Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda ərzaq bahalaşacaq, bəs kasıblar nə etməlidir? İqtisadçıdan vacib tövsiyələr

Market - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Abunə olmaq
Dövlət Xidmətinin rəisi əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyənləşdirilməsindən danışıb. İqtisadçı ticarət əlavəsi məsələsini Sputnik Azərbaycan-a şərh edib.
BAKI, 6 aprel — Sputnik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli parlamentdə sosial əhəmiyyətli əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyənləşdirilməsindən danışıb.
Qeyd edək ki, ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən satış qiyməti ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir. Başqa sözlə, ticarət əlavəsi malın alış qiyməti ilə satış qiyməti arasındakı fərqdir.
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında, əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyənləşdirilməsi məsələsinə münasibət bildirib.
Hazırda qiymət əmələ gəlmə bəzən saatlarla dəyişən məsələdir
Ekspert əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyən edilməsini müsbət hesab etmir: "Subyektlərin qiymət qoymasına müdaxilə etmə cəhdinin, bazar iqtisadiyyatı üzərində nəzarətin daha da artırılmasının bir effekti olmayacaq. Bu, problemləri daha da artıracaq. Hazırda qiymət əmələ gəlmə bəzən saatlarla dəyişən məsələdir. Bu tədbirləri həyata keçirmək üçün kadr imkanları azdır. Sərt tədbirlər effektiv olmayacaq. Bu, sahibkarların işinə müdaxilə olar. Bu addım bazardakı qiymətlərə heç bir təsir göstərməyəcək".
Kommunal haqları aşağı salınsın
Onun fikrincə, hazırda monopoliyaların, inhisarçıların üzərində diqqət artırılmalıdır: "Burada əsas məsələ rəqabətin təmin edilməsi, inhisarçılığa qarşı mübarizədir. Əgər subyekt monopolist deyilsə, onun qiymət qoymasına müdaxilə düzgün deyil. Bu şərtləri, qaydaları bazar təyin etməli, bazar tənzimləməlidir. Burada qiymət azalmasına gedilmək istənilirsə, ötən il qaldırılan kommunal haqları aşağı salınsın. Pərakəndə ticarət rəqabət qabiliyyətlidir, onlara müdaxilə etmənin heç bir effekti olmayacaq. Ölkəyə ərzaq məhsulları idxal edən əsas oyunçuların qiymət qoymasına diqqət edilməlidir".
© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 06.04.2022
Xalid Kərimli
Məhsul bolluğu yaradılmalıdır
O bildirib ki, bahalaşma fonunda əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyənləşdirilməsi zəruri deyil: "Əksinə antiinhisar fəaliyyəti güclənməli, rəqabət təmin edilməli, məhsul bolluğu yaradılmalıdır. Məhsul bolluğu olmadıqdan sonra bu addımların heç bir əhəmiyyəti yoxdur. Əgər sahibkar sıxışdırılsa, məhsul gətirməyəcək, satmayacaq və yaxud da altdan satacaq. Sovet dövründə də belə bir təcrübə var idi və effektiv deyildi".
Ərzaq bahalaşması davam edəcək
"Azərbaycanda ərzağın bahalaşması davam edəcək. Çünki dünyada ərzaq məhsulları bahalaşır. Təkcə fevral ayında dünyada ərzaq qiymətləri indeksi 4 faiz bahalaşıb. Ukraynada baş verənlər bu məsələni daha da ciddiləşdirib. Daşıma xərcləri artıb, taxıl məhsullarının qıtlığı yaranıb və s. Həssas əhali qruplarının sosial müdafiəsini gücləndirərək buna qarşı mübarizə aparmaq olar", - deyə iqtisadçı əlavə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görüş keçirilib
Qeyd edək ki, aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə görüşüblər.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən dövrdə xidmətin antiinhisar və haqsız rəqabət, dövlət satınalmalarına, keyfiyyət infrastrukturuna nəzarət, istehlakçıların hüquqlarının müdafiəsi kimi ümumi fəaliyyət istiqamətləri üzrə gördüyü işlərdən, əldə edilən nəticələrdən danışıb.
Xidmət rəisi sosial əhəmiyyətli əsas ərzaq məhsullarının dəyər zəncirindəki ticarət əlavələrinin müəyyənləşdirilməsindən, inflyasiya proseslərinin cilovlanması tədbirlərindən, təbii inhisarçılara dövlət nəzarətinin gücləndirilməsi, telekommunikasiya sahəsində, o cümlədən internet xidmətləri ilə bağlı aparılan optimallaşma işlərindən bəhs edib.
O, rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması üzrə Milli Strateji Proqramdan, Rəqabət Məcəlləsinin hazırlanması, dövlət satınalmaları haqqında, daxili ticarət haqqında qanunvericiliyin təkmilləşdirilməsi, bu sahələr üzrə təklif olunan yeni yanaşmalar barədə məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə deputatlar məhsulların bazarlara çıxışının çətinliklərindən, keyfiyyət standartlarının tətbiqinin genişləndirilməsindən, telekommunikasiya sahəsindəki qiymətlərin optimallaşdırılmasından söz açıblar. Millət vəkilləri inhisarçılıq və süni qiymət artımları ilə mübarizə, sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, dövlət satınalmaları sahəsində tenderlərin keçirilməsinin təkmilləşdirilməsi, elektronlaşmanın artırılması, yerli istehsalçı şirkətlərin bu tenderlərdə iştirakı ilə bağlı maneələrin aradan qaldırılması kimi məsələlər barədə fikirlərini bildiriblər.
Azərbaycandan ərzağın çıxarılması tənzimlənəcək
Azərbaycandan əsas ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların çıxarılması tənzimlənəcək. Bununla bağlı Nazirlər Kabineti qərar verib. Həmin məhsulların ölkədən çıxarılması ancaq İqtisadiyyat Nazirliyinin müsbət rəyindən sonra mümkün olacaq.
İqtisadiyyat Nazirliyi həmin malların ölkədən aparılması ilə bağlı müraciətə beş iş günü müddətində baxacaq və rəy verəcək. Bu il ölkəmizdən çıxarılması tənzimlənən malların siyahısı da artıq müəyyənləşib.
Ərzaq təhlükəsizliyinin təmin edilməsinə həsr olunan müşavirə
29 martda Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub.
Müşavirədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0