Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın quş əti istehsalçıları hökumət rəsmiləri ilə görüşmək istəyir

© REUTERS / EMILY ELCONIN Hind quşu əti, arxiv şəkli
 Hind quşu əti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Qeyri-adekvat saxlama şəraitinə görə keyfiyyəti aşağı düşən quş əti məhsullarına alıcıların inamı azalır.
BAKI, 4 aprel — Sputnik. "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək niyyətindədir.
Bu barədə Sputnik Azərbaycan-a qurumdan verilən məlumatda bildirilib.
Məlumata görə, Assosiasiya rəhbərliyi iqtisadiyyat naziri Mikayıl Cabbarov, nazirliyin Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, kənd təsərrüfat naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirə etməyi xahiş edib:
"Hər bir ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas yolu yerli istehsalın yaradılması, inkişaf etdirilməsidir. Təqdirəlayiq haldır ki, son illərdə Azərbaycanda dövlət yerli istehsalçılara yönəlik bir sıra mühüm dəstək tədbirləri həyata keçirir. Ölkəmizdə əhalinin qida rasionunda mühüm yer tutan ərzaq məhsullarından biri də quş ətidir. Yerli istehsalçıların ölkəmizin bu məhsula tələbatını tamamilə ödəmək potensialı var. Lakin istehsal müəssisələrinin bu potensialı tam istifadə etməsi bir sıra səbəblərdən hələ ki, mümkün deyil. Bu səbəblər arasında iri pərakəndə ticarət şəbəkələrinin yaratdığı maneələr mühüm yer tutur. Bu şəbəkələr istehsalçılardan aldıqları məhsulların dəyərini vaxtında ödəmir, aylarla yubadır".
Onlar bildirir ki, bu kimi problemlər istehsal zəncirində ciddi ləngimələrə səbəb olur:
"Eyni zamanda şəbəkələrin bir çoxunda quş əti məhsulları tələb olunan şəraitdə saxlanmır. Bu isə istehsalçılar üçün məhsul itkisinə, istehlakçılar üçünsə qida təhlükəsinə səbəb olur. Bundan əlavə, qeyri-adekvat saxlama şəraitinə görə keyfiyyəti aşağı düşən quş əti məhsullarına alıcıların inamı azalır".
"Yerli quş əti istehsalçılarının üzləşdiyi bu problemləri ətraflı müzakirə etmək, onların aradan qaldırılmasına nail olmaq üçün biz əlaqədar dövlət qurumlarının rəhbərləri ilə görüşmək qərarına gəldik", - deyə İctimai Birlikdən verilən məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Supermarketdə arzaq dolu araba - Sputnik Azərbaycan, 1920, 31.03.2022
İQTİSADİYYAT
Azərbaycandan ərzağın çıxarılması tənzimlənəcək - ŞƏRH
Xəbər lenti
0