm xəbərini eşidəndə gəlir.
Aktyor teatr və kino ilə yanaşı ailəsini dolandıra bilməkdən ötrü həm də toylara tamada gedirmiş. Amma bu zaman çox utanır, əziyyət çəkirmiş.
Telman Adıgözəlov 57 rəqəmindən dəhşətli dərəcədə qorxub. Hətta buna görə avtomobilinin 57 ilə bitən nömrə nişanını dəyişib. Lakin aktyorun amansız ürəyə damması özünü doğruldub. O, 57 yaşında dünyasını dəyişir.
Aktyor pal-paltara çox pul xərcləməyi, çox bahalı geyimlər xüsusilə qalstuk, kəmər və ayaqqabı almağı çox sevib. Xəncər-bıçaq kolleksiyası olub. Bıçaq yığmağı çox sevib. Övladlarına hədiyyə olaraq isə fənər alarmış. Həmişə də deyib ki, "Birdən elə yerə düşərsiniz ki, qaranlıq olar, onda mütləq lazımınız olacaq". Ölümündən sonra bir nəfər adam onun yasına gəlib oğluna pul verib deyir, bunu mağazanın müdiri göndərib, atanız rəhmətə getməzdən əvvəl pulu beh kimi verib yaz gödəkcəsi sifariş etmişdi.Aktyorun ölümü hamı kimi ailəsi üçün də gözlənilməz olub. Gecə saatlarında ailə üzvləri onun xırıltılı səsini eşidiblər, əvvəl elə biliblər ki, boğazında nə isə qalıb. Heç kim heç nə anlaya bilməyib. İki dəfə ard-arda təcili yardım çağırılır. Birinci gələn həkim aktyoru tanıyır və onu elə vəziyyətdə görəndə özünü itirir. Təzyiqini ölçsə də, "baş aça bilmədim", deyir, başqa həkim çağırılmasını xahiş edir. Daha sonra ikinci təcili yardım gəlir. Ona qədər də aktyor sağ olsa da, xırıldayırmış. Növbəti dəfə gələn həkim isə deyir ki, ürəyi dayanıb. Aktyora elektroşok verilir. Bir neçə dəqiqədən sonra aktyor keçinir.
Oğlu Tural müsahibələrinin birində deyir, yəqin ki atam qeyri-peşəkarlığın qurbanı oldu. Çünki sonradan başqa həkimlər bizə dedilər ki, infarkt keçirən adama elektroşok vermək olmazmış.
Yardıcılığı
Məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etməyə başlayıb. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib, Adil İsgəndərovun tələbəsi olub. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili", "Günaydın mələyim!" kimi filmlərdə onlarla xarakterik rollar oynayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kino - Sputnik Azərbaycan, 1920, 15.04.2022
MƏDƏNİYYƏT
Bu gün Beynəlxalq Mədəniyyət Günüdür - VİDEO
Xəbər lenti
0