SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tezliklə sülh bağlamalıyıq

© AP Photo / Francois MoriPaşinyan
Paşinyan - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı fikirləri birmənalı qarşılanmayıb.
BAKI, 13 aprel — Sputnik. 2020-ci ilin payızında Qarabağda gedən döyüşlər zamanı Ermənistan tərəfdən ümumilikdə 3825 nəfər həlak olub. TASS xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan parlamentində respublikanın Baş naziri Nikol Paşinyan bildirib.
"Bu günə qədər müharibə zamanı həlak olanların sayı 3825 nəfər təşkil edib", - Baş nazir deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti hesab edir ki, Yerevan və Bakı tezliklə sülh sazişi bağlamalıdır:
"Azərbaycanla tezliklə sülh sazişinin bağlanması Ermənistanın gündəmindədir".
Paşinyan bildirib ki, aprelin 30-dək Yerevan və Bakı sərhədlərin delimitasiyası komissiyasının üzvlərini təyin etməlidir.
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağın hüquqi statusu məsələsi isə onun təhlükəsizliyini təmin etməyə yönəlib", - o, deyib.
Paşinyan onu da qeyd edib ki, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi mümkün qədər ən yaxın gələcəkdə həyata keçirilməlidir.
Paşinyanın açıqlamasına Ermənistanın politoloqu Andranik Hovannisyandan artıq reaksiya da var. O, “Telegram” kanalında qeyd edib ki, "Paşinyan manipulyasiyalardan istifadə edərək erməni cəmiyyətini son nəticədə status məsələsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirəsinə gətirəcək növbəti xəyanətə hazırlayır".
İlham Əliyev Ermənistanla sülh barədə nə deyib?
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün bildirib ki, indi əsas məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır.
Prezidentin sözlərinə görə, Ermənistan münasibətlərin normallaşmasının beş əsas prinsipinə müsbət reaksiya verib.
“Əgər İrəvan bu beş prinsipi qəbul edirsə, bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi deməkdir", - prezident bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, aprelin sonunadək sülh müqaviləsinin hazırlanması və sərhədlərin delimitasiyası üzrə Azərbaycan-Ermənistan işçi qrupları yaradılacaq. Onlar ən qısa zamanda işə başlamalıdır.
İlham Əliyev həmçinin xəbərdarlıq edib ki, əgər Ermənistanda yenidən silahlanmaya vəsait ayrılsa, o zaman Bakı bu hərəkətləri qeyri-dostluq addımı kimi qiymətləndirəcək və müvafiq tədbirlər görəcək.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0