CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat ölüb, onun cinayət işi isə qalmaqallı şəkildə davam edir

© REPORTRafael Cəbrayılov, arxiv şəkli
Rafael Cəbrayılov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olarkən koronavirusdan ölən deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun əvvəldən dələduzluqla məşğul olduğu iddia edilib.
BAKI, 14 aprel — Sputnik. Həbsdə olarkən koronavirusdan vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə barələrində məcburi məhkəməyə gətirilmə qərarı verilən Təranə Fətəliyeva və Vidadi Məmmədov məhkəməyə gəlməyib.
Zərərçəkmiş şəxslərin müdafiəçiləri məcburi gətirilmə qərarı verilmiş şəxslərin məhkəmədə iştirak etməkdən yayınmasına etiraz ediblər.
Vəkil Kamandar Nəsibov deyib ki, bu gün məhkəmədən yayınan Təranə Fətəliyeva cinayət işi üzrə əsas şahidlərdən biri olmaqla yanaşı, mərhumun qardaşı Elşən Cəbrayılovun da əməllərindən xəbərdardır:
"Zərərçəkmiş şəxslərin bir neçəsini də Rafael Cəbrayılovla əlaqələndirən Təranə olub".
İclasa sədrlik edən hakim məcburi gətirilmə qərarının icra olunmaması ilə bağlı Daxili İşlər Nazirliyinə yenidən müraciət ediləcəyini bildirib.
Prosesdə müdafiəçi Kamandar Nəsibov iki gün əvvəl dələduzluqda təqsirli bilinərək barəsində cinayət işi başlanan Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun bu işlə də bilavasitə əlaqəsi olduğunu deyib. Müdafiəçi, Elşən Cəbrayılovun cinayət işi ilə əlaqəli olması barədə məhkəməyə sənədlər təqdim edib:
"Bu günlərdə məlum oldu ki, E.Cəbrayılov barəsində başqa bir rayonda cinayət işi açıblar. Burdan da aydın olur ki, o əvvəldən dələduzluqla məşğul imiş".
"Bu cinayət işində də onun əli var. Elşən burda ifadə verəndə deyirdi ki, mən Allah adamıyam, namaz qılıram, amma sübut olundu ki, dələduzluqla məşğul imiş. Hesab edirəm, bu iş yenidən istintaqa qaytarılmalı və Elşən Cəbrayılov da işə cəlb olunmalıdır", - deyə o əlavə edib.
Hakim hazırda Elşən Cəbrayılovun deyil, Rafael Cəbrayılovun işinə baxıldığını vurğulayıb.
APA-nın xəbərinə görə, proses aprelin 28-də davam etdiriləcək.
Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.
R.Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0