Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Divarında əncir ağacı bitən Mingəçevir yataqxanası və ya bitməyən "qaçqınlıq"

© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Mingəçevirdə məcburi köçkünlərin 29 ildir məskunlaşdığı dördmərtəbəli binada hazırda 28 ailə yaşayır.
BAKI, 9 aprel — Sputnik. Mingəçevirdə məcburi köçkünlərin yaşadığı bina təhlükəli vəziyyətə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, 30 ilə yaxındır burada Şuşa, Laçın, Ağdam, Kəlbəcər rayonlarından olan sakinlər yerləşib.
Dördmərtəbəli yataqxana binasına kənardan baxdıqda oradakı vəziyyət gün kimi aydın olur. İçəri daxil olmadan divarların nəmişliyi, qırıq-sökük pəncərələr, müxtəlif mərtəbələrdə bitən əncir ağacları diqqət çəkir.
Mərtəbələri qalxdıqca zirzəmiyə dolan çirkab suların dəhşətli qoxusu, uçuq-sökük divarlar, qarışıq elektrik xəttləri insanı vahiməyə salır. Mingəçevir şəhəri Heydər Əliyev prospekti 86/1 ünvanında yerləşən sözü gedən bina 60-70 il öncə inşa edilib.
Əvvələr toxuculuq kombinatının, daha sonra isə 69 saylı peşə məktəbinin yataqxanası olub. 1993-cü ildən isə burada məcburi köçkünlər yerləşib. Sözügedən dördmərtəbəli binada 50 qaçqın ailəsi qeydiyyatda olsada, hazırda burada 28 ailə yaşayır.
Onlar arasında 20-ə yaxın uşaq,15 ahıl var. Şuşa sakini olan İlduzə Hüseynova Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində hazırda təhlükəli binada həyəcan keçirirərək yaşadığını, hər hansı hadisə baş vermədən doğma yurduna qaydacağı günü gözlədiyini deyir:
© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Mingəçevirdə qəzalı yataqxana
"Binamızın problemləri çoxdur. Hər an çökə bilər. Həyəcan keçirib yaşayırıq burada. Şükür, bizim torpaqlarımız alınıb. Hamımız o arzu ilə yaşıyırıq ki, qayıdaq yerimizə, yurdumuza. Heç kəsdən ev istəmirik. Otuz ildə biz burda yaşamamışıq zülm çəkmişik. İndi bina çox dəhşətli vəziyyətdədir. Zirzəmi yarıya qədər su ilə dolub. Binanın 30-a qədər körpə,15-dən çox mənim kimi yaşlı insanları var. İnanın ki, bir yüngül zəlzələ olsa qaça bilməyəciyik, bina uçacaq, arzumuz da gözümüzdə qalacaq. Gedib yerimizi yurdumuzu görə bilməyəciyik. Xahiş edirik, bura bir əncam çəksinlər. Heç kim maraqlanmır. Müraciətə gedəndə də deyirlər ki, sizin torpaqlar alınıb, çıxın gedin! Mən özbaşınayam gedəm? Şuşalıyam, ordan ötrü burnumun ucu göynəyir. Amma gərək zaman yetişə, bütün işlər yekunlaşa, biz də qayıdaq evimizə."
© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Mingəçevirdə qəzalı yataqxana
Zirzəmiyə dolan çirkab sular, binadan qopub düşən kərpic, beton parçalar yataqxanada yaşayanları ciddi narahat edir. Onlar binanın hər an uçmaq təhlükəsindən, uşaq, yaşlı sakinlərin baş verə biləcək bədbəxt hadisənin qurbanı olacağından qorxurlar.
Bina sakini Hicran Abbasova müraciyyət etdikləri adiyyatı qurumların isə məsələyə ciddi yanaşmadığını deyir:
"Otuz ilə yaxındır mən də burada yaşıyıram. Binamız günbəgün təhlükəli vəziyyət alır. Hər gün divardan iri daş parçları qopub düşür. Bir neçə gün qabaq qonşunun nəvəsinin başına düşüb, xəsarət alıb. Çətinliklə uşaq böyüdürük, onları da sağlam saxlaya bilmirik. Burada bir uşağa və ya yaşlı sakinə nəsə olsa, onda hamı axışıb gələcək. Amma biz gedirik, adiyyatı qurumlar bizim səsimizə səs vermir. Mingəçevir İcra hakimiyyətinə də getmişik, "qaçqınkom"a da, hərəsi bir tərəfə yönəldir. Problemi həll edən tapılmır.
© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Mingəçevirdə qəzalı yataqxana
Yaşlandıqca çətinliklərə dözə bilmirik
Zeynəb Niftəliyeva - Bina sakini deyir ki, 1992-ci ildən Ağdərə rayonun Umudlu kəndindən köçkün düşüb.
"Burada ömrüm, günüm çürüyüb. Mən gələndə cavan idim, indi qocalmışam. Problemimiz odur ki, bina uçub tökülür. Baş-göz yumağa yerimiz yox, tualetə kişi, qadın bir yerə gedir. Çox biabırçı durumdayıq. Su yerimiz uçub tökülür, evlərimiz bərbad halda. Üfunət iyisindən baş çatlayır".
Binanın digər sakini Gülbahar Məmişova isə bura gələndə 21 yaşının olduğunu deyir.
"Cavan idim, dözürdüm. Amma indi yaşlaşmışıq, dözə bilmirik. Səbrimiz tükənib. Problemimiz çoxdur. Evə qonaq gələndə utanırıq, qapıları üzlərinə aça bilmirik. Zirzəmi su ilə dolub, birazdan isti düşəcək, həşəratlar çıxacaq. Çox ağır vəziyyətdə yaşayırıq. Hara gedrik deyirlər özünüz bilərsiniz, yeriniz-yurdunuz alınıb, qaçqınlıq qurtarıb. Məndə yurdumuzu istəyirəm, amma gedənə kimi bu cür də yaşamaq olmaz axı!"
© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yataqxana
Mingəçevirdə qəzalı yataqxana - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Mingəçevirdə qəzalı yataqxana
Heydər Əliyev prospekti 86/1 ünvanında yaşayan sakinlərin problemləri ilə bağlı üz tutduq Mingəçevir şəhər İcra hakimiyyətinə. Lakin oradan məsələyə aydınlıq gətirən tapılmadı.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə Sputnik Azərbaycan-a həmin yataqxana binasının Dövlət Komitəsinin balansında olmadığı bildirildi.
Dördmərtəbəli binanın mövcud vəziyyəti ilə bağlı Mingəçevir Sukanal İdarəsinə də müraciət etdik. İdarə rəisi Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında zirzəmiyə dolan çirkab suların yaxın günlərdə təmizlənəciyini dedi:
"Mingəçevir şəhəri Heydər Əliyev prospekti 86/1 ünvanında kanalizasiya xəttlərində baş vermiş qəzalar tezliklə aradan qaldırılacaq. Zirzəmiyə dolan su texnika vasitəsi ilə çəkiləcək."
Sakinlər isə qurumların bir birlərinin üzərinə atdığı problemin tezliklə həll ediləciyinə ümid edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tikinti işləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.04.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Qarabağ və Şərqi Zəngəzurda tikintilərə nəzarət edəcək şəxslərə səlahiyyətlər verildi
Xəbər lenti
0