Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yerli ərzaqlıq buğda hesabına daxili tələbatı ödəmək olar - VİDEO

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidBuğda, arxiv şəkli
Buğda, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Ölkədə ərzaqlıq buğda istehsalını artırmaq qarşıya hədəf kimi qoyulub. Bunun üçün Azərbaycanın böyük potensialı var.
BAKI, 14 aprel — Sputnik. Bu həftə keçirilən müşavirədə dövlət başçısı tərəfindən Azərbaycanda ərzaqlıq buğdanın istehsalını artırmaq qarşıya məsələ kimi qoyulub.
Ölkədə taxıl istehsalı tələbatın 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25% təmin edirik. Bu rəqəmin ən azı 70-75%-ə çatdırılması qarşıya məqsəd qoyulub.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, yerli ərzaqlıq buğda hesabına daxili tələbatın 70-75%-ni ödəmək mümkündür: "Bunu ekstensiv üsulla etmək olmaz, bizim su, torpaq resurslarımız məhduddur. Bu gün buğdanın orta məhsuldarlığı 32-33 sentnerdir. Amma yeni texnologiyaları tətbiq etməklə məhsuldarlığı qaldırmaq olar".
İ.Cümşüdov payızda 1 milyon 15 min 685 hektar sahədə dənli taxıl bitkilərin əkildiyini söyləyib. Onun sözlərinə görə, bunun 602 min hektarı buğda, 413 min hektarı isə arpadır.
Buğda istehsalı artıb
Qeyd edək ki, ötən il buğdanın əkin sahəsi 2015-ci ilə nisbətən 6.0% artıb, 2020-ci ilə nisbətən isə 2.7% azalaraq 572.3 min hektar olub.
Keçən il buğda istehsalı 2015-ci ilə nəzərən 11.7%, 2020-ci ilə nisbətən isə 1.0% artaraq 1.9 milyon ton olub.
Buğda istehsalının 40.0%-dən çoxu 10 rayonun payına düşüb: Cəlilabad, Şəki, Füzuli, Ağcabədi, İsmayıllı, Naxçıvan MR, Sabirabad, Saatlı, Ağsu, Qobustan.
Buğdanın məhsuldarlığı ötən il 32.9 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 5.1%, 2020-ci ilə nisbətən 3.8% artıb.
Buğdanın əsas istehsalçı rayonları olan Sabirabad, Saatlı, Ağcabədi, İsmayıllı, Füzuli və Ağsu rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub.
2019-2021-ci illər ərzində daxili bazarda buğdanın 1 kiloqramının sahədən və ya topdan satış qiymətləri 0.35-0.52 manat arasında dəyişib.
Ötən il Azərbaycana buğda idxalı əvvəlki ilə nisbətən 15.9% azalaraq 1.15 milyon ton olub.
Azərbaycana buğda idxalı əsasən Rusiya (95.3%) və Qazaxıstandan (4.6%) həyata keçirilir.
Təxminən 40 gün sonra Azərbaycanda taxıl biçininə start veriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir göstərən əsas amillərdəndir. Hazırda taxıl zəmilərinə gübrə verilməsi başa çatmaq üzrədir. Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir. Bu il taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur.
Xatırladaq ki, bu ilin fevralında Rusiyada 1 ton buğdanın ixrac qiyməti 5% azalaraq 316 dollar olub.
Rusiyanın daxili bazarında isə 1 ton buğdanın qiyməti 3% azalaraq 221 dollar təşkil edib.
İstehsal üçün potensial var
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib ki, buna nail olmaq üçün həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində potensial və imkanlar var.
O qeyd edib ki, bunun üçün həm bu il, həm də gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur.
"Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq", - deyən prezident bunu çox yaxşı nəticə adlandırıb.
İlham Əliyev vurğulayıb ki, həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0