SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cənubi Qafqaz uğrunda gedən mübarizə: xüsusi nümayəndə və kömək təklifləri

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidQarabağda dağlar, arxiv şəkli
Qarabağda dağlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Politoloq Tofiq Abbasov hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Rusiyanın rolu əhəmiyyətlidir.
BAKI, 15 aprel — Sputnik. Hər nəyin bahasına olursa-olsun ABŞ Cənubi Qafqazdakı mövcudluğunu qorumaq istəyir.
Bunu millət vəkili Arzu Nağıyev Azərbaycan-Ermənistan arasında davam edən sülh quruculuğu prosesini şərh edərkən deyib.
Qeyd edək ki, dünən eyni zamanda xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
Millət vəkili Arzu Nağıyev bildirib ki, otuz ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupunun effektiv olmayan fəaliyyətinə şahid olduq:
"Bu gün dünyada gedən geosiyasi proseslərin nəticəsi olaraq Rusiya-ABŞ qarşıdurması Cənubi Qafqazda cərəyan edən proseslərə də öz təsirini göstərir. Rusiya və ABŞ istəyirlər ki, ayrı-ayrılıqda regiona qayıtsınlar".
"Bizim üçün maraqlı olan proseslərin hansı istiqamətdə cərəyan edəcəyidir. Onların bura niyə gəlməsi niyyəti isə sorğulanmalıdır. Azərbaycan rəhbərliyi də bəyan edib ki, əgər onlar azad edilmiş ərazilərin minalardan təmizlənməsi, qayıdışın təmin edilməsi üçün nəsə edə biləcəklərsə, məhz ona görə qayıda bilərlər. Zənnimcə, ATƏT-in fəaliyyətinin nədən ibarət olması bu baxımdan sorğulanmalıdır. Ona görə də düşünürəm ki, qlobal güclərin artan fəallığındakı məqsəd sadəcə regiona qayıtmaqdır".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, indiki şəraitdə Qərblə Şərq arasında kimin sözü tutarlı olacaq, kim birinci olacaq uğrunda mübarizə gedir. Tofiq Abbasov qeyd edib ki, bütün maraqlı tərəflər proseslərin çözülməsindəki ən önəmli rolun sahibinə çevrilmək istəyir.
O bildirib ki, bu baxımdan prosesin özündə qısqanclıq var:
"ABŞ və Fransanın Rusiyaya qarşı bu məsələdə konsolidasiya edilmiş yanaşması var. Onlar bir olub Rusiyanın səylərini yox etmək istəyirdilər".
Politoloq vurğulayıb ki, Azərbaycan gərək belə məqamda praqmatik mövqedən çıxış etsin:
"Söhbət Azərbaycanın maraqlarından gedirsə, Ermənistanla münasibətlərimizin normallaşmasına yönəlik hər bir sağlam, konstruktiv cəhd kimin tərəfindən gəlirsə-gəlsin, gərək qəbul edək. Burada son söz təbii ki, Azərbaycanın olmalıdır. Biz Ermənistanın işğalçılıq siyasətinə son qoymuşuq. Ermənistan isə proseslərin davamındakı cavabdehlik daşımağı bacarmalıdır".
Tofiq Abbasov deyir ki, Rusiya gedən prosesləri yaxşı başa düşür:
"Son Fərrux hadisələrində Rusiya özünü təmkinli apardı. Vaşinqton və Paris isə Azərbaycana təzyiq etmək yolunu seçdilər. Amma burada heç səbəblərdən danışan olmadı. Onların Azərbaycana təsir etmək siyasəti isə boşa çıxdı. Amma biz bilirik ki, Fərruxda baş verən hadisələrin səbəbkarı Ermənistan idi".
"Rusiyanın proseslərə yanaşmasını daha sağlam hesab edirəm. Bu baxımdan, münasibətlərin tənzimlənməsində Rusiyanın rolu əhəmiyyətlidir. Bu, bölgə ölkəsi olan Rusiyanın özü üçün də əhəmiyyətlidir. Rusiyanın Azərbaycan və Ermənistanla xüsusi münasibətləri var. Bu baxımdan Rusiyaya lazımdır ki, bütün məsələlər tezliklə həllini tapsın", – deyə politoloq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0