Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda yalnız bir məktəb görmə məhdudiyyətli uşaqlara təhsil verir - RƏSMİ

məktəb  - Sputnik Azərbaycan, 1920, 05.04.2022
Abunə olmaq
Məktəbin nəzdində yaradılan mətbəədə Brayl əlifbası ilə dərsliklər və metodiki vəsaitlər çap olunur və müəssisənin gözdən əlil şagirdləri həmin dərsliklərlə təmin edilir.
BAKI, 5 aprel — Sputnik. Təhsil Nazirliyinin sistemində gözdən əlil uşaqlar üçün yalnız 1 müəssisə fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakıda 5 nömrəli Respublika xüsusi internat məktəbinin nəzdində kitabxana fəaliyyət göstərir. İnternat məktəbinin şagirdləri üçün kitabxanada səsli və brayl əlifbası ilə çap olunan kitablar mövcuddur.
Bu barədə Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın, görməməhdudiyyətli uşaqlar üçün məktəblərdə ayrıca kitabxana varmı, sualına cavab olaraq bildirilib.
Sorğuya cavab olaraq qeyd olunub ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində (gözdən əlil uşaqlar üçün) tam görməyən şagirdlərin tədrisi Brayl əlifbası əsasında aparılır.
Bununla yanaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə görmə məhdudiyyətli uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində yaradılan mətbəədə Brayl əlifbası ilə dərsliklər və metodiki vəsaitlər çap olunur və müəssisənin gözdən əlil şagirdləri həmin dərsliklərlə təmin edilir.
Nazirliyin məlumatında qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alan 309 nəfər şagirddən 109 nəfər qız, 200 nəfər isə oğlandır.
Bildirilib ki, son 5 ildə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində məzun olan şəxslərdən 48 nəfəri ali, 29 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olublar. Onlardan 4 nəfər məzun 500-dən yüksək bal toplayıb. Ali və orta ixtisas təhsili bitirən internat məktəbinin məzunları içərisindən 30 nəfəri müəssisədə pedaqoji fəaliyyət göstərir.
Qeyd olunub ki, internat məktəbinin şagirdləri müxtəlif illərdə respublikada keçirilən olimpiadalarda, həmçinin beynəlxalq yarışlarda iştirak ediblər: "Qolbol (görmə məhdudiyyəti olan uşaqların oynadığı idman növü) üzrə Azərbaycan milli komandasının 7 üzvü sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin şagirdləridir.
Hər il Azərbaycan Respublikası Milli Paraolimpiya Komitəsinin dəstəyi ilə müxtəlif ölkələrdə təşkil edilən yarışlarda iştirak edən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdlərindən ibarət milli komanda 2 dəfə Avropa çempionatında, 3 dəfə isə beynəlxalq idman yarışlarında, turnirlərində iştirak ediblər".
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün “Danışan kitabxana” yaradılıb. Orada peşəkar səviyyədə 300 səsləndirilmiş kitab yerləşdirilib. Kitabxana vasitəsilə 8 janrda – şifahi müasir, xarici, poeziya, tarixi, uşaq və klassik janrda ədəbiyyat dinləmək mümkündür.
Kitabxananın xüsusi telefon xidməti (1541) vasitəsi ilə 24 saat ərzində müraciət etmək olar. Qeyd edək ki, “Danışan kitabxana” layihəsi Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə 8-12 aprel 2019-cu il tarixlərində Cenevrə şəhərində keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində “WSIS Prize 2019” Forumu çərçivəsində həyata keçirilən müsabiqənin qalibi olub.
Göründüyü kimi, görmə məhdudiyyəti olan uşaqlar üeçün respublikada yalnız bir məktəb fəaliyyət göstərir. Bakının, eyni zamanda respublikanın digər ərazilərində yaşayan görmə məhdudiyyətli uşaqlaırn təhsil hüquqları "Danışan Kitabxana" istisna olmaqla, başqa necə təmin olunur, bu sual hələ də açıq olaraq qalmaqdadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0