CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Quru sərhədlərin açılması niyə daşa dirənib?

© Photo : REPORTSərhəd
Sərhəd - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Həm Gürcüstanla, həm də Dağıstanla sərhəddə xeyli sayda Azərbaycan vətəndaşı ölkəyə gəlmək üçün quru sərhədlərin açılmasını gözləyir.
BAKI, 1 aprel — Sputnik. Dünyanın əksər ölkələrində pandemiyadan sonra quru sərhədlərin açılması müşahidə olunur. Qonşu dövlətlərdən Rusiya, Gürcüstan, Türkiyə quru sərhədləri açsa da, Azərbaycan nədənsə bu barədə qərar verməyə tələsmir. Yaranmış vəziyyət üzündən xeyli soydaşımız Rusiyadan, Gürcüstandan Azərbaycana gəlməkdə çətinlik çəkir. Hətta Dağıstanla Azərbaycan sərhədində xeyli soydaşımız aylardır çadırlarda quru sərhədlərin açılmasını gözləyir.
Eyni vəziyyət Gürcüstan-Azərbaycan sərhədində də yaranıb. Hava yolu ilə ölkəmizə gəlməyə maddi imkanı çatmayan soydaşlarımız səbirsizliklə quru sərhədlərin açılacağı günü gözləyir. Onlardan bəziləri əlacsız qalaraq yaxınlarının dəstəyi ilə hava yolu ilə Azərbaycana gəlməli olurlar.
Onlardan biri də Kazım Şabanovdur. Şəki sakini olan K.Şabanov Gürcüstanla Azərbaycan arasında quru sərhədi bağlı olduğundan qardaşının hüzr mərasiminə gəlmək üçün hava yolundan istifadə etmək məcburiyyətində qalıb:
"Gürcüstandan Azərbaycana quru yolu ilə Şəkiyə gəlmək 10 manata mümkün olduğu halda, mən 150 manata təyyarəyə bilet almalı oldum. Qardaşım dünyasını dəyişdiyindən Azərbaycana gəlməyim vacib idi. Quru sərhədlərinin bağlı olması məni on qat ziyana saldı. Nə qədər Azərbaycan vətəndaşı var ki, öz şəxsi avtomobilləri ilə vətənə gəlmək üçün quru sərhədlərin açılmasını gözləyir. Gürcüstan quru sərhədi açsa da, Azərbaycan tərəfi açmır", - deyə vətəndaş gileylənir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, mövcud pandemiya şəraiti ilə əlaqədar quru sərhədləri nəqliyyat vasitələri və sərnişinlər üçün bağlıdır: "Quru sərhədin açılması ancaq Operativ Qərargahın müvafiq qərarından sonra mümkündür".
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, quru sərhədlərin bağlı olması xarici ölkələrdə qalan Azərbaycan vətəndaşları üçün ciddi problem yaradır: "Biz öz vətəndaşlarımıza sahib çıxmalıyıq. Onları çətinə salan addımlardan çəkinmək lazımdır. Məlumatlara görə, həm Gürcüstanla Azərbaycan, həmçinin də Dağıstan-Azərbaycan sərhədində xeyli sayda Azərbaycan vətəndaşı ölkəyə gəlmək üçün quru sərhədlərin açılmasını gözləyir. Onların maddi imkanı aşağı olduğundan, bəziləri şəxsi avtomobilləri ilə sərhədi keçdiklərindən quru sərhədlərin açılmasını gözləyirlər".
F.Mustafa hazırkı pandemiya şəraitinin quru sərhədlərin açılmasına mane olmadığını bildirir: "Pandemiyanın bir sıra qadağaları yumşaldılıb. Mən quru sərhədlərin açılmasında da bir problem görmürəm. Yəni hazırda quru sərhədlərin bağlı qalmasında pandemiya rol oynamır. Düşünürəm ki, bu təhlükəsizliklə bağlı məsələdir. Çünki quru sərhədləri açan dövlətlər var. Amma məndə olan məlumata görə, hazırda azərbaycan hökumətinin quru sərhədləri açmaq istəyi yoxdur".
Deputat ilk növbədə Rusiya və Gürcüstanla quru sərhədlərin açılmasının məqsədəuyğun olduğunu söyləyib: "Əvvəlcə Rusiya və Gürcüstanla quru sərhəd açıla bilər. Sonrakı mərhələdə İranla da quru sərhəd açılmalıdır".
Nazirlər Kabinetindən isə hələki quru sərhədlərin açılması ilə bağlı qərar olmadığını bildirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0