CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyələrin sayı azalacaq - Birləşsələr, güclənəcəklər?

© AFP 2024 / JUSTIN SULLIVANMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Bələdiyyələrlə bağlı səsləndirilən təklif yerli özünüidarəetmə orqanlarının fəaliyyətində dönüş yaradacaq.
BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bələdiyyələrin sayının azaldılması təklif olunub. İki gün öncə Milli Məclisdə keçirilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədin müzakirəsi zamanı deputat Vüqar Bayramov Azərbaycanda bələdiyyələrin sayının çox olduğunu söyləyib. O deyib ki, Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur.
Deputatın sözlərinə görə, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayında artımlar müşahidə olunub: "Bu isə ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin də gücləndirilməsinə ehtiyac var".
Millət vəkili vurğulayıb ki, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı: "Çexiyada 205, Bolqarıstanda 265, Rumıniyada 103, Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərəliliyinə və eləcə də şəffaflığına təsir göstərir".
Sputnik Azərbaycan yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin sayının azaldılmasının hansı effekt verəcəyini araşdırıb.
Bələdiyyələr necə birləşə bilər?
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycan üzrə daimi nümayəndəsi Hümbət Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanun qəbul olunub. Həmin qanuna görə, bələdiyyələr müstəqil şəkildə birləşə, ayrıla və digər fəaliyyət də göstərə bilərlər. Bələdiyyələr birləşmək istəyirsə, bununla bağlı qərar verir, bu qərar Milli Məclisə göndərilir ki, bələdiyyələrin inzibati ərazisi birləşsin. Ola da bilər ki, hər iki bələdiyyə müraciət edərək bir protokol imzalayır, onların sərhədlərinə toxunulmur. Amma birgə sosial, ekoloji layihələr həyata keçirirlər.
Borclu bələdiyyələr
Həmsöhbətimiz belə hesab edir ki, bələdiyyələrin birləşməsinə ehtiyac olan bir neçə əsas amil var. Məsələn, Azərbaycan bələdiyyələrinin 23 illik tarixi olmasına baxmayaraq, Dövlət Sosial müdafiə Fonduna, əmək haqqı fonduna borcları var. Bələdiyyələrin bəziləri nəinki sosial layihə həyata keçirir, hətta öz işçilərinə əməkhaqqı belə verə bilmirlər. Onun sözlərinə görə, belə bələdiyyənin qalmasının vətəndaşlara da bir xeyri yoxdur.
H.Hüseynov bildirib ki, ərazi cəhətdən yaxın bələdiyyələr birləşə bilər: "Heç vaxt Rəsulzadə bələdiyyəsi ilə Gədəbəyin İvanovka bələdiyyəsi birləşə bilməz. Ərazi cəhətdən yaxın bələdiyyələr birləşə bilər. Bu zaman bələdiyyənin xərcləri azalacaq. Sosial layihələr də bərabər şəkildə həyata keçirilməlidir".
Qeyd edək ki, "Bələdiyyələrin statusu haqqında qanunda" bələdiyyələrin birləşməsi qaydası öz əksini tapıb. Bu bələdiyyələrin öz razılığı əsasında olmalıdır. Həmsöhbətimiz də bildirir ki, əgər bələdiyyələrin geniş maliyyə imkanı olsa, heç kəs bələdiyyələrin birləşməsini istəməzdi. Bu maliyyə çatışmazlığından irəli gəldiyi üçün ilkin olaraq bələdiyyələrin birləşməsinə ehtiyac var.
Birləşmək də effekt verməyəcək?
Deputat Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əksər bələdiyyələr formal olaraq mövcuddur. Onun fikrincə, bir otaqdan və beş-altı üzvdən ibarət olan bələdiyyələrin saxlanılmasına heç ehtiyac da yoxdur. Ona görə də köklü islahatlar aparıb yerli özünüidarətetmə institutunu dirçəltmək lazımdır: "Mən burada başqa yol görmürəm. Bələdiyyələrə səlahiyyətlər də verilməlidir. Yoxsa bələdiyyələri birləşdirmək də bir effekt verməyəcək".
Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə 1606 bələdiyyə fəaliyyət göstərir. "Bələdiyyələrin birləşməsi haqqında" qanuna qədər bu say iki dəfə çox olub.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə bələdiyyələrin gəlir yerləri də öz əksini tapıb. 2021-ci ildə uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə ötən il təxminən 3,5 milyon çox vəsait daxil olub. Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım 2,5 milyon manat təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Deputat - Sputnik Azərbaycan, 1920, 05.04.2022
SİYASƏT
Bələdiyyələr "torpaq satan" imici ilə tanınırsa, bu, hamımızın günahıdır - deputat
Xəbər lenti
0