CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Restoranların bahalı iftar menyusu: Buna israf və soyğuçuluq menyusu da demək olar

© Sputnik / Ilham Mustafayevİftar süfrəsi
İftar süfrəsi - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Restoran sahibləri hesab edirlər ki, adambaşına 80 manat təşkil edən iftar menyusunun qiyməti onun tərkibinə baxanda baha deyil.
BAKI, 9 aprel — Sputnik. Ramazan ayı başlayandan paytaxtda fəaliyyət göstərən restoranlar iftar menyularının qiymətini bahalaşdırıb. Son günlər sosial platformada paytaxtda bir nəfər üçün 80 manatlıq iftar menyusunun olduğu barədə məlumatlar yayılıb.
30 çeşiddə qida bir nəfərlik iftar menyusunda
Sputnik Azərbaycan iftar menyularının qiymətini araşdırıb. Dənizkənarında yerləşən "Günaydın" restoranında iftar menyusunun olduğunu bildirdilər. Restoranın administratoru Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, iftar menyusunun qiyməti adambaşına 80 manat təşkil edir. Administrator qiymətin əslində baha olmadığını, menyuda olan soyuq və isti qəlyanaltıların çeşidinə görə ucuz olduğunu qeyd edib.
Administratorla söhbət zamanı öyrənirik ki, bir nəfər üçün 80 manat təşkil edən iftar menyusuna süfrəyə öncə şorba, qara zeytun, fümə ət, xurma, antep pendiri, kaşar pendiri, acılı əzmə, çiy küftə, çoban salatı, haydari, badımcan salatı verilir. Desertlərə- katmer, güllac, sütlac, kadayıf, kamalpaşa, şəkərpaşa, qazandibi, meyvə çeşidi daxildir. İsti qəlyanaltılarda içli küftə, börəklər, siqara börəyi, paşanqa və pendirli börək var. İsti yeməklərdən isə menyuya plovüstü dönər, qarışıq izqara, toyuq şişi, quzu şişi, adana, pirzola, alinazik daxildir. İftar menyusuna sərinləşdirici içkilər də daxildir.
İftar menyuları bahalaşıb
"Teleqüllə" restoranında iki nəfərə iftar menyusunun qiyməti 48 manatdan başlayaraq 90 manatadək dəyişir. İki nəfər üçün 60 manatlıq menyuya beş növ şorba, salat, tərəvəz, pendir, lülə, tikə, toyuq kababları, toyuq sac və kompot daxildir.
Yeməklərin qiymətinin bahalaşması bəzi restoranları isə iftar menyusu hazırlamaqdan çəkindirib. Əlaqə saxladığımız məşhur restoranların çoxu iftar menyusu hazırlamadıqlarını bildirdilər. Onlar iftar üçün gələn müştərilərə adi qaydada menyu təklif etdiklərini bildirdilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iftar menyusu altında təqdim edilən menyular müştəriləri cəlb etmək məqsədi daşısa da, adi menyu qiymətlərindən fərqlənmir:
"Restoranların iftar menyularına fantastik qiymət qoyması hüquqi baxımdan məsuliyyət yaratmasa da, mənəvi məsuliyyəti var. Ramazan ayında əksər müsəlman ölkələrində qiymətləri ucuzlaşdırıb daha əlçatan edirlər. Bizdə isə bunun əksi müşahidə olunur. Restoranların çoxu "gündüz qırıl müsəlman, gecə cırıl müsəlman" prinsipi ilə işləyirlər. 80 manat bir adama iftar menyusu çox bahadır. Amma restoranlar bu işdə sərbəstdir. Burada qanunazid heç nə yoxdur. Amma dinimizə uyğun deyil. Onlar iftar menyusuna minimum qiymət qoymalıdırlar ki, savab qazansınlar".
Bu qədər yeməyi bir adam yeyə bilməz!
E.Hüseynov deyir ki, çoxsaylı yeməkləri və müştərilərin adi günlərdə yemədiyi desertləri menyuya yazıb adını iftar menyusu qoymaq düzgün deyil: "30 adda yeməyi bir nəfər iftar süfrəsində yeyə bilməz. Bu müştərini aldatmaqdır. Ola bilər ki, kimsə öz yaxınını restorana iftar süfrəsinə dəvət etsin. Bu zaman müştəri çox pis vəziyyətdə qala bilər. Çünki, iftar menyusunun qiymətləri fantastikdir".
İftar yox, israf menyuları
İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iftar menyusuna çoxçeşidli qidalar əlavə etmək israfdır:
"Dini nöqteyi-nəzərdən də dinimiz tövsiyə edir ki, yeyib-için, amma israf etməyin. Burada əsas prinsip ondan ibarətdir ki, insanlar ilin heç bir günündə israfa yol verməməlidirlər. Sahurda da, iftarda da maksimum israfa yol verməməliyik. Amma restoranların iftar menyusunda 30 sayda yeməyin olması israfdır".
E.Mahmudov deyir ki, həkimlər də birdən-birə bu qədər çox yeməyin səhhətə ziyan olduğunu bildiriblər:
"İsraf olmadan doyumlu menyu hazırlamaq daha məqsədəuyğundur. Amma biz bazar iqtisadiyyatında yaşayırıq. Kimsə bunu iqtisadi nöqteyi-nəzərdən edə bilər ki, daha çox qazansın. Oruc tutan şəxs özü iftar yeməyində israfa yol verməməlidir. Həmçinin, nəzərə almaq lazımdır ki, bu qədər yeməyin bir nəfər tərəfindən iftar zamanı qəbulu mümkünsüzdür. Bu zaman təbii ki, həmin şəxs israfa yol vermiş sayılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İftar süfrəsi - Sputnik Azərbaycan, 1920, 07.04.2022
CƏMİYYƏT
İftar yeməyi hissələrə bölünməlidir - Həkimdən oruc tutanlara məsləhətlər
Xəbər lenti
0