CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni Fəaliyyət Planı korrupsiyanın kökünü kəsməyə qadirdir?

© Sputnik / Anar MustafayevKorrupsiya
Korrupsiya - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
Əliməmməd Nuriyev bildirib ki, hazırda korrupsiyaya qarşı mübarizə gedir, ancaq hələ də bu mübarizədə bütün gözləntilərimizə nail olmamışıq.
BAKI, 6 aprel — Sputnik. Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər və onun effektivliyinin artırılması yolları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, hüquqşünas Əliməmməd Nuriyevin fikirlərini öyrənib.
Əliməmməd Nuriyev bildirib ki, hazırda korrupsiyaya qarşı mübarizə gedir, ancaq hələ də bu mübarizədə bütün gözləntilərimizə nail olmamışıq: "Korrupsiyanın yeni formaları ortaya çıxıb. Bununla yanaşı, korrupsiya ilə mübarizənin yeni forma və üsulları meydana çıxır. Bütün bunları özündə ehtiva edən yeni proqrama ehtiyac duyulurdu".
Hüquqşünas qeyd edib ki, yeni fəaliyyət proqramı 6 prioritet istiqamətdə mübarizəni özündə birləşdirir: "Bu fəaliyyət planı ötən illərin təcrübəsindən çıxış edərək hazırlanıb. Əgər o, doğru-düzgün icra ediləcəksə, korrupsiya ilə mübarizədə çox ciddi nəticələrin əldə edilməsi mümkündür. Təsadüfi deyil ki, artıq təkcə aşağı və orta məmur təbəqəsi deyil, həm də yuxarı səviyyəli məmur təbəqəsi də korrupsiya əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilir. Korrupsiyaya qarşı mübarizə bütün səviyyələri əhatə etməlidir".
Onun sözlərinə görə, korrupsiya ilə mübarizə tədbirlərinin təkmilləşdirilməsinə ehtiyac var: "Misal olaraq, vəzifəli şəxslərin gəlir deklarasiyasının bəyan edilməsini qeyd edə bilərəm. Həmçinin, dövlət satınalmalarında şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşması, korrupsiya risklərinin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur".
Əliməmməd Nuriyev əlavə edib ki, bu Sərəncamda həm də korrupsiya ilə mübarizə çərçivəsində görülən işlər barədə mütəmadi hesabatların cəmiyyətə təqdim olunması qeyd olunur: "Bu mübarizə çərçivəsində ictimai iştirakçılığın institusional forma alması üçün tədbirlər nəzərdə tutulub. Bunun üçün də ictimai şuraların fəaliyyətinin genişləndirilməsi, dövlət qurumlarının ictimai şuralarının yaradılması qeyd edilib. Bu prosesdə ən vacib istiqamətlərdən biri maarifçilikdir. Nəzərdə tutulan tədbirlər həm də real tədbirlərdir və vəziyyəti özündə ehtiva edə bilir".
"Korrupsiyaya qarşı dözülməz şəraitin yaradılması, sıfır tolerantlığın formalaşdırılması önəmlidir. Eyni zamanda atılması vacib addımlardan biri də anti-korrupsiya infrastrukturunun yaradılmasıdır. Korrupsiya hüquq pozmaları ilə bağlı məlumat verən şəxslərin stimullaşdırılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan qanunvericiliyinə implementasiyası vacibdir. Stimullaşdırma o deməkdir ki, korrupsiya faktları barədə məlumat verən şəxslər böyük miqdarda ziyan vurulmasının qarşısının alınmasında iştirak etmiş olurlar. Ona görə də heç şübhəsiz belə şəxslərin mükafatlandırılması vacibdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0