CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlər üçün tikilmiş binalarda mənzillər necə və neçəyə satılacaq? - Rəsmi

© Sputnik / Zulfiyya GuluyevaMəcburi köçkünlər üçün tikilən bina, arxiv şəkli
Məcburi köçkünlər üçün tikilən bina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Keçmiş məcburi köçkünlər üçün inşa olunmuş mənzillərin satışı yolu ilə əldə olunacaq gəlir şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılmasına yönəldiləcək.
BAKI, 13 aprel — Sputnik. İki gün öncə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.
Evlər iki üsulla satılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, dövlət başçısının təsdiq etdiyi qaydaya uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə tikilən çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışını ƏƏSMN həyata keçirəcək. Nazirlik bunu iki üsulla reallaşdıracaq. Bu onlayn və hərrac üsullarıdır. Hərrac üsulu ilə satış qaydasını hökumət yaxın müddətdə təsdiq edəcək. Onlayn üsulla satış qaydası isə artıq təsdiqlənib.
CC0 / lukasbieri / websiteKpmpüter arxasında işləyən adam
Парень перед ноутбуком, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Kpmpüter arxasında işləyən adam
Əvvəl saytda qeydiyyatdan keçmək lazımdır
Fazil Talıbov qeyd edib ki, satış Nazirliyin rəsmi internet saytı vasitəsilə icra ediləcək. İstənilən hüquqi və fiziki şəxs daha öncədən elan edilmiş vaxtda yaradılacaq saytda qeydiyyatdan keçməlidir. Bundan sonra vətəndaşlar öz elektron kabinetlərində bununla bağlı bildiriş əldə etməklə satış prosesində iştirak edəcəklər:
"Hazırda nazirlik tərəfindən mənzillərin sayı və qiymətinin müəyyən olunması üzərində iş aparılır. Bunun üçün biz müstəqil qiymətləndiriciləri dəvət etmişik. Bu proses icra edilməkdədir. Yaxın vaxtlarda portal istifadəyə verildikdən sonra biz media vasitəsilə ictimaiyyətə elan verəcəyik".
Qiymətləndiricilər hazırda mənzillərin qiymətinin müəyyən edilməsi üzərində iş aparırlar və hal-hazırda qiymətlər barədə açıqlama vermək mümkün deyil:
"Amma təbii ki, mənzillər bazar qiymətlərindən baha olmayacaq", - deyə nazirlik nümayəndəsi bildirir.
Bir şəxs bir neçə mənzil ala bilər
Onun sözlərinə görə, yalnız portalda qeydiyyatdan keçən şəxslər satış günü bu prosesdə iştirak edə biləcəklər. Mənzil almaq istəyən şəxslərə mənzillərlə bağlı bütün məlumatları əldə etmək imkanı veriləcək. Mənzillərin ölçüləri, qiyməti, yerləşdiyi bina, mərtəbəsi, son təmir tarixi barədə məlumatları əldə edə biləcəklər. Bu prosesdə iştirak edib mənzili ilk alan şəxs 10 gün müddətində alqı-satqı yolu ilə notarial qaydada mənzili öz adına rəsmiləşdirə biləcək. Mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçəcək.
© pixabay / JesusManuel1Qapı üzərində açar
Ключ в замке двери, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Qapı üzərində açar
Evlər bu ünvanlarda yerləşir
Mənzillərin ünvanlarına gəlincə, F.Talıbov bildirib ki, satışa çıxarılacaq binalar Bakının müxtəlif rayonlarında yerləşir.
Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışa çıxarılması nəzərdə tutulub.
© Sputnik / Irade JELILBakının Yeni Ramana ərazisində salınan şəhərciyində
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
Həmsöhbətimiz onu da qeyd edib ki, bəzi ərazilərdə dövlət vəsaiti hesabına məcburi köçkünlər üçün inşa olunmuş binalar var ki, onların tikilməsi hələ yekunlaşmayıb. İnşaat işləri yekunlaşdıqdan sonra həmin binalar da o siyahıya əlavə ediləcək.
Satışdan əldə olunan pul nəyə xərclənəcək?
Nazirlik nümayəndəsi bildirib ki, satışa çıxardılacaq binalardan şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edilib. Söhbət istifadəsiz qalan mənzillərdən gedir ki, onun satışından əldə olunan vəsait regionlarda şəhid ailələrin mənzillə təminatına yönəldiləcək.
Həmçinin mənzillərin satışında sui-istifadə hallarına yol verilməsinin qarşısını almaq üçün şəffaflığın qorunmasına ciddi nəzarət ediləcək. Bir nəfərin bir neçə mənzil almasına məhdudiyyət qoyulmayacaq. Əsas məqsəd vətəndaşların istəklərinin reallaşmasına maksimum şərait yaratmaqdır.
O ki qaldı onlayn alqı-satqı prosesində şəffaflığın təmin edilməsinə, nazirlik rəsmisi deyir ki, bu platformanın hazırlanmasında peşəkar DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin komandası çalışır. Prosesə aidiyyəti qurumlar da nəzarət edəcək.
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Pul
Məlumat üçün bildirək ki, mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır.
Mənzili seçmiş şəxs alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan müddət ərzində gəlmədikdə və ya mənzilin dəyərini tam ödəmədikdə, yaxud mənzili almaqdan imtina etdikdə, həmin şəxsin həyata keçirdiyi mənzil seçimi ləğv edilir. Bu barədə həmin şəxsin elektron kabinetində bildiriş yerləşdirilir. Belə halda mənzilin üzərinə qoyulmuş məhdudiyyət götürülür və həmin mənzil növbəti satış elanına daxil edilməklə yenidən satışa çıxarılır.
Aztəminatlı ailələrin ev arzusu gerçəkləşəcək?
Əmlak eksperti Elnur Fərzəliyev isə deyir ki, keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması əmlak bazarında qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq. Həmçinin, bu, aztəminatlı ailələrin ev arzusunun reallaşmasına imkan yaradacaq.
Həmsöhbətimiz deyir ki, dövlət sifarişi ilə tikilən binalarda ümumi xərclər az olduğuna, torpaq sahələri dövlət tərəfindən ayrıldığına görə həmin binalarda mənzillərin maya və bazar dəyəri digər mənzillərdən ucuzdur. Buna görə həmin mənzillər daha aşağı qiymətə təklif olunacaq. Beləcə, Bakı, Abşeron və digər bölgələrdə belə mənzillərin satışa çıxarılması aztəminatlı ailələrin büdcəsinə uyğun olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yasamal Yaşayış Kompleksi - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Mətbuat mərkəzi
Azərbaycanda sosial mənzil: layihənin perspektivləri
Xəbər lenti
0