SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Spiker: Ermənistan ordusunun qalıqları Azərbaycan ərazilərindən tamamilə çıxarılmalıdır

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicAzərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Sahibə Qafarova bildirib ki, Üçtərəfli Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tamamilə çıxarılmalıdır.
BAKI, 5 aprel — Sputnik. Martın 28-29-da Qazaxıstanın Almatı şəhərinə işgüzar səfərdə məqsəd MDB-nin Parlamentlərarası Assambleyasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək idi.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar barədə də məlumat verib.
"Bildirdim ki, Azərbaycan Bəyanat çərçivəsində öhdəliklərinə sadiqdir və Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməli və münasibətlərin normallaşmasına çalışmalıdır. Biz Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan hələ də cavab gözləyirik", - spiker deyib.
"Məndən sonra çıxış edən Ermənistan parlamenti spikerinin Azərbaycana qarşı irəli sürdüyü, xüsusən, atəşkəs rejiminin pozulması barədə iddialara cavab olaraq dövlətimizin haqlı mövqeyini bütün iştirakçıların nəzərinə çatdırdım. Bildirdim ki, Üçtərəfli Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tamamilə çıxarılmalıdır. Bunu da qeyd etdim ki, "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur", - deyə S.Qafarova əlavə edib.
O diqqətə çatdırıb ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbi birləşmələrinin iştirakçıları Cenevrə konvensiyasına uyğun olaraq hərbi əsir deyillər:
"Bir daha bəyan etdim ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərmişdir və qarşı tərəfdən cavab gözləyir".
Spiker bildirib ki, Qazaxıstana işgüzar səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli təmaslar da olub. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko və Qazaxıstan Parlamenti Senatının sədri cənab Maulen Aşımbayev ilə görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0