Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda uşaqlar arasında yayılan xəstəliyin adı nədir?

© Pexels Polina TankilevitchUşaq
Uşaq - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Qrip virusunun ağırlaşması pnevmoniya verdiyi kimi, koronavirusa yoluxmadan sonra da MIS-C müşahidə olunur ki, bu da təhlükəlidir.
BAKI, 11 aprel — Sputnik. Uşaqlar arasında yayılan xəstəlik valideynlərin ciddi narahatlığına səbəb olub. Valideyn Afaq Abbaslının sözlərinə görə, 1 yaş yarımlıq oğlu bir həftədir ki, hərarət, qusma, diareya əlamətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər ona bildiriblər ki, bu körpələr arasında yayılmış virusdur. Həmsöhbətimiz Qax Rayon Mərkəzi Xəstəxanasının Uşaq Poliklinikasında olduğu müddətdə eyni əlamətlərlə çoxlu sayda uşağın orada müalicə olunduğunu söyləyib.
Bakıda yaşayan digər valideyn Aysun Hüseynlinin övladında da eyni simptomlar var.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev bildirib ki, Azərbaycanda qusma, yüksək hərarət və ishalla müşahidə olunan xəstəlik daha çox 1-8 yaşa qədər uşaqlarda müşahidə olunur. Onun sözlərinə görə, bu əsasən mövsümi infeksiyaların, rotavirusun yaratdığı fəsadlarıdır.
A.Musayev həmçinin qeyd edib ki, mövsümi viruslar hər il olur: "Əvvəlki illərdə pandemiya, qapanma olduğundan mövsümi viruslara yoluxma çox müşahidə olunmurdu".
Bu viruslar zamanı qusma, yüksək hərarət və ishalla yanaşı, bədəndə ləkələr də qeydə alınır. A.Musayev gün ərzində dörd-beş uşağın eyni əlamətlərlə İnstituta müraciət etdiyini bildirib. Onun sözlərinə görə, üç gün uşaqda temperatur varsa, gün ərzində üç-beş dəfə qusma müşahidə olunursa, dərhal həkimə müraciət edilməlidir.
Koronavirusa yoluxma sayı azalsa da, uşaqlar arasında son vaxtlar COVID-dən sonra ağırlaşmalara rast gəlinir: "Koronavirusdan sonra körpə uşaqlarda ağırlaşmalar artıb. Bəzi analar hamilə olduğu vaxt COVID-ə yoluxduğundan körpədə ciddi fəsadlar yaranır. Bu, MIS-C xəstəliyi (multiorqan yetməzliyi) adlanır. Bu post-koronavirus iltihab sindromu (MIS-C) immunitet sisteminin pozulmasının yeni bir formasıdır. Bu zaman uşağın ürək boşluğunda, ağciyərdə su yığılır. Qaraciyərdə böyümə, böyrək funksiyasında yüksəlmə, hətta böyrəyin sıradan çıxması müşahidə olunur. Bəzən isə bağırsaq keçməzliyinə gətirib çıxarır. MIS-C COVID-in ağırlaşmasıdır".
Qrip virusunun ağırlaşması pnevmoniya verdiyi kimi, koronavirusa yoluxmadan sonra da MIS-C müşahidə olunur ki, bu da təhlükəlidir.
Bir neçə gün öncə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev də uşaqlar arasında epidemiya şəklində yeni virusun yayıldığını söyləyib: "Hazırda bu hallar epidemiya şəklindədir və 5 yaşlı uşaqlarda daha çox rast gəlinir. Xəstəlik böyük yaşlarda müşahidə edilsə də, onlar yüngül keçirirlər. Uşaqlardakı simptomlar bir həftədən bir aya qədər davam edə bilər".
Həkimin sözlərinə görə, virus uşaqlardan valideynlərə də keçir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0