Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Paşinyan Qarabağı ortaya atmaqla müxalif qüvvələri sakitləşdirməyə çalışır?

© AFP 2024Nikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Ermənistan müxtəlif bəhanələrlə yekun sülh sazişini bağlamaqdan yayınır deyən millət vəkili qeyd edib ki, bu ölkə 44 günlük müharibədəki ağır məğlubiyyətinin nəticələrinin fərqindədir.
BAKI, 1 aprel — Sputnik. Martın 30-da Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş təşkil edilib.
Sputnik Azərbaycan Azərbaycan və Ermənistan arasında yüksək təmaslar fonunda sülh sazişinin imzalanma perspektivləri ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun və politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, bu təmasları konstruktiv hal kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, belə görüşlər müzakirə olunan məsələlərdə ortaq nöqtəyə gəlmək üçün vacibdir: "Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın genişləndirilməsi üçün hər zaman təşəbbüslərlə çıxış edib. Azərbaycan Ermənistanı da bu təşəbüslərə qoşulmağa dəvət edib".
Ermənistan müxtəlif bəhanələrlə yekun sülh sazişini bağlamaqdan yayınır deyən millət vəkili qeyd edib ki, bu ölkə 44 günlük müharibədəki ağır məğlubiyyətinin nəticələrinin fərqindədir: "Məğlub tərəf kimi Ermənistan sülh sazişinə imza atmalıdır. Azərbaycan Vətən Müharibəsində qələbə qazanmaqla özünün güc mövqeyini müəyyən edib. Yekun sülh sazişini də özünün maraqlarına uyğun şəkildə imzalamağa hazırdır".
Elşad Mirbəşiroğlu hesab edir ki, yüksək səviyyəli rəsmilər arasında görüşlərin keçirilməsi vacibdir: "Amma Azərbaycan tərəfi Ermənistanın kənardan aldığı təlimatlarla yekun sülh sazişindən yayınmaq cəhdlərinin fərqindədir. Ermənistan yekun sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan edir, ancaq bu istiqamətdə hər hansı addım atmır".
"Ermənistan tərəfi verdiyi açıqlamaların arxasında dayana bilmir. Ötən ilin dekabrında Paşinyan bildirmişdi ki, sərhədlərin delimitasiya və demarkasiyası üçün işçi qrupunun yaradılmasına hazırdırlar, ancaq hələlik heç bir əməli fəaliyyət ortaya qoymayıblar. Ermənistan ərazisindən dəmiryolu xəttinin çəkilməsinə razılığını bildirmişdi. Eləcə də nəqliyyat kommunikasiyasının açılacağına dair söz vermişdi, lakin bunların da heç birini biz görmürük", - deyə millət vəkili bildirib.
Brüssel görüşünü Azərbaycanın mövqelərinin bir daha təqdim olunması baxımından əhəmiyyətli adlandıran millət vəkili əlavə edib ki, bununla ölkəmiz konstruktiv addımlar atmaqda maraqlı olduğunu bir daha nümayiş etdirib.
2022-ci il aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşlə bağlı isə Elşad Mirbəşiroğlu deyib ki, həmin görüşdə Ermənistanın konkret addımlar atması ilə bağlı tələblər səsləndirilə bilər.
Əlavə edək ki, Brüsseldə keçirilən görüşdən sonra Paşinyan da açıqlamalarla çıxış edib. O bildirib ki, Qarabağda ermənilərin müdafiəyə ehtiyacı var.
Eyni zamanda Azərbaycan Prezidenti martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüş zamanı deyib ki, Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsip beynəlxalq hüququn normalarını əks etdirir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, hazırkı situasiyada Azərbaycanın çəkinəcəyi hər hansı bir şey yoxdur: “Ancaq Ermənistan tərəfi sülh sazişi və Qarabağı ayrı-ayrı məsələlər kimi təqdim etməyə çalışır. Bu isə mümkün deyil. Paşinyan bu gün Qarabağı ortaya atmaqla ona müxalif olan qüvvələri sakitləşdirməyə çalışır. Sülh sazişində iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımaları ilə bağlı mütləq bir bənd olmalıdır”.
“Mən Ermənistanla tezliklə sülh sazişi imzalanacağı məsələsində o qədər də optimist deyiləm. Ancaq hər halda danışıqların özünün başlaması belə müsbət tendensiyadan xəbər verir. Dünən Brüsseldə yüksək səviyyəli rəsmi şəxslər arasında keçirilən görüş də nəbz yoxlaması idi. Sülh prosesində Aİ-nin də iştirakçı olması faydalı olacaq deyə düşünürəm. Brüsselin vasitəçi olması, həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır”, – deyə politoloq vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0