CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Altı ildə altı milyard dəfə ölüb-dirilmişəm" - Aprel şəhidinin anası

© SputnikAprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov
Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov  - Sputnik Azərbaycan, 1920, 03.04.2022
Abunə olmaq
"Görüblər ki, düşmənin gülləsinə tuş gələcəklər, özləri təyyarələrini maneəyə çırpıblar" - Rəna İsmayılova
BAKI, 1 aprel — Sputnik. Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov Kürdəmir rayonunun 1 saylı tam orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 2008-ci ildə oranı bitirdikdən sonra isə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq oranı da bitirir və hərbi hissələrin birində xidmətə başlayır.
44 günlük Vətən müharibəsində qələbə qazanmağımızda Aprel döyüşlərində göstərilən şücaətin də böyük rolu olub. Baş leytenant, pilot Əbubəkr İsmayılov belə qəhrəmanlardan biri olub. "Azərbaycan bayrağı" ordeni ilə təltif olunan Ə.İsmayılovun anası Rəna İsmayılova Sputnik Azərbaycan-a övladı ilə bağlı xatirələrdən danışır.
O, deyir ki, aprelin 1-də döyüşlər başlayanda Əbubəkr İsmayılov öz heyəti ilə gecə ikən Lələtəpəni alır:
"Oğlum Lələtəpəni azad edən əsas 3 pilotdan biri olub. 26 yaşı vardı, 6 ay idi ki, ona toy etmişdim, onun bir yadigarını görə bilmədim".
© SputnikAprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov
Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov  - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov
Lələtəpənin alınmasından 15-20 gün əvvəl keçirilən təlimlərin birində oğlu paraşütdən atılarkən ayağı burxulub:
"Ayağının burxulmasını məndən gizlədirdi ki, anam bilməsin, narahat olmasın. Döyüşlərə gedib Lələtəpəni alıblar. İkinci dəfə təkrar uçuşa qalxanda ondan 25 yaş böyük olan zabitlər deyib ki, sən ikinci uçuşa getmə, təzə ailə həyatı qurmusan, cavansan. Onlar deyib ki, bizim artıq istefaya gedən yaşımızdır, amma sən cavansan, getmə. Döyüş yoldaşları deyir ki, Əbubəkr bütün bunlara baxmayaraq geri çəkilməyib. Bildirib ki, verilən tapşırıqları axıra qədər yerinə yetirməli, son nöqtəsinədək düşməni qovub ona öz yerini göstərməlidir".
Beləcə Ə.İsmayılov yoldaşları ilə ikinci döyüşə qalxıb, döyüş yoldaşları ilə düşmənin əsas postunu darmadağın ediblər:
"Axırda mühasirəyə düşüblər. Görüblər ki, düşmənin gülləsinə tuş gələcəklər, özləri təyyarələrini maneəyə çırpıblar".
Ananın sözlərinə görə, oğlunun yaşının az olmasına baxmayaraq o, böyük bir aviasiyanın baş texniki idi:
"Oğlum Aprel döyüşlərində şücaəti ilə seçilib, qəhrəman olub. Şərəfli həyat yaşadı, elə bu şərəflə də dünyadan köçdü, alnımı açıq etdi, Vətən uğrunda canını fəda etdi. Onun bir arzusu var idi ki, Qarabağ azad olunsun. Şükür olsun ki, 44 günlük müharibədə Zəfər qazandıq, övladımın qanı yerdə qalmadı".
© SputnikAprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov
Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov  - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov
Rəna İsmayılova deyir ki, övladı məktəbdə də nümunəvi şagird olub:
"Onun dərsləri, məktəbi, təhsili ilə yaxından maraqlanırdım. Hər kəs övladını əziyyətlə böyüdür, mən də həmçinin. Amma işləyən ananın yükü daha çox olur. Oğlum oxumağa, mütaliəyə çox meyilli olduğu üçün ona baxanda sevinirdim. Heç vaxt məni incitməzdi, məktəbdə də nümunəvi şagird idi. Ən çox mütaliəni sevirdi. Sinif yoldaşları onunla bağlı xatirə dəftərində Əbubəkrin məktəb vaxtı hamıya örnək olmasından yazır. Sinif yoldaşları xatirələrdə yazırdı ki, ananı, Vətəni sevməyi Əbubəkrdən öyrəniblər. Onlar, döyüş yoldaşları da Əbubəkir şəhid olandan sonra mənə baş çəkdi. Döyüş yoldaşları deyirdi ki, biz hərbi hissəmizdə öz liderimizi itirmişik. Bu söz hər oğul haqda deyilmir".
Şəhid anası deyir ki, Aprel döyüşləri Azərbaycan topraqlarının 25 illik işğal tarixində böyük bir sıçrayış idi:
"Aprel döyüşləri bizim şanlı qələbəmiz oldu. Bundan sonra da, sağ olsun müzəffər Azərbaycan ordusu, qələbəni bizə qazandırdı".
Ana övladı ilə sonuncu dəfə aprelin 1-də danışarkən Ə.İsmayılov ona bir müddət telefonuna zəng çatmayacağı ilə bağlı məlumat verib ki, anası narahat olmasın:
"Zəng edəndə səsindən nə qədər sevindiyini hiss edirdim. Sonda dedi ki, narahat olma, biz irəliləyirik, vaxt tapanda, özüm səninlə əlaqə saxlayacağam. "İrəliləyirik" sözü içimdə bir şübhə yaratmışdı. Sonrakı gündə zəng etdim, ona zəng çatmadı. Artıq içimdə şübhə böyüyürdü. Çünki Əbubəkr hər zaman fürsət tapıb iki saniyəlik də olsa, səsini mənə eşitdirərdi ki, narahat olmayım. Artıq, sən demə, qohumlar onun ölüm xəbərini alıbmış. Sadəcə onlar bu xəbəri bizə necə çatdırsınlar, onu bilmirdilər. Camaatın, icra nümayəndəsinin qapımıza gəlməsindən vəziyyəti başa düşdüm. Digər oğlumun telefonundan Əbubəkrin şəhid olması xəbərini aldım. O anda bir onu bildim ki, arxadan vurulmayıb, düşmənə sinə gərib, onu yerində otuzdurub, bizə baş ucalığı gətirib".
© SputnikAprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov
Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov  - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Aprel döyüşlərinin şəhidi Əbubəkr İsmayılov
"Aprelin 1-i onu evdən yola salanda arxasınca su atmışdım. İndi mənə ondan danışmaq çətindir... Onsuz keçən bu 6 ildə 6 milyard dəfə ölüb-dirilmişəm, həyatım bu illərdə çox əzablı olub. Balam elə uşaqlığından nəfəsim, dayağım idi. Onun ölümündən sonra xəstəliklər tapdım. Hər zaman həsrətlə yaşayıram ki, kaş ki, nəfəsi nəfəsimə dəyərdi. İndi ondan yadigar qalan videolara, çıxışlara, fotolara baxıram. Başqa heç bir şey mənə təsəlli deyil", - ana dərdini bölüşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Hikmət Məmmədov - Sputnik Azərbaycan, 1920, 02.04.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Böyük zəfərin başlanğıcının canlı şahidi
Xəbər lenti
0