Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rauf Hacıyevin yüzillik yubileyi qeyd ediləcək

© Joe Raedle / Getty Images / AFPImza
Imza - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur.
BAKI, 13 aprel — Sputnik. Prezident İlham Əliyev Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam olur.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.
Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanır.
O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.
Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.
Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Operettalarının mövzularını isə ən çox insanların gündəlik həyatı təşkil edir.
R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub. O da diqqətəlayiqdir ki, operetta keçmiş SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb və 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.
Bəstəkarın maraqlı operettalarından biri “Mənim məhəbbətim – Kuba”dır. Əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. R.Hacıyev özü Kubada heç bir zaman olmayıb, lakin onun qarşısında çətin bir vəzifə – bu ölkənin xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə böyük peşəkarlıqla daxil edə bilib.
Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. “Dördüncü fəqərə” Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılıb. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi–ictimai qayəli operetta yaratmağa nail olub.
Təqdirəlayiqdir ki, “Qafqaz əsiri” operettasının Moskva Operetta Teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir.
Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0