CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təbiət ziyan vurur, bağlar sığorta olunur, fermer isə məlumatsızdır

© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Qarahəsənli kəndində
Ağstafa rayonunun Qarahəsənli kəndində - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin siyahısı 14-dən 41-ə qaldırılıb. Bəs müvafiq qurumların fəaliyyəti bütün fermer təsərrüfatlıarını əhatə edirmi?
BAKI, 10 aprel — Sputnik. Erkən yazın ölkəmizin bir çox bölgəsində, o cümlədən də qərb rayonlarında qarlı və şaxtalı keçməsi meyvəçiliyə də öz təsirini göstərib. Belə ki, bölgənin əsasən aran hissəsində meyvə ağaclarında çiçəkləmə prosesi getdiyindən yağan qar nəticə etibarilə məhsuldarlığa mənfi təsir göstərib. Sputnik Azərbaycan-ın həmsöhbət olduğu fermerlər də bu fikri təsdiqləyib.
Ağstafa rayonunun Qarahəsənli kənd sakini Azər Orucov fevral ayında havaların isti keçməsi nəticəsində bağlarındakı ağacların oyandığını və hava soyuqlaşdıqdan sonra meyvə ağaclarının çiçəyini şaxta vurduğunu söyləyib:
"Uzun illərdir bağçılıqla məşğul oluram. Ərik bağı becərirəm. Meyvələrin çiçəklənməsindən sonra qarın yağması bağımın 80%-nin çiçəklərinin don vurmasına səbəb oldu. Yəni, bir var bağdan tam olaraq məhsul götürəsən, bir də var gözlədiyin məhsulun yalnız 20%-nə sahib olasan. Keçən il də belə oldu. Şaxta vurub çiçəklərin hamısını qaraldıb. Bu çiçəklər artıq məhv olub. Onlar bar gətirə bilməyəcəklər,"-deyə bildirib.
© Sputnik / Ilham MustafayevAzər Orucov
Azər Orucov - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Azər Orucov
Fermerlər deyirlər ki, erkən çiçəkləyən meyvə növlərindən bəziləri yağıntıdan sonra yenidən çiçəkləməyə başlayıb. Bu isə onlara ümid verir ki, ziyandan qismən də olsa ötüşə biləcəklər. Fermer Süleyman Babayev öncədən gördüyü tədbirlər sayəsində bağındakı ağacların çiçəklənməsini nisbətən ləngitdiyini deyib:
"Havalar isti keçdiyindən çiçəkləmə tez başladı. Bunun qarşısını almaq üçün ağacların dibini bellədim. Bu müəyyən qədər onların çiçək açmasını ləngitdi. Bu səbəbdən mənim bağıma çox təsir etməyib. Amma elə bağlar var ki, onlara çox pis təsir edib. Çiçək demək olar ki, ağacın üstündə quruyub,"- deyə fermer bildirib.
© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Qarahəsənli kəndində
Ağstafa rayonunun Qarahəsənli kəndində - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Ağstafa rayonunun Qarahəsənli kəndində
Meyvəçiliklə məşğul olan fermerlərin və kənd sakinlərinin belə təbiət hadisələrindən qorunmaq üçün aqrar sığortadan yararlanmaq imkanlarına gəldikdə isə onların heç biri bu imkandan yararlanmadığını bildiriblər.
Azər Orucov kənd təsərrüfatı sığortasından məlumatsız olduğunu söyləyib:
"Məlumatsızam, elə bir şey olduğundan xəbərim yoxdur. Olsa, əlbəttə sığorta edərəm, bu günkü gün də ziyanımı sığorta ödəyərdi,"- deyə təəssüfünü bildirib.
Fermer Süleyman Babayev də sığorta barədə heç kimin fermerləri məlumatlandırmadığından şikayətlənib:
© Sputnik / Ilham MustafayevSüleyman Babayev
Süleyman Babayev - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Süleyman Babayev
"Sığorta ilə bağlı gəlib bizə məlumat verən olmayıb ki, biz dövlət tərəfindən gəlmişik bağınızı sığorta edək. Belə olduqda bizdə də maraq olar ki, mən ziyan çəkərəmsə, dövlət mənə nə qaydada kömək edər. Biz bütün günü təsərrüfatımızın içində olan adamlarıq. Özümüzün də o şeylərdən məlumat almağa vaxtımız, imkanımız olmur. Ümid edirik ki, Allahın köməyi ilə yaxşı olacaq", - deyə o bildirib.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik şöbəsi də soyuq havaların bağçılığa ziyan vurduğu təsdiqləyib. Qurumdan bildirilib ki, rayonda 1500 ha sahədə meyvə bağları mövcuddur. Mart ayında qarlı, şaxtalı hava şəraiti əsasən ərik, şaftalı və alça ağaclarının məhsuldarlığına mənfi təsirini göstərəcək.
© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Qarahəsənli kəndində
Ağstafa rayonunun Qarahəsənli kəndində - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Ağstafa rayonunun Qarahəsənli kəndində
Aqrar Sığorta Fondundan isə bildirilib ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq olunan güzəştli aqrar sığorta mexanizmi çərçivəsində demək olar ki, bütün meyvə bağları sığortalanır. Ötən ilin dekabrından Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin siyahısı 14-dən 41-ə qaldırılıb, risqlərin siyahısı da artırılıb. Bura şaxta vurma, donvurma, sel, qar ağırlığının yaratdığı zərərlər, leysan və s. əlavə olunub.
Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov əsas şərtin meyvə bağlarının elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatda olması olduğunu qeyd edib:
© Sputnik / Ilham MustafayevAğstafa rayonunun Qarahəsənli kəndində
Ağstafa rayonunun Qarahəsənli kəndində - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Ağstafa rayonunun Qarahəsənli kəndində
"Hazırda meyvə bağlarının sığortası davam edir. Əgər meyvəni heç bir don vurmayıbsa və fermer aqrar sığorta fonduna müraciət edirsə, fondun eksperti gəlib bağı araşdırır, buradakı bütün bitkiləri, hər hansı donvurma halının olub-olmadığını yoxlayır. Bundan sonra o bitkini sığortalamaq üçün rəy verir və fond o bitkini sığortalayır. Qiymətlərə gəldikdə isə, məsələn təqribi olaraq deyə bilərik ki, Tovuzda, yaxud Ağstafada 10 ton ərik yığılan bağın sığorta haqqı 500-600 manatdır və bunun yarısını fermerin əvəzinə dövlət ödəyir,"- deyə açıqlama verib.
Qurum rəsmisi fermerlərin daha dəqiq rəqmləri Aqrar Sığorta Fondunun internet səhifəsində bitkiçilik kalkulyatoru ilə hesablaya biləcəklərini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Fermerlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.03.2022
İQTİSADİYYAT
Aqrar Sığorta Fondu hava şəraiti ilə bağlı fermerlərə çağırış edib
Xəbər lenti
0